• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Fransız kefdə, yunan acdır, ingilis qayğılı... Azərbaycan isə nəhənglərə dərs verir – HESABAT

  • Hesabat
  • 1 Noyabr 2015 16:00
  • 1 286 Baxış
Fransız kefdə, yunan acdır, ingilis qayğılı... Azərbaycan isə nəhənglərə dərs verir – HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı böhranın acı nəticələri ilə üz-üzə gəldi. Neft şirkətləri gəlirlərinin kəskin azaldığını açıqladı, “Deutsche Bank” işçilərinin sayını azaltmağa qərar verdi, Rusiyanın ən böyük hava yolu şirkəti “Transaero” iflas olması səbəbindən lisenziyası ləğv edildi. Eləcə də Çində tək uşaq siyasətinə son verildi, Fransada işsizlər azaldı, İngiltərə iqtisadiyyatı üçün sürətli artım dövrü sona çatdı, Yaponiya Mərkəzi Bankı isə inflyasiyanı yüksəltməkdən ötrü baş sındırır...

“Səmaaltı imperiya”da bayramdı...

Başlayaq Çindən. Çin Xalq Respublikasında 1979-cu ildən bəri tətbiq edilən tək uşaq siyasətinə son verildi. Bundan sonra yazıq çinlilər iki uşaq sahibi ola biləcəklər. Qərar təkcə ailələri deyil, biznes sektorunu da sevindirdi. Körpə və uşaq məhsulları sektorunda fəaliyyət göstərən şirkətlərin səhmləri bahalaşdı. Konkret olaraq “China Child Care”in hissələri Honq-Konq Birjasında 40 faiz dəyər qazandı.

Yeri gəlmişkən, beynəlxalq investisiya təşkilatı “Credit Suisse” qadağa ləğv edilən kimi hesablama aparıb. Və belə qənaətə gəlib ki, Çində gələn il 6 milyon uşaq dünyaya gələcək.

Beynəlxalq Valyuta Fondu (BVF) isə Çin valyutası ilə bağlı uzaqgörənlik edib. BVF iddia edir ki, yuan yaxın zamanlarda ehtiyat pul vahidi səbətinə daxil olacaq.

Qeyd edək ki, hazırda BVF-nin ehtiyat səbəti dollar, avro, funt-sterlinq və yendən formalaşıb.

İllərdir inflyasiyanı yüksəltmək məqsədilə tər tökən Yaponiya Mərkəzi Bankı (BOJ) yenə pul genişləmə proqramını dəyişməməyə qərar verdi. O cümlədən inflyasiyanın 2 faizə salınması hədəfi üçün nəzərdə tutulan müddəti 6 ay geri çəkdi.

Qeyd edək ki, Yaponiyada qida məhsullarının qiyməti sentyabr ayında ikinci dəfə aylıq eniş nümayiş etdirib.

Fransız xalqı kef edir...

Avrozonada isə illik inflyasiya 0 faiz olacaq. Bölgədə istehlak qiymətləri oktyabrda illik əsasda dəyişiklik göstərməyib. İnflyasiya sentyabr ayında mənfi 0,1 faiz olub. Spirtli içkilər, tütün məhsullarının və qidanın qiymətində 1,5, xidmət sektorunda 1,3, sənaye məhsullarında isə 0,4 faiz artım qeydə alınıb. Enerji məhsullarının qiyməti isə 8,7 düşüb. Mütəxəssislər məhz bu faktın qiymət indeksində artıma maneə törətdiyini irəli sürürlər. Avropa Birliyi Statistika Ofisinin (“Eurostat”) açıqlamasına görə, 19 ölkəni əhatə edən Avrozonada işsizlik 2012-ci ilin yanvar ayından bu yana ən aşağı səviyyəyə düşüb. Belə ki, sentyabr ayında işsizlik nisbəti avqustdakı 10,9 faizdən 10,8 faizə enib. 2014-ci ilin sentyabr ayında isə bu nisbət 11,5 faiz idi. Ən yüksək işsizlik nisbəti 25 faizlə Yunanıstanda, ən aşağı işsizlik səviyyəsi isə 4,5 faizlə Almaniyada qeydə alınıb.

28 üzvdən ibarət Avropa Birliyində də işsizlik avqustdakı 9,4 faizdən sentyabr ayında 9,3 faizə düşüb.

İngiltərə iqtisadiyyatı bu ilin 3-cü rübündə proqnozları doğrultmayaraq cəmi 0,5 faizlik iqtisadi artım nümayiş etdirib. Xatırladaq ki, İngiltərədə ilin 2-ci rübündə iqtisadi artım 0,7 faiz təşkil etmişdi. Deyilənə görə, inşaat sektorunun zəifləməsi, eləcə də istehsalat sektorundakı daralma iqtisadi artıma təsir edib. Onu da qeyd edək ki, İngiltərə Mərkəz Bankı ölkə iqtisadiyyatı ilə bağlı artım və inflyasiya proqnozlarını noyabrın 5-də açıqlayacaq. İqtisadçılar isə İngiltərə iqtisadiyyatı üçün sürətli artım dövrünün sona çatdığını vurğulayırlar.

Fransız əhli yenə kef edir. Sentyabr ayında ölkədə işsizlərin sayı 2007-ci ildən sonra aylıq əsasda ən böyük eniş nümayiş etdirib. Bu ayda ölkədəki işsizlərin sayı 0,7 faiz azalaraq (23 min 800) 3 milyon 547 min 800 nəfər təşkil edib. İş Nazirliyinin məlumatlarına görə, gənc işsizlərin sayı da son dörd ayda azalıb. Məsələnin maraqlı tərəfi isə əvvəlki illə müqayisədə Fransada işsizlərin sayının 3,1% artmasıdır.

İş dünyası

Yola saldığımız həftə neft şirkətləri qan ağladı. Konkret olaraq, gəlirləri azalan BP xərcləmələrində kəsintiyə getməyə hazırlaşır. BP bu ilin iyul və sentyabr ayları arasındakı qazancının 1,8 milyard dollar olacağını açıqlayıb. İqtisadçılar isə bu rəqəmin 1,2 milyard dollar ətrafında olacağını proqnozlaşdırırlar. Bütün hallarda gəlirləri 40 faiz azalan şirkət böyük həcmdə ixrisarlara getməyi düşünür.Analitiklər isə bildirir ki, bütün böyük neft şirkətləri, tədarükçülər neftin qiymətinin ucuzlaşması fonunda doğru yolu tapmağa çalışırlar. Çarəsiz gözləmə mövqeyindədirlər: “Kiminsə onlara “hər şey bitdi, keçmişdəki qiymət səviyyəsinə qayıdırıq” deyəcəyinə ümid edirlər”. BP 2016-cı ildə xərcləmələrinin 2014-cü illə müqayisədə 6 milyard dollar az olacağını açıqlayıb. Şirkət bu ilin 9 ayında da əməliyyat xərclərində 3 milyard dollar kəsintiyə gedib.

“Royal Dutch Shell”in gəlirləri də 70 faiz azalıb. Bu ilin üçüncü rübündə şirkətin gəliri 1,6 milyard avro olub. Neftin ucuzlaşmasının təsir göstərdiyi şirkətin gəliri 9 ayda ötən ilin eyni dövrünə nisbətən 70 faiz azalıb.

Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” 15 ildə ilk dəfə rübü zərərlə başa vurub. Təkcə iyul-sentyabr aylarında “Volkswagen”in zərəri 3 milyard 480 milyon avro olub. Məlumat üçün bildirək ki, ötən ilin müvafiq dövründə şirkət 3 milyard 230 milyon avro gəlir əldə edib. Son iki ayda 11 milyon avtomobilini geri çağıran “Volkswagen” bu əməliyyata 6,7 milyard avro xərcləməyi planlayır.

Dərd gələndə, batmanla gələr... “Deutsche Bank” 10 ölkə üzrə 9 min nəfər işçisini işdən çıxarmağa hazırlaşır. Bankın rəhbəri bildirib ki, Almaniya və xaricdəki bəzi şöbələrini bağlayacaqlar. Bəzi ölkələrdə isə, ümumiyyətlə, fəaliyyətlərini dayandıracaqlar. Bu ilin 3-cü rübündə zərərinin 6 milyard avro olduğunu açıqlayan “Deutsche Bank” 2018-ci ilə qədər 103 min əməkdaşının sayını 77 minə endirməyi hədəfləyir.

Rusiya Nəqliyyat Nazirliyi isə iflas edən “Transaero”nun lisenziyasının ləğv edildiyini açıqladı. Şirkətin satdığı biletlər üzrə uçuşları “Aeroflot” və digər Rusiya hava yolu şirkətləri həyata keçirəcək.

Məlumat üçün bildirək ki, 1990-ci ildə yaradılan “Transaero” “Aeroflot”dan sonra Rusiyanın ən böyük ikinci hava yolu şirkəti idi. Lakin oktyabrın 1-də 3,9 milyard dollar borcu olduğunu və iflas etdiyini açıqladı.

Evin içi...

Gəldik çatdıq ölkəmizə. Azərbaycanda həftənin önəmli hadisəsi dövlət başçısı İlham Əliyevin “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması ilə bağlı fərmanı oldu. Beləliklə, əvvəlkindən fərqli olaraq Fond hər hansısa qurumun struktur vahidi kimi yox, məhz müstəqil hüquqi şəxs (ASC) kimi fəaliyyət göstərəcək. İlk dəfə olaraq ipoteka ilə alınan mənzillərin kv.m-ə qiymətinə məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, alınacaq yaşayış sahəsinin 1 kv.m-nin qiyməti ipoteka kreditinin verilmə tarixinə həmin satış ərazisində (zona üzrə) 1 kv.m-in orta bazar qiymətindən artıq olmamalıdır. Orta qiymət zonalar üzrə müəyyən ediləcək və onun müəyyən edilməsi qaydasını Nazirlər Kabineti 1 ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq edəcək. Bazar dəyərinin dəyişkənliyini nəzərə alanda, belə başa düşmək olar ki, müəyyən edilmiş göstəricilər dövri olaraq yenilənəcək. Dəyər məhdudiyyəti ancaq ekonom sinfinə aid və orta yerləşmə şəraiti olan mənzillərin alışına şərait yaradacaq.

İkinci önəmli hadisə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business 2016” hesabatı oldu. Hesabatda ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. Hesabatda 3 göstərici (”Biznesə başlama", “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması”) üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilib.

Ümumiyyətlə, əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə, “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə və sair irəliləyib.

“Doing Business 2016" hesabatında Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında ”Biznesə başlama" göstəricisi üzrə 7-ci, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci, “Vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 36-cı, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 40-cı yerdədir. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

Onu da qeyd edək ki, hesabatdakı bəzi göstəricilərə görə, Azərbaycan hətta ABŞ-ı, Almaniyanı, Yaponiyanı belə qabaqlayır.

"SOCAR Türkiyə Enerji"nin Petkim Limanına (“Petlim”) sərmayələrindən də xəbər var. Belə ki, yatırımlar tamamlanıb. Bu barədə SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkiyə Eneji"nin baş direktoru Kənan Yavuz bildirib. K.Yavuzun sözlərinə görə, “Petlim” Ege bölgəsinin ən böyük, Türkiyənin isə üçüncü böyük limanıdır: "Limanımızın rəsmi açılışı Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə çox yaxında olacaq".

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR