Hamının vampir bildiyi adamın görünməyən tərəfi
Bizi izləyin

İdman

Hamının vampir bildiyi adamın görünməyən tərəfi

Hamının vampir bildiyi adamın görünməyən tərəfi

Luis Suares... Hazırda çoxlarının ikili münasibət bəslədiyi futbolçu İtaliya ilə qarşılaşmada rəqibin müdafiəçisi Kyellininin çiynini dişləməklə bir anda bütün dünyanın qınaq obyektinə çevrildi.

Hakimin epizodu görməməsi və Suaresin rəqibi dişlədikdən sonra yerə atılaraq simulyasiya etməsi onu oyun zamanı qırmızı vərəqədən xilas etdi. Amma FİFA videosübutu izləyərək araşdırmalara başladı və ardından uruqvaylı futbolçuya ağır cəza verdi. Belə ki, Suares millinin heyətində 9 oyunda forma geyinmək şansından məhrum edildi. Bundan başqa, klubunun heyətində də dörd ay oynamaq hüququ əlindən alındı. Bir sözlə, bu futbolçu dörd ay futbola həsrət qalacaq.

Xatırladaq ki, ulduz futbolçu bu əməli ilk dəfə etmir. Luis Suares İngiltərə Premyer Liqasının matçında "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçin qolunu dişləmişdi. Bundan başqa, "Ayaks"da oynayarkən PSV-nin yarımmüdafiəçisi Osman Bakkalın da ətinin «dadına baxmışdı». Bu baxımdan son zamanlar Suaresin bu hərəkətinə aid müxtəlif şəkillər, karikaturalar hazırlanıb. Hətta onu «vampir» adlandıranlar da var.

Norveçliyə 900 dollar qazandırdı

Amma bu, Suaresdisə, ondan bunu gözləmək lazım idi. Çünki insan bir hərəkəti bir dəfə təsadüfən edər. Yoxsa üçüncü dəfə eyni hal təkrarlanırsa, bu, təsadüf yox, pis vərdişdi. Sənin dişin yekə ola bilər, amma bu, o demək deyil ki, qabağına keçəni dişləməlisən. Nə qədər maraqlı olsa da, Suaresin bu hərəkəti Norveçdə bir nəfəri çox şad edib. Belə ki, bir nəfər Norveç sakini dünya çempionatında İtaliya - Uruqvay oyunu üçün qəribə pul qoyuluşu həyata keçirib. Həmin şəxs matç zamanı Uruqvay yığmasının oyunçusu Luis Suaresin rəqib komandanın oyunçularından birini dişləyəcəyinə pul qoyub. Suaresin rəqib komandanın oyunçularından birini dişləməsinə 175 əmsal verilib. Norveçli isə buna 32 kron (təxminən 5 dollar) pul qoyub, 5600 kron (təxminən 900 dollar) pul udub. Bax, belə şeylər də olur.

Həyatda fərqli, meydanda fərqli

Deyilənə görə, Suares həyatda qətiyyən aqressiv insan deyil. Bunu onun dostları deyir. Bir vaxtlar “Qroningen”də Suareslə çiyin-çiyinə oynamış ukraynalı futbolçu Yevgeni Levçenko bildirib ki, Suares meydançada aqressiv görünə bilər, amma oyundan sonra hər kəsi qucaqlayıb bağrına basır.

FİFA-nın Suaresə verdiyi cəza ilə bağlı hücumçunun nənəsi fikirlərini mətbuatla bölüşüb və o da bildirib ki, nəvəsi bu xarakterə malik uşaq olmayıb. Sən demə, nəvənin hərəkəti nənə üçün də təəccüblü olub. Nəvəsinin dəcəl və davakar olduğu qədər çox yaxşı uşaq olduğunu bildirən Piris Suares cəza ilə bağlı fikrini bildirib: «Mənim nəvəmə nə oldu, bilmirəm. Niyə hər şey yolunda gedərkən və xoşbəxt olmaq üçün hər şeyi əldə etdiyi bir zamanda belə bir xoşagəlməz hərəkətə əl atdı? Bəlkə də ata və anasının kiçik yaşlarında ayrılığı onda dərin izlər buraxıb. Gərək belə olmayaydı. Cəza da çox ağır oldu».

Gördüyünüz kimi, nənənin sözlərindən belə qənaətə gəlmək olur ki, hücumçunun «vampirləşməsində» həyatın ona verdiyi bəzi dərslərin də rolu var.

Maraqlıdı ki, Uruqvayın prezidenti Xose Muxika da Suaresin müdafiəsinə qalxıb. Ölkə başçısı həmyerlisinin kimisə dişləməsinin şahidi olmadığını bildirib: «Ancaq rəqibin onu dəfələrlə vurmasını, bilərəkdən çirkin oynamasını gördüm».

Gəlin, Suaresi yaxından tanıyaq

Luis Suares 1987-ci il yanvarın 24-də Uruqvayın Salto şəhərində anadan olub. Bu şəhər Argentina ilə həmsərhəddi. O, ailənin dördüncü uşağı olub. Ümumiyyətlə, onların ailəsini böyük adlandırmaq olar. Təkcə bir faktı deyək ki, onlar 7 qardaşdılar. Suaresin 7 yaşı olanda ailəsi Saltodan paytaxt Montevideoya köçür. Paytaxtda ailənin işləri heç də qaydasında getmir və iki il sonra Suaresin atası ilə anası boşanır. Luis anası və qardaşları ilə yaşamağa başlayır. Amma atası ilə də əlaqəsini kəsmir. İstənilən halda, ailədə baş verən münaqişələr, ailəsinin parçalanması onun həyatına təsir edir. Suaresin böyük qardaşı Paolo Suares də peşəkar futbolla məşğul olub və «İsidro Metapan» klubunun şərəfini qoruyub. Luisin futbola gəlişində də qardaşının rolu olub. İlk peşəkar klubu isə yerli “Nasyonal” olub. 16 yaşında gənclər komandasında oynayan “vampir” iki il sonra əsas komandaya dəvət olunur. Burda da özünü yaxşı tərəfdən göstərincə, Avropa klublarının maraq dairəsinə düşür. 2006-cı ildə “Qroningen” onu transfer edir və bununla da Suaresin Avropa macərası başlayır. “Nasyonal”da bir mövsümə 29 oyunda meydana çıxıb 12 qol vuran Luis Hollandiyada da özünü ən yaxşı tərəfdən göstərdi və holland futbolunun brendi olan “Ayaks”ın seleksiyaçılarının diqqətini cəlb etdi. 2007-ci ildə Amsterdam klubuna transfer olundu və burda dörd möhtəşəm il keçirdi. 110 oyunda meydana çıxdı və 81 qola imza atdı. Artıq get-gedə Avropa nəhənglərinin ona olan diqqəti artmaqda idi. Nəticədə 2011-ci ildə səhnəyə “Liverpul” çıxdı və uruqvaylını “oğurladı”. 2011-ci ildən Liverpul klubunda forma geyinən Luis meydana çıxdığı 110 oyunda 69 qola imza atıb. Təsadüfi deyil ki, artıq onu «Barselona» heyətinə qatmaqda israrlıdı. Görünən budu ki, Suares ildən-ilə zirvəyə doğru gedir. Şəxsi həyatındakı uğursuzluqlarını futboldakı uğurları ilə sığortalamağı bacarıb. Şəxsi həyatdan söz düşmüşkən, Suares 2009-cu ildə uşaqlıq sevgilisi Sofe Balbiylə ailə həyatı qurdu. 2010-cu ildə isə cütlüyün qızı dünyaya gəldi və adını Delfina qoydular.

Suares 2013-cü ildə “Liverpul”la müqaviləsini uzatdı və hazırda həftəyə 200 min funt-sterlinq qazanmaqla klubun ən bahalı futbolçusu sayılır.

Həkimə təşəkkür dramı

Bəli, deyilənə görə, Suares meydandan kənarda möhtəşəm insandı. Çox sakitdi. Məsələn, İngiltərəylə oyunda fərqləndikdən sonra etdiyi jest bir anda onu qəhrəmana çevirmişdi. Belə ki, DÇ-2014-ün Uruqvay - İngiltərə matçında komandasının hər iki qoluna imza atan futbolçu ilk dəfə fərqlənəndən sonra sevincini birinci növbədə komandanın həkimi Valter Ferreyra ilə bölüşdü. Təcrübəli hücumçu həkimini qucaqlayarkən əliylə qolu ona həsr etdiyinə də işarə vurdu.

Qeyd edək ki, 63 yaşlı Valter Ferreyra ilə Suares 15 ilə yaxındı tanışdılar. Son olaraq ayağından zədələnən və bu səbəbdən əməliyyat olunan Uruqvay millisinin hücumçusunun tez bir zamanda bərpa olub İngiltərəylə matça qədər hazır olmasında Ferreyranın müstəsna əməyi olub. Ferreyra Suaresin bərpası üçün onu ev şəraitində müalicə edib ki, bu da səbəbsiz deyil. Məsələ burasındadı ki, fizioterapevtin özü xərçəng xəstəliyindən əziyyət çəkir, bu yaxınlarda isə kimyaterapiyadan keçib. Məhz buna görə də futbolçu həkiminə əziyyət verməyərək, özü onun evinə gedib müalicəsini alırdı. Ferreyra özü də futbolçunun jestini ən xoş sözlərlə ifadə edib: «Millinin məşqçi heyətinə təşəkkür edirəm ki, Suaresə mənimlə adət etmədiyimiz şəraitdə müalicə olunmağa imkan yaratdılar. Mən özüm bazaya gedə bilərdim. Amma Suares özü mənim evimə gəlirdi. Bunu yüksək qiymətləndirirəm. Suaresə, ailəmə və həkimlərimə səhhətimlə maraqlandıqları üçün təşəkkür edirəm. Hisslərimi ifadə etmək üçün başqa söz tapa bilmirəm».

Qeyd edək ki, müalicə müddətində Suaresə kimsə bazada rast gəlməyib. Ümumiyyətlə, həmin müddətdə futbolçunun rahatlığına görə heç kim onunla ünsiyyət qurmayıb. «Luis standart normalara uyğun müalicə kursu keçib. Artıq 10 gün sonra o, trenajor zalında görünüb. 15 gün sonra qaçmağa, 16 gün sonra isə topla hərəkət etməyə başlayıb. Bu, futbolçunun zədəsinin bərpasında böyük bir nailiyyətdi» - bu fikirlər Uruqvay mətbuatında yer alıb.

Ferreyranın məsləhətlərinə əməl etmək Suaresə düşərli olub. O, zədəsini müalicə etdi və İngiltərəylə oyunda iki qola imza atdı.

«Luis İngiltərəylə oyundakı uğuru qazanmağa layiq idi. Çünki o, çox çalışırdı. O, belə əzmlə çalışmasaydı, yəqin ki, mən özüm indi Braziliyada olmazdım. Mən bugünkü oyunda baş verənləri heç vaxt unutmayacam. Ailəmə və millinin üzvlərinə dəstəklərinə görə təşəkkür edirəm» deyə, Valter Ferreyra bildirib.

Qeyd edək ki, Suaresin vurduğu qoldan sonra xəstə həkiminə yaxınlaşıb qolu məhz ona həsr etdiyini bildirməsi xarici mediada əsl dram kimi də təqdim olunub.

Bu iki şəxs arasında diqqət çəkən başqa bir məqam var: Ferreyra Suaresin müalicəsiylə daha yaxından maraqlanmaq üçün ağır xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, öz müalicəsini müvəqqəti təxirə salaraq onun yanına - Braziliyaya gedib. «Bu, həyatdı, eniş də olur, yüksəliş də. Əsas mübarizəni davam etdirməkdi» deyə, o, qeyd edib.

Suares özü də vurduğu qolu həkiminə həsr etməsindən danışıb: «Həyat yoldaşım və iki uşağım həyatda mənim üçün ən qiymətli varlıqlardı. İndi mənim həyatımdakı ən vacib insanlar sırasına zədəmin bərpa olunması üçün hər şey edən Valter Ferreyra da daxildi. Bu çempionatda mənimlə bağlı hadisələrin 90 faizinin səbəbkarı məhz bu insandı. Ferreyra olmasaydı, mundialda yox idim».

Aşbaza diqqət

Gördüyünüz kimi, vampir kimi təqdim olunan futbolçu heç də insani hisslərdən uzaq deyil. Onunla «Qroningen»də çiyin-çiyinə oynamış futbolçulardan biri Yevgeni Levçenko uruqvaylının digər müsbət cəhətlərindən danışıb: «Hər dəfə yeməkdən sonra Suares aşbaza yaxınlaşıb ona təşəkkür edirdi. Bəlkə də gülməli gələ bilər. Çünki bəzən biz bunu unudurduq. Amma Suares heç vaxt bunu unutmurdu və edirdi. İlk vaxtlar onların arasında anlaşılmazlıq olurdu. Çünki Suares holland dilini bilmirdi. Aşbaz isə bundan xəbərsiz olduğu üçün bəzən yarım saat holland dilində ona nəyisə başa salırdı. Luis onu başa düşməsə də, uşaq kimi yarım saat dayanıb ona qulaq asırdı və axırda da boşqabını götürüb aşbazın təklif etdiyi yeməyi yeyirdi. Hətta onun ağız dadına uyğun olmasa belə, aşbaza hörmət naminə heç nə demirdi».

Levçenko deyir ki, Suares çox peşəkar futbolçudu: «Suares böyuk hərflərlə yazılacaq dərəcədə peşəkardı. Bizdə iki uruqvaylı oynayırdı: Suares və Bruno Silva. Biz həmişə məşqdən sonra qalıb qapıya zərbələr üzərində çalışırdıq. Luis üçün futbol bir bayram idi».

Suares və çətir

Bilməyənlər üçün deyək ki, dişləməkdən əvvəl Suaresin çətirlə bağlı da qalmaqalı olub. Belə ki, “Qroningen”ə yeni gəldiyi vaxtlar idi və komanda növbəti oyununa çıxırdı. Güclü də yağış yağırdı. Oyunun gedişində baş məşqçi Luisi əvəzlədi. O isə oynamaq istəyirdi. O qədər əsəbi idi ki, meydançadan çıxandan sonra əlinə keçirdiyi çətiri baş məşqçiyə tərəf ataraq, ona etirazını bildirdi. Təbii ki, bu hərəkətinə görə cəzalandı. Lakin maraqlıdı ki, baş məşqçi həmin olaydan ilyarım sonra, Suares “Ayaks”a keçəndə həmin çətiri ona hədiyyə etdi.

Gördüyünüz kimi, Suaresin bilinən və bilinməyən kifayət qədər yönü var. Onun xarakterində həm müsbət, həm də mənfi cəhətləri var. Amma deyəsən, ən düzünü nənəsi deyir. Uşaq vaxtı ailəsinin parçalanması onun psixologiyasına da mənfi təsir edib. Ona görə də cəzası başa çatandan sonra Suares yenə kimisə dişləsə, təəccüblənməyin. (“Komanda” qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm