Gecə klubunda törədilən qətllə bağlı yeni xəbər
Bizi izləyin

Hadisə

Gecə klubunda törədilən qətllə bağlı yeni xəbər

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Emin Ağazadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən “Korol” gecə klubunun qarşısında Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayev qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib.

Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb. Bu zaman Emin Ağazadə üstündə gəzdirdiyi bıçaqla Vüsal Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Ağazadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Ağazadə cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə. müdafiə tərəfinin apelyasiya şikayəti təmin edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm