• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda ilk addımlar: elit təbəqənin sevimli oyunu - REPORTAJ

  • İdman
  • 5 Oktyabr 2015 13:00
  • 787 Baxış
Bakıda ilk addımlar: elit təbəqənin sevimli oyunu - REPORTAJ

Azərbaycanda idmanın bütün növlərinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Ayrı-ayrı idman növlərində qazanılan uğurlar və nüfuzlu turnirlərin final mərhələlərinin ölkəmizdə keçirilməsi məhz bu diqqət və qayğının bəhrəsidir. İdmanda əsas uğur infrastrukturun yaradılmasıyla başlayır desək, yanılmarıq. Bəzi idman növləri var ki, Azərbaycanda ilk addımlarını atsa da, gündən-günə populyarlaşmaqdadır. Bunlardan biri də qolfdur.

Dünən ölkəmizdə daha bir qolf meydançasının təqdimatı oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində təsis etdiyi Qolf klubunun açılışında iştirak etdilər. Gəlin əvvəlcə qolfun yaranma tarixinə qısa nəzər salaq.

Ümumiyyətlə, qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır.

Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir.

Hazırda dünya miqyasında qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-da populyar olan bu növ üzrə yetərincə məşhurlaşmış idmançılar var. Elə dünənki “Dreamland Golf Club”un açılışına da bu işin peşəkarları dəvət olunmuşdu. Onlardan biri dövlət başçısı İlham Əliyevlə birlikdə açılış lentini kəsən Major kubokun üçqat sahibi Kolin Montqomerie idi.

Azərbaycanda ilk Qolf Klubu 2013-cü ildə Quba şəhərində yaradılıb. 18 dəlikli 74 hektar ərazisində yerləşən Milli Quba Qolf klubu dünya standartlarına uyğun tikilib. 2013-ci ilin oktyabrında Bakıda Milli Qolf akademiyası açılıb. Hal-hazırda Azərbaycanda bir neçə qolf meydançası fəaliyyət göstərir və inşa olunur.

Azərbaycan Qolf Federasiyanın missiyasına Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirmək daxildir.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 330 hektardır. Ərazi paytaxtın mərkəzindən 24 kilometr məsafədə yerləşir. Reallaşmasına 2013-cü ildən start verilən layihənin yüksək səviyyədə yerinə yetirilməsi və qısa zamanda tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

Burada yaradılan Qolf Mərkəzi beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verir. Ərazidə 1 milyon kvadratmetrdən çox yaşıllıq sahəsi var. Ondan artıq süni göllə əhatə olunmuş ərazidə xüsusi ekosistem mövcuddur.

Qolf klubu binasının interyeri müasirliyi ilə diqqəti cəlb edir. Binada qolf oyunçularının hazırlaşması, istirahət etməsi, komanda ilə birlikdə əylənməsi üçün bütün şərait yaradılıb. Sahəsi 5 min kvadratmetr olan Qolf klubunun yüksək zövqlə və keyfiyyətlə qurulması bir daha layihənin uğurunu nümayiş etdirir. Binada müasir səviyyədə yaradılan kafe və restoranlar qonaqların ixtiyarına veriləcək. Burada qonaqlara istər Avropa, istərsə də milli mətbəx nümunələrinin təamları təqdim ediləcək. Qolf klubunun binasındakı satış mərkəzi həm qolf, həm də layihə ilə maraqlanan müştərilərə xidmət edəcək. Binada idman avadanlığı mağazası var. Mağazada qolf oyunu zamanı istifadə olunan idman malları müştərilərə təqdim edilir.

Burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək. Qolf Akademiyası gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində mühüm rol oynayacaq.

Azərbaycanın iqlim şəraiti də mövsümün daha uzun müddəti əhatə etməsinə imkan verir. Məsələn, qonşu Rusiyada qolf mövsümü başa çatsa da, bizdə noyabra kimi bu idmandan zövq almaq mümkündür. Təsadüfi deyil ki, yenicə istifadəyə verilən “Dreamland” artıq bir neçə ölkədən, o cümlədən Rusiyadan qonaqları qəbul etməyə başlayıb.

Qolf elit idman növü sayılr. Kənardan baxanlar üçün asan görünə bilən bu oyunun müəyyən qaydaları və özünəməxsus çətinlikləri var. Əsas şərt az sayda vuruşla balaca sərt topu kiçik dəliklərə salmaqdır. Amma uzaq məsafəyə vuruş zamanı meydançanın relyefini, sahədəki müxtəlif maneələri (bunker və göl), ən əsası isə küləyi nəzərə almaq vacibdir. Bunun üçün oyunçu bütün diqqətini toplamalı, küləyin istiqamətini müəyyənləşdirməli və hədəfi nişan almalıdır. Düzdür, bir vuruşla təxminən 150 metrdən kiçik dəliyə düşmək mümkünsüz bir şeydir.

Topu vurmaq üçün istifadə olunan çubuqlar da müxtəlifliyi ilə seçilir. Yüksəyə vurmaq üçün bir, yavaş vurmaq üçün başqa çubuqdan istifadə olunur. Bir məqamı da qeyd etmək lazımdır ki, oyun zamanı sakitliyə riayət olunmalıdır. Oyunçunun oyuna tam konsentrasiya olması üçün sakitlik mühüm şərtdir. Biz də sakitliyi qoruyaraq, yaxın illərdə qolfun Azərbaycanda inkişafına ümid edək...

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR