• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Mükəmməl olmağa can atan qız “cek pot”a necə sahib oldu?

  • İdman
  • 18 Dekabr 2014 17:53
  • 2 767 Baxış
Mükəmməl olmağa can atan qız “cek pot”a necə sahib oldu?

O, şüvüllə hündürlüyə tullanma üzrə Rusiya yığmasının üzvü, ikiqat olimpiya, ikiqat dünya və Avropa çempionudur. O, dünya rekordunun sahibi olub.

Publika.az “II taym” layihəsi çərçivəsində bu dəfə qazandığı uğurlar və şəxsi həyatı ilə gündəmdə olan Yelena İsinbayeva haqqında məlumat verəcək.

Türkiyəli pop müğənnisi Tarkanın fanatı olan Yelena dağıstanlıdır. Rusiya adına çıxdığı turnirlərdə böyük qələbələr qazanıb.

Çox uzun boyun var, səndən olmaz”

Yelena İsinbayeva 1982-ci il iyunun 3-də Rusiyanın Volqoqrad şəhərində anadan olub. Atası Hacı Hacıyev Dağıstan ləzgi boylarından Tabasaran mənşəlidir. Yelena heç də normal imkanları olan bir ailədə böyüməyib. İsinbayevanın bacıları onu “İnna” deyə çağırıb.

Yelena İsinbayeva 5 yaşından 15 yaşına qədər gimnastika ilə məşğul olub. Ən böyük xəyalı məşhur, dünya səviyyəli gimnast olmaq idi. Lakin boyunun uzun olması onun karyerasına mane olub. 174 sm boya malik İsinbayeva gimnastika üçün yararlı sayılmayıb. Bundan sonra Yelena xəyalından əl çəkməli olub. Gimnastika müəllimləri "çox uzun boyun var, səndən gimnast olmaz" deyərək ona qapını göstəriblər.

Lakin o, məşhur olmağı qarşısına məqsəd qoymuşdu. Gimnastikadan ayrıldıqdan sonra yüngül atletika ilə məşğul olmağa başlayıb. Yelenanın seçimi atletikanın hündürə tullanma növü üzrə olub.

Az vaxtda qazanılan uğurlar...

6 ay sonra - 1998-ci ildə Fransada uşaqlar arasında keçirilən dünya çempionatında 4 metr hündürlükdən tullanıb. Amma digər atletlərdən 10 santimetrlik fərqə görə medalçılar sırasına düşə bilməyib. 1999-cu ildə gənclər arasında təşkil olunmuş dünya çempionatinda 4,1 metrdən tullanaraq ilk qızıl medalını qazanıb.

2000-ci ildə Çilinin paytaxtı Santyaqoda keçirilən Dünya Gənclər Çempionatında 4,2 metrlik hündürlükdən tullanaraq ikinci qızıl medala sahib olub. 2001-ci ildə İtaliyada keçirilən Avropa Gənclər Çempionatında növbəti birinciliyini əldə edib. Beləliklə də, karyerasında qızıl medalları daha çox olan İsinbayeva uğurları sıralayıb.

Nəhayət, Yelena 2004-cü ilin Yay Olimpiya oyunlarında 4,91 metrlik hündürlükdən tullanıb. Bununla da o, dünya rekordu qıraraq növbəti qızılına qovuşub. İki dəfə - 2004 və 2005-ci illərdə IAAF (Beynəlxalq Atletika Federasiyaları Birliyi) tərəfindən ilin qadın atleti seçilib. 2005-ci il iyulun 22-də 5 metri keçən şüvüllə hündürlüyə tullanma üzrə ilk qadın olub.

Məşqçi dəyişikliyi edir, rekordlara sahib olur

2005-ci ilin sonlarında ilk məşqçisi Yevgeni Trofimovdan ayrılan Yelena Sergey Bubkanın keçmiş məşqçisi Vitali Petrov ilə çalışmağa başlayıb.

İsinbayeva karyerası ərzində 28 dünya rekorduna imza atıb.

2008-ci il iyulun 29-da Monakoda 5,04 metrlik dərəcəsiylə özünə aid olan əvvəlki dünya rekordunu (5.03 m) yeniləyib. 2008-ci ilin 18 avqustunda Pekin Yay Olimpiya oyunlarında 5,05 metrlik dərəcəsiylə həm özünə aid olan rekordunu, həm olimpiada rekordunu, həm də dünya rekordunu yeniləyib.

2009-cu il avqustun 28-də Sürixdə keçirilən "Golden League" (Qızıl Liqa) müsabiqəsində 5,06 metrlik hündürlükdən tullanaraq özünə aid olan dünya rekordunu yenidən dəyişib.

“Cek Pot”a sahib oldu

2009-cu ilin sentyabrında Brüsseldə keçirilən "Golden League" (Qızıl Liqa) müsabiqəsində isə bütün dərəcələrdə birinci olub. Bununla da 333400 dollarlıq “cek pot”un sahibi olub.

Berlində keçirilən Dünya Atletika Çempionatında medal ala bilməyərək böyük məyusluq yaşayan qəhrəmanımız turnirdən sonra 5.06 metrlik hündürlükdən tullanaraq özünə aid dünya rekordunu yeniləyib.Bundan sonra rus atlet aprel ayında idmana ara verdiyini və 2010-cu ildə yarışmayacağını deyib.

2010-cu il aprelin 10-da açıqlama verən İsinbayeva birmüddətlik idmanı buraxdığını bildirib:

“Son üç həftədə bunu çox düşündüm. Bədənimi istirahət etdirmək lazımdır. Bir müddət ara vermək məcburiyyətindəyəm”.

Beş vacib çempionatda (Olimpiya, dünya açıq hava və salon çempionatları, Avropa açıq hava və salon çempionatları) qazandığı uğurlarla tarixin ən yaxşı qadın atleti kimi tanınıb.

İdmana qayıdışı

İdmana ara verdiyini açıqlayan Yelena İsinbayeva bir neçə aydan sonra növbəti il idmana qayıdacağını deyir:

"Bu, mənim üçün çox lazım olan bir fasilə idi. Şükürlər olsun ki, heç bir zədəm yoxdur. Çox sağlamam və 2011-ci ildə geri dönəcəyəm. Təbii ki, daha çox rekord qırmaq istəyirəm. Əsl məqsədim 2012-də Londonda olimpiada çempionu, 2011 və 2013-də dünya çempionu olmaqdır. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm, hər şey istədiyim kimi olar".

İdmana qayıtdıqdan sonra 2011-ci il onun üçün bir o qədər uğurlu olmasa da, 2012-ci ildə London olimpiadasında bürünc medalla kifayətləndi.

Təhsili

Yelena İsinbayeva bakalavr və magistr təhsilini başa vurub. Bundan sonra Volqoqrad Dövlət Bədən Tərbiyəsi Universitetində təhsilini davam etdirib.

Pərəstişkarı olduğu türk popstar

Təkcə idmançı kimi deyil, həm də qadın kimi gözəlliyi ilə milyonları məftun edən rusiyalı öz ürəyini mətbuata açıb. O, türkiyəli müğənni Tarkanın fanatı olduğunu etiraf edib:

“Bütün dünya mənim pərəstişkarımdır. Lakin mənim də heyranı olduğum biri var. Özü də türkdür. Heyranı olduğum şəxs Türkiyənin popstarı Tarkandır. Onun həm rəqsini, həm də mahnılarını çox sevirəm. Sözlərini başa düşməsəm də, musiqisi və rəqsi mənə zövq verir. Düzünü bilmək istəyirsinizsə, deyə bilərəm ki, telefonum Tarkanın mahnıları ilə doludur. Ən böyük arzum da nə vaxtsa onunla tanış olmaqdır. 2012-ci ildə dünya çempionatı İstanbulda təşkil olunacaq. Tarkanın tribunada olduğunu bilsəm, çox xoşbəxt olaram və onunla tanış olmağa can ataram”.

Delfinlərin vurğunu - Cazibədar qadın

İsinbayeva delfinlərin vurğunudur. Yelena özü də bunu etiraf edib. Delfinlərlə üzməyi çox sevir. Hətta onun aksessuarları üzərində delfin rəsmləri də var.

Gözəlliyi ilə də diqqət çəkən Yelena bir neçə dəfə ən cazibədar qadın siyahısında yer alıb. Həmçinin onu da Kabayeva və Mariya Şarapova kimi rusiyanın ən cazibədar qadını kimi qeyd edirlər.

8 yaş kiçik idman ustası ilə evləndi

İdmançı xanım bir neçə gündür ki, ailə həyatı qurub. Rusiyanın ikiqat olimpiya çempionu Yelena İsinbayeva övladı olduqdan yarım il sonra evlənib. Məşhur idmançı həyat yoldaşı seçimini də elə idman aləmindən edib. Yelena İsinbayeva Nikita Petinov ilə ailə qurub. Onun seçdiyi həyat yoldaşı nizəatma üzrə idman ustasıdır. Petinov İsinbayevadan 8 yaş kiçikdir. Toy mərasimi İsinbayevanın doğulduğu Volqoqrad şəhərində keçirilib.

32 yaşlı idmançının qızı Yeva bu il iyunun 28-də doğulub.

Uğurlarının siyahısı - Qızıl medallar daha çoxdur

1998 Dünya Gənclər Çempionatı - Moskva, Rusiya (1-ci yer)

1999 Dünya Ulduzlar Çempionatı - Polşa (1)

2000 Dünya Gənclər Çempionatı - Santyaqo, Çili (1)

2001 Avropa Gənclər Çempionatı - İtaliya (1)

2002 Avropa Çempionatı - Münhen, Almaniya ( 2)

2003 Dünya Salon Çempionatı - Birləşmiş Krallıq (2)

Dünya Çempionatı - Paris, Fransa (3)

Avropa U-23 Çempionatı - Polşa (1)

2004 Dünya Salon Çempionatı - Budapeşt, Macarıstan (1)

Yay Olimpiadaları/Qadınlar - Afina (1)

İAAF Dünya Atletika finalı - Monte Karlo (1)

2005 Avropa Salon Çempionatı - Madrid (1)

Dünya çempionatı - Finlandiya (1)

IAAF Dünya Atletika finalı - Monako (1)

2006 Dünya Salon Çempionatı - Moskva (1)

Avropa Çempionatı - İsveç (1)

İAAF Dünya Atletika finalı - Almaniya (1)

Qitələrarası Kubok - Afina, Yunanıstan (1)

2007 Dünya Çempionatı - Osaka, Yaponiya (1)

İAAF Qızıl Liqa 6/6 Birincilik (1)

İAAF Dünya Atletika finalı - Almaniya (1)

2008 Dünya Salon Çempionatı - Valensiya, İspaniya (1)

Golden Gala - İtaliya (1)

Herculis - Monako (1)

Yay Olimpiadaları/Qadınlar - Pekin, Çin (1)

2009 Qızıl Liqa - İsveçrə Sürix şəhəri (1)

İAAF Qızıl Liqa 6/6 Birincilik (1)

Dünya Atletika finalı - Yunanıstan (1)

2012 Dünya Salon Çempionatı - İstanbul (1)

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR