• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azyaşlı oğlunun gözü qarşısında atasını öldürdü – Dəhşətli cinayətin təfərrüatı

  • Hadisə
  • 13 May 2015 10:21
  • 1 650 Baxış
Azyaşlı oğlunun gözü qarşısında atasını öldürdü – Dəhşətli cinayətin təfərrüatı

Astara rayon sakini, 1991-ci il təvəllüdlü İlkin Əhmədov atası, 47 yaşlı Mahir Əhmədovu bıçaqlayaraq öldürüb. Publika.az xəbər verir ki, 2013-cü ilin sentyabrında baş vermiş bu hadisənin motivində Mahir Əhmədovun spirtli içkilərə meyilli olması durur.

Mahir hər gün yaşadığı Astara rayonu, Maşxan kəndindəki evinə sərxoş gəlib. O, mütəmadi olaraq həyat yoldaşı Gülbahar Əhmədovanı, oğlu İlkin də daxil olmaqla, həmin ünvanda yaşayan digər ailə üzvlərini nalayiq sözlərlə təhqir edib.

Azyaşlı oğlunun gözü qarşısında atasını öldürdü

Növbəti dəfə - 27 sentyabr 2013-cü il tarixdə, saat 17 radələrində Gülbaharın evə gec gəlməsini bəhanə edən Mahir onunla mübahisə edib. Sərxoş olan Mahir bunu bəhanə edərək arvadının ünvanına nalayiq sözlər işlədib.

Mahir bıçaqla arvadını hədələyib. İlkin Əhmədov atasının bıçağı Gülbaharın boğazına dirədiyini görüb və bıçağı atasının əlindən alıb. Atasının əlindən bıçağı alan İlkin ondan qisas alaraq qətl hadisəsini törətmək qərarına gəlib. İlkin həmin bıçaqla kiçik qardaşı Çoşqunun, həmçinin anası Gülbaharın, azyaşlı oğlu Barışın gözləri qarşısında atasına 22 bıçaq zərbəsi vurub.

Üç uşaq anası qatil oğlunu həbsdən xilas etmək istədi

Hadisədən sonra Gülbahar Əhmədova Astara Rayon Polis Şöbəsinə gedərək ərini bıçaqlayaraq öldürdüyünü deməklə məsuliyyəti öz üzərinə götürüb.

3 uşaq anası olan 1970-ci il təvəllüdlü Gülbahar Ağaşan qızı Əhmədova cinayəti boynuna götürsə də, araşdırmalardan sonra qətlin 22 yaşlı oğlu tərəfindən törədildiyi müəyyənləşdirilib. İlkin Əhmədov tutularaq istintaq orqanlarına təhvil verilib.

İlkin Əhmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mehdixan Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Atam bıçağı anamın boğazına dirədi”

İlkin Əhmədov bildirib ki, sentyabrın 27-də, saat 16 radələrində anası pasport almaq üçün Lənkəran şəhərinə gedib və gec qayıtdığı üçün anası ilə atası mübahisə edib: “Səs-küyə evdən çölə çıxdıqda anamın hasarın dibində oturduğunu gördüm. Atam isə anamı nalayiq ifadələrlə təhqir etdikdən sonra iş otağına keçdi və səsdən onun cihazda nə isə itilədiyini başa düşdüm. Bir neçə dəqiqə sonra atam həyətdə oturmuş anamın yanına gəldi və cibindən qara dəstəkli bıçaq çıxararaq boğazına dirədi”.

“Atamın qulağını kəsdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt anası Gülbahar əli ilə bıçağı tutub: “Bu zaman bıçaq anamın əlini kəsdi. Yanımızda olan qardaşım Coşqun bıçağı atamın əlindən almaq istəsə də, gücü çatmadığından özüm onlara yaxınlaşdım və atamın bıçaq olan əlindən tutdum. Bıçağı atamın əlindən almaq istədim. Bu zaman atam əlini fırlatdı və bıçaq əlində ola-ola qarnına batdı. Dərhal bıçağı atamın əlindən alaraq qulağının arxa nayihəsinə bir zərbə vurdum. Atamın qulaq nayihəsini kəsdiyim üçün qan fışqırdı. Bundan sonra sayını dəqiq bilməsəm də, atama bir neçə bıçaq zərbəsi endirdim. Məni atamdan anam Gülbahar, qardaşım Coşqun ayıraraq kənara itələdilər. Sonra bıçağı şalvarımın yan cibinə qoydum. Bu zaman atam yaxınlıqda olan baltanı götürdü və üstümə gələrkən çoxlu qan itirdiyinə görə yerə yıxıldı. Sonra qonşular gələrək atamı maşınla xəstəxanaya apardılar. Cibimdə olan bıçağı harasa tulladım”.

“Mahir küçə söyüşləri söyərək, mənə yumruq və təpiklə zərbələr vurdu”

Cinayət işi üzrə şahid qismində ifadə verən Gülbahar Əhmədova məhkəmə istintaqı zamanı vəfat edib. Bu səbəbdən də Gülbahar Əhmədovanın istintaqa verdiyi ifadəsi məhkəmə baxışında elan edilməklə tədqiq edilib. O, ifadəsində göstərib ki, əvvəllər bir neçə dəfə Mahir içkili vəziyyətdə onu döyərək xəsarət yetirib, sonradan araşdırma zamanı şikayətindən imtina edib: “27 sentyabr 2013-cü il tarixdə pasport almaq üçün Lənkəran şəhərinə getmişdim. Lakin sənədlər tam hazır olmadığından pasport ala bilmədim. Saat 16 radələrində evə gəldim. Evdə ərim, gəlinim və oğlanlarım olub. Mahir artıq sərxoş idi. Mahir məndən pasportu alıb-almadığımı soruşdu. Pasportu almadığımı biləndə küçə söyüşləri söyərək mənə yumruq və təpiklə zərbələr vurmağa başladı”.

“Gəlinim Mahirin yenə də araq içdiyini bildirdi”

Şahidin sözlərinə görə, bu zaman balaca nəvəsi ağlayaraq onun yanına gəlib: “Nəvəmin ağlamasına baxmayaraq, Mahir hərəkətlərini dayandırmadı və məni vurmaqda davam etdi. Kiçik oğlum Coşqun atasını dayandırmaq üçün ona yalvarmağa başladı. Bu vaxt həyətə düşərək polisə zəng edəcəyimi bildirdim, oğlum Coşqun da yanıma gəldi, sakitçilik olduğundan gəlinim Sevildən nə baş verdiyini soruşdum. Gəlinmim Mahirin yenə də araq içdiyini bildirdi. Həyətdə olduğum vaxt Mahirin öz kabinetində nə isə itilədiyini eşitdim. Bunu eşidən kimi Coşquna bildirdim ki, Mahir birdən bıçaq itiləyər. Sonra Mahir həyətə düşərək mənə yaxınlaşanda qaçmaq istədim. Mahir dedi ki, qorxma, səninlə işim yoxdur, döyməyəcəm, sənə sözüm var.

Buna baxmayaraq, yaxınlaşaraq saçımdan tutdu və məni geri çəkdi. O, dəmir darvazanın yanında mişar daşlarının üstündə oturmağımı tələb etdi. Mahir Lənkərandan gec gəldiyimi bəhanə edərək söyüşlər işlətdi və yumruğu, dirsəyi ilə mənə zərbələr vurdu. Onun əlindən çıxmaq istədikdə, yenidən hasarın dibində olan daşların üstündə oturmağa məcbur etdi”.

“Ərimi öldürdüyümü deməklə oğlumu məsuliyyətdən xilas etmək istədim”

Gülbahar Əhmədova bildirib ki, növbəti dəfə Mahirin əlindən çıxmaq istəyib: “Bu zaman Mahir saçlarımdan tutaraq bıçağı çıxardı. Mahir bıçağı boynuma yaxınlaşdırmaq istədi. Bu zaman əlimlə bıcağın iti yerindən bərk sıxıb bıçağın boynuma yaxınlaşmasının qarşısını aldım. Orada olan oğlum Coşqun atasını sakitləşdirmək istədi. Mahir Çoşquna məhəl qoymadı. Həmin vaxt böyük oğlum İlkin də iki yaşlı nəvəm Barışla bizdən bir qədər aralıda həyətdə olub. İlkin uşağı qucağından yerə qoyaraq bizə yaxınlaşdı. Bu zaman mən Mahirin əlindən çıxdım. Həmin vaxtı İlkin Mahirin bıçaq olan əlini tutdu və bıçağı Mahirə tərəf çevirəndə boğazına dəydi. Mahirin boğazından qan fışqırdığından həyəcanımdan onlara tərəf baxa bilmədim. İlkinin Mahirə neçə bıçaq zərbəsi vurduğunu görməmişəm. Həmin vaxtı oğlum Coşqun da orada olub. Çoşqun İlkinin əlindən bıçağı alaraq həyətdə hasarın dibinə tullayıb. Sonra Mahir baltanı götürərək İlkinin üzərinə gəldi. Bu zaman mən küçəyə qaçaraq qonşuları köməyə çağırdım. Qonşular Mahiri xəstəxanaya aparıb. Mən də xəstəxanada olarkən polislərə ərim Mahiri özüm öldürdüyümü və bıçağın atıldığı yeri dedim.Ərimi öldürdüyümü deməkləoğlumu məsuliyyətdən xilas etmək istədim. Lakin üzləşmə zamanı İlkin hadisəni olduğu kimi danışdı”.

“Həmin səhnədən mənən sarsılmışam və əzab çəkmişəm”

Şahidin sözlərinə görə, oğlu cinayəti etiraf edəndən sonra düzgün ifadə verib: “Oğlum İlkin Mahiri bıçaqla vurub. Bu hadisəni oğlum Coşqun və İlkinin iki yaşlı uşağı Barış görüb. Mahirin məni incitməsinə baxmayaraq, onun ölməsini istəməmişəm. Bu hadisə mənə çox pis təsir edib. Həmin səhnədən çox mənəvi sarsılmışam və əzab çəkmişəm. Həmin hadisə uşağın da psixikasına pis təsir edib və uşaq bir neçə gün rahat yata bilməyib. Oğlum İlkinin ərim Mahiri bıçaqla vurması və ərimin qan itirərək ölməsi – hadisənin bu cür yekunlaşmasını arzu etməmişəm. Mahir nə qədər mənə qarşı pis olsa da, onun öldürülməsi mənə pis təsir edib”.

Məhkəmənin hökmü ilə İlkin Əhmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İlkin Əhmədovun vəkili apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Müdafiə tərəfinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, İlkin Əhmədovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR