• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lənkəranda oynanılan “oyun”-Və ya “Neftçi”nin baş tutmayan təxribatı

  • İdman
  • 10 Fevral 2014 13:00
  • 1 646 Baxış
Lənkəranda oynanılan “oyun”-Və ya “Neftçi”nin baş tutmayan təxribatı

Fevralın 9-da keçirilən “Xəzər Lənkəran”-“Neftçi” qarşılaşmasında yenə də gərginlik yaşandı. Yenə də həmin dalğa, həmin koordinat idi. Ötən il avqustun 25-də keçirilən “Böyük oyun”dan əvvəlki ssenari fevralın 9-da təkrarlandı. Ancaq bu dəfə oyundan sonra ixtişaşlar baş vermədi, günahsız azarkeşlər həbs olunmadı. Təxribatçı ssenarini yazanlar isə yenə də klub rəhbərləri idi.

Əvvəlini Abbaszadə başladı..

Gecə hamının yatdığı vaxt otelin qarşısında dayanan “Neftçi”nin avtobusunu kimsə daşlamışdı. Nəticədə avtobusun şüşəsi sınmışdı. Bu, adi bir xuliqanlıq hərəkəti idi. Hüquq-mühafizə orqanları həmin xuliqanı tapıb cəzalandırmalıydı. Pislənməliydi onun hərəkəti. Ancaq “Neftçi”nin mətbuat katibi Gündüz Abbasazadənin pislədiyi kimi yox. Gündüz Abbaszadə “facebook”dakı səhifəsində “Şərəfsizlər, avtobusun nə günahı var? Heç olmasa bayraq olan yerə daş atmayın” yazmaqla ilk təxribatı törətmiş oldu.

Gündüz Abbaszadənin statusu konkret şəxsə yox, ümumi kütləyə ünvanlanmışdı. Tərkibinə saxta vətənpərvəplik “ədviyyat”ı da qatılmışdı ki, təsirli olsun.

...Tahir Süleymanov davam etdirdi...

Abbaszadənin fikirlərini mətbuat yayınca, vəziyyət ciddiləşdi. Adi bir xuliqanlıq hadisəsinə belə sərt və düşünülməmiş reaksiyanın verilməsi vəziyyəti gərginləşdirməliydi. Ardınca “Neftçi”nin daha bir rəsmisi-Tahir Süleymanov “Bakıya qayıdırıq, bu vandalizmdir” açıqlamasını verdi.

Hiss olunurdu ki, “Neftçi” rəsmiləri belə açıqlamalarla vəziyyətin nəzarətdən çıxmasına çalışırlar. Eynən avqustun 25-də olduğu kimi.

“Neftçi” Bakıya qayıtmadı. Oyun baş tutdu, heç kimin burnu da qanamadı. Gündüz Abbaszadə də sosial şəbəkədə yazdığı statusu silməli oldu. İşə yaramamışdı, orda saxlamağa dəyməzdi...

Böyükağa Hacıyev “tamamladı”

Amma “Neftçi”nin təxriabatları oyundan sonra da davam etdi. Bu dəfə komandanın baş məşqçisi Böyükağa Hacıyevin timsalında. Oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyev belə deyib: “Cənubi Kiprdə APOEL-lə oyunda bu qədər problem yaşamamışdıq. Maşının şüşəsini sındırdılar, təhqir etdilər, daş atdılar.... Mən fikirləşirdim ki, naxçıvanlılarla talışların oxşar cəhəti var. Ancaq indi qətiyyətlə deyirəm ki, heç bir oxşarlıq yoxdur (fanat.az).

Özünü “xalq komandası” adlandıran “Neftçi”nin baş məşqçisnin açqlamasından separatizm meylləri yağır. Naxçıvanlı-talış məsələsini “Xəzər Lənkəran”-Neftçi” oyunundan sonra elə Lənkəranda səsləndirmək nəyin əlaməti ola bilərdi?

“Neftçi”nin Naxçıvana nə dəxli? Naxçıvanlı kim, talış kim? Bunlar hamısı azərbaycanlı deyilmi? Cənubu Kipri misal çəkməklə nəyə işarə edirdi, nəyi qızışdırmağa, hansı təxribatı törətməyə, qarşıdurmanı yaratmağa cəh edirdi Böyükağa Hacıyev?

“Neftçi” rəsmiləri “Xəzər Lənkəran”ı “talışların komandası” kimi təqdim etməklə nəyə nail olmaq istəyirlər? Həmin gün stadionda olanların milliyyətini necə müəyyənləşdirdi onlar? Ümumiyyətlə, “Neftçi” rəhbərliyi rəsmi statistikadan xəbərdardılarmı? Lənkəranda nə qədər talışın, nə qədər türkün yaşadığını bilirlərmi?

Bilmirlərsə, xatırladaq: “Rayonun əhalisi 209,9 min nəfər təşkil edib. Bunun 63,7 min nəfəri Lənkəran və Liman şəhərlərində, 20,5 min nəfəri qəsəbələrdə, 125,7 min nəfəri kənd yerində yaşayır. Əhalinin sıxlığı hər kvadratkilometrə 136,3 nəfər olmaqla, respublika üzrə orta göstəricidən 30 faiz çoxdur. Əhalinin ümumi sayının 50,3 faizini qadınlar, 49,7 faizini kişilər təşkil edir. Son 5 il yarım ərzində rayonun əhalisi 10 min 800 nəfər artıb. Şəhər əhalisinin 86,0 faizini azərbaycanlılar, 13,6 faizini talışlar, 0,3 faizini ruslar təşkil edir”.

İndi Böyükağa Hacıyev aydınlaşdırsın, görək, hansı əsasla həmin gün stadionda olan azarkeşləri talışlar kimi qələmə verib. Onun bu addımının arxasında nə dayanır? Ümid edirik ki, ondan bu sualların cavabını soran tapılacaq.

“Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilən qarşıdurmalarda həmişə gərginlik olub. Bir necə ilə əvvəl Tofiq Bəhramov adına respublika stadionunda keçirilən oyundan sonra bir qrup “Neftçi” fanatı “Xəzər Lənkəran” azarkeşlərini aparan avtobuslara hücum etdilər. Avtobuslar daş atəşinə tutuldu. Yalnız polislərin müdaxiləsdindən sonra “Neftçi” azarkeşlərini hadisə yerindən qovmaq mümkün oldu. Bu hadisə mətbuat nümayəndələrinin gözləri qarşısında baş verdi.

Ancaq heç kim o hadisəni törədənləri “şərəfsizlər” adlandırmadı, heç kim baş verənlər “vandalizm” kimi qiymətləndirmədi.

Gündüz Abbaszadə düz yazmışdı. Avtobusun heç bir günahı yox idi. Bəlkə də daş avtobusun şüşəsinə yox, Azərbaycan futbolunu bu günə salanlara, təxribata sürükləyənlərə, millətlərarası münasibətləri gərginləşdirənlərə, separatizm toxumu səpənlərə atılmalıydı.

Gedin “oyun”unuzu oynayın. Azərbaycanda yaşayan xalqlarla “oyun” oynamayın. Futbola ayrılan vəsaiti necə batırdığınızı sığortalamaq üçün başqa “oyun” düşünün.

Natiq Muxtarlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR