• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vəfa Quluzadə vəfat etdi

  • Hadisə
  • 1 May 2015 23:45
  • 3 688 Baxış
Vəfa Quluzadə vəfat etdi

Azərbaycanın tanınmış politoloqu Vəfa Qulzuadə vəfat edib. V. Quluzadənin səhhəti qəflətən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Vəfa Quluzadə — Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti. Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olub.

21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Atası Mirzəağa Quluzadə - ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır.

1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdır və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyir. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalır.

Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

V.Quluzudə, H.Əliyev administrasiyasının üzvlərindən (hətta daha aşağı vəzifə sahiblərindən belə) fərqli olaraq, prezidentin siyasi opponentlərinə qarşı çıxışlar etmirdi. Bu da onun professional imicini müəyyən edirdi.

1999-cu ilin sonlarına yaxın, xarici işlər naziri Tofiq Zülfüqarov və prezident Heydər Əliyev administrasiyasının rəhbəri Eldar Namazovla bir vaxtda istefa verdi. İstefa ərəfisində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.

Lakin müşahidəçilər göstərilən səbəbləri diplomatik addım hesab edirlər. Əslində isə onun bu hərəkəti Azərbaycan-Ermənistan danışıqlarından uzaqlaşdırılmasına etiraz kimi dəyərləndirilirdi.

Vəfa Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilir. Onun SSRİ XİN-dəki dosyesində yazılıb:

"Fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır."

Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə evli idi. Bir qızı və dörd nəvəsi var. Vəfa Quluzadə 1 May 2015-ci ildə vəfat edib. Oğlu Murad 2010-cu ildə 36 yaşında ikən onkoloji xəstəlikdən vəfat edib.

Allah rəhmət etsin!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR