Böyük uğurda insan faktoru: Avropada idman direktorları necə işləyir?
Bizi izləyin

İdman

Böyük uğurda insan faktoru: Avropada idman direktorları necə işləyir?

Bu gün Azərbaycan futbolunun problemlərindən danışanda əsas səbəblərdən biri kimi idarəçilik göstərilir. Son illərdə futbol təsərrüfatına yatırılan böyük pulların müqabilində ciddi irəliləyişin olmamasına xeyli nümunə gətirmək olar. Amma hardan baxsan, problem yenə gəlib idarəçiliyə dirənəcək.

Müəyyən nümunələr gətirmək üçün Avropa çempionatlarına boylanmaq qərarına gəldik. Çox dərinə getməyə də ehtiyac yoxdur. Elə son mövsümdə kifayət qədər sıçrayışa nail olan komandalar var ki, büdcəsi o qədər də böyük deyil.

Publika.az «böyük beşlik» ölkələrində boyundan hündürə tullanan bir neçə komandanı misal göstərəcək. Söhbət indiki məqamdan gedir. Nəticədə məlum olacaq ki, pul heç də həmişə futbolda hər şeyi həll etmir. İnanmırsızsa, oxuyun və agah olun.

Vest Hem

«Çəkicdöyənlər» 2-3 il əvvəl «Milluol», «Barnsli», «Uotford» kimi aşağı dəstə komandalarının stadionlarında var-gəl edirdi və qocalmış azarkeşlər üçün oynayan özünü itirmiş əfsanəyə bənzəyirdi. Sem Ellerdays səs-küy salmadan Endi Kerroll və Kevin Nolan kimi Premyer Liqada saç ağartmış köhnə oğlanları bir yerə yığaraq Britaniya üslubunda güc futbolu nümayiş etdirən komanda formalaşdırdı. Bu yay «Vest Hem»in menecerləri Fransadan Diafra Sakonu, hələ qocalmayan Sonqu və meksikalı Enner Valensiyanı «oğurladı».

İndi komandanın mərkəzində elə ideal «romb» yaranıb ki, İngiltərə mətbuatı artıq Ellerdaysı İngiltərə millisinin baş məşqçisi Roy Hocsonun xələfi sayır.

Məhz yuxarıda adları çəkilən üç yeni transfer olmasaydı, bəlkə də, indi «Vest Hem» haqda danışmağa ehtiyac olmayacaqdı. Üçünə birlikdə nə qədər pul xərclənsə yaxşıdı? Təxminən 20 milyon avro. Amma indi onları satmaqla bu pulun üçqatını çıxarmaq olar. Fransız forvard artıq «Liverpul»un hədəfindədi.

Adətən, turnir cədvəlinin ortalarında (çox vaxt aşağılarda) məskən salan «Vest Hem» cari mövsümdə liderlər qrupundan uzaqlaşmır, «Arsenal», «Tottenhem», «Liverpul» kimi daha varlı Premyer Liqa klublarına fəxrlə yuxarıdan-aşağı baxır.

Latsio

Yayda Roma klubunun rəhbərliyi bütün Avropanın arxasınca süründüyü De Vreyin, A seriyasının ştatlı liderlərinin əsas hədəfi sayılan Parolo və Duşan Bastanın transferinə cəmi-cümlətanı 20 milyon avro xərclədi. Komandanın hazırki bombardiri Filip Corceviç isə Romaya bir «təşəkkür»ə gəlib. Yəni bu qədər sadə, amma çox ağıllı transfer siyasəti.

Yeni baş məşqçi Stefano Pioli veteran Miroslav Klozedən necə yararlanmaq lazım olduğunu daha yaxşı bilir. «Latsio» cari mövsümdə A seriyasında keçirdiyi oyunların yarısından çoxunda qələbə qazanıb. Ən böyük sürpriz isə Stefano Maurinin «perezaqruska»sı oldu. 34 yaşlı dayaq yarımmüdafiəçisi danışılmış oyunlar üzündən yarım il bekar otursa da, hazırda ən məhsuldar mövsümlərindən birini yaşayır. Menecerlik baxımından pleymeyker olmayan birini lazımi məqamda göndərməmək, ona etibar etmək də vacib qərarlardan biridir.

Cenoa

«Latsio»dan fərqli olaraq, genuyalıları irəli dartan yeni adlar deyil. «Cenoa» A seriyasında təcrübəsi olan «köhnə qvardiya»nın hesabına dirçəldi. Yeni transferlər demək olar hamısı öz qabına otuzdurulub. Alessandro Matri İtaliyanın nəhəng klublarında özünü göstərə bilmədi. Məsələn, «Kalyari»də daha aktiv idi, nəinki, «Yuventus», «Milan» və «Fiorentina»da. «Cenoa» isə əsl onun yeridi. Alessandro burada «iki oyuna bir qol» prinsipiylə oynayır. Yarımmüdafiəçilər də üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Klub rəhbərliyinin yayda transferlərə xərclədiyi məbləğ isə güməlidir - 5-6 milyon avro.

«Cenoa» A seriyasında 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb ki, bu yer avrokuboklara vəsiqə qazanmağa imkan verir.

Sevilya

«Ramon Sançes Pisxuan»da dünyanın ən yaxşı idman direktorunun işlədiyini söyləyə bilərik. Ramon Rodriges Monçi pulun qədrini bilən idarəçidi. «Zenit»in yağlı təklifinə aldanmayan, «Tottenhem»ə getməyən ispan «Barselona»ya yollanmağa hazırlaşır. Bu yüksəlişə səbəb də var: o, Fazio adlı müdafiəçini Argentinanın gecəqondu məhəllələrindən tapıb və qiymətini 10 milyon avroya kimi qaldırıb. Rakitiçin transferindən təkcə yaxşı pul yox, həm də perspektiv üçün iki kataloniyalı yeniyetmə qazanıb. Xesus Navas və Neqredonun transferindən əldə olunan 55 milyon avronun təxminən üçdə bir hissəsinə (17 milyon avro) tez bir zamanda komandaya uyğunlaşan Bakka və Qameyro kimi hazır «material» tapıb. Jerar Delofeu əlində çemodan aeroportları gəzməkdən bezmişdi. Məhz «Sevilya» onun əlindən tutdu və indi 20 yaşlı istedadlı futbolçu özünü təsdiqləməklə məşğuldu.

Bütün bunlar idman direktoru «Monçu»nun uğurlu işinin bəhrəsidi ki, «Sevilya» La Liqanın cari mövsümündə 15 turdan sonra 30 xalla 6-cı pillədə (bir oyun az keçirib) qərarlaşıb.

Vilyarreal

Bu miniatür şəhərin Çempionlar Liqasının yarımfinal oyununu qəbul etdiyi hələ yaddaşlardan tam silinməyib. Amma «Vilyarreal»ın Sequndaya yuvarlanması möcüzə oldu. Bəlkə də yaxşı oldu. Hər bir pis işdə xeyir olur. «Sarı sualtı qayıq» La Liqaya daha gənc, istəkli və enerjili qayıtdı. İndi bu komandanın heyətində Rikelme və Forlanlar yoxdur. Əvəzində yeni, ucuz, normal futbolçular var. Yayda iki faydalı transfer bu gün «Vilyarreal»ın avrokuboklar uğrunda mübarizə aparmasına səbəb olub. Rusiyalı Denis Çerışev az qala La Liqanın ən yaxşı assistentlərindən biri sayılır. Bir də Lusiano Vietto var. Argentina «Rasinq»i onu 10 milyona satmaq istəyirdi. İspanlar qiyməti «öldürə-öldürə» iki dəfə azaltdı və əla qoleadora sahib oldu. Vietto iki oyundan bir ya qol vurur, ya da məhsuldar ötürmə verir. Nəzərə alaq ki, onun 21 yaşı var və Avropada hələ birinci mövsümünü keçirir...

Ayntraxt

Ötən il bu vaxtı Bundesliqada turnir cədvəlinin 13-cü pilləsində yapışıb qalan Frankfurt klubu yuxarıdakı komandalara dərin köks ötürərək baxırdı. 2014-cü ilin mayında rəhbərlik baş məşqçi postuna «bremenli Budda» Tomas Şaafı gətirdi. Və ona ilin sonunda komandanı ilk səkkizlikdə görmək istədiyini bildirdi.

Almanların transfer bazarında mühafizəkar olduğu onsuz da məlum idi. «Ayntraxt» isə yayda uğurlu transfer siyasəti aparan klublar sırasında öncüllərdəndir. Son iki ildə B seriyasında klubları «ələkdən keçirən» Haris Seferoviç ötən mövsüm «Real Sosyedad»ın heyətində Çempionlar Liqası oyunlarında xeyli təcrübə qazandı. Almanlar belə məqamları diqqətdən qaçırmır. Meqapolis klubuna 2,5 milyon avroya başa gələn isveçrəli forvard Bundesliqada 15 oyuna 7 qol vurub artıq. «Çelsi»də özünə yer tapa bilməyən Lukas Piazon hələ ki, Almaniyaya uyğunlaşmağa çalışır. Bunun üçün onun qarşıda bir mövsümü və baş məşqçinin tam etimadı var. Zəhmətkeş Makoto Hasebe almanları yaxşı başa düşür. Almanlar da onu anlayır. Odu ki, veteran yapon yarımmüdafiəçi yorulmaq bilmir. «Ayntraxt»ın mərkəzdəki bütün yükü onun üzərindədir. Halbuki frankfurtlular onun transferinə bir qəpik də ödəməyib...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm