“Gümüş qarşıdurma”, yoxsa səhrada su axtarışı?
Bizi izləyin

İdman

“Gümüş qarşıdurma”, yoxsa səhrada su axtarışı?

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları eyni gündə - martın 8-də keçiriləcək.

Publika.az xəbər verir ki, Qadınlar bayramı gününə təsadüf edəcək turun oyunlarını kişilərin xanımlara bayram hədiyyəsi hesab edə bilərik? Yəqin ki, hər kəs bu suala “qətiyyən yox” cavabını verərdi. Səbəbi də aydındı: Azərbaycanda futbol qarşılaşmalarına kişilər getmədiyi halda, qadınlara hansı hədiyyədən danışmaq olar?

Onlardan baxımlı futbol gözləyirsiz?

Amma biz bütün hallarda turun oyunları barədə danışmağa, siz isə oxumağa məhkumsuz. Elə isə gəlin, işimizlə məşğul olaq. Ötən tur “Qarabağ”ın “Qəbələ”yə məğlub olması çempionatda müəyyən intriqanın qorunmasına şərait yaratdı. Ancaq bu müəyyənlik elə bu tur aradan götürülə bilər. Səbəb də sadədir - “Qarabağ”ın ən yaxın izləyiciləri bu turda üz-üzə gələcək. “Neftçi” - “İnter” qarşılaşmasını turun mərkəzi oyunu hesab edə bilərik. Bu oyunda yalnız “Bankirlər”in qalib gəlməsi çempionatdakı prinsipiallığı qorumağa yardımçı ola bilər. Çünki 3-cü pillədə qərarlaşan “Ağ-qaralar” “Qarabağ”dan 1 oyun çox keçirdiyindən, demək olar ki, çempionluq şansları yoxdur. Amma “Neftçi” ən azı 2-ci pilləni tutmaq üçün bu qarşılaşmada mütləq qalib gəlməlidir. Bu baxımdan yanaşsaq, turun mərkəzi oyununu “gümüş qarşılaşma” da adlandıra bilərik. Həm “Neftçi”, həm də “İnter” müdafiəyəmeyilli futbola üstünlük verir. Belə komandaların duelindən baxımlı futbol gözləmək səhrada su axtarmağa bənzəyir. Komandalar əsasən müdafiəyə diqqət ayırıb, rəqibin səhvini gözləyəcək.

Son 5 paytaxt derbisində “Neftçi” qələbə qazanmayıb. “İnter” isə rəqib meydanındakı son 6 görüşdə 3 xal əldə etməyib. Ümumilikdə isə son 6 qarşılaşmanın 5-də hər iki komanda qol sevinci yaşayıb.

Neftçi – İnter: 41 oyun, 19 qələbə, 13 heç-heçə, 9 məğlubiyyət, top fərqi - 61:38.

Məğlubiyyətin acığı cənublu gənclərdən çıxılacaq?

Çempionatın lideri “Qarabağ” “Xəzər Lənkəran”ı qəbul edəcək. Ötən tur gözlənilmədən “Qəbələ”yə məğlub olan “Köhlən atlar”ın qalib gələcəyinə şübhə yoxdur. Ona görə yox ki, “Xəzər Lənkəran”ın təcrübəsiz gəncləri çempiona müqavimət göstərmək iqtidarında deyil. Ona görə ki, “Qarabağ”ın məğlubiyyət limiti dolub. “Köhlən atlar” bu və ya digər səbəblərdən hansısa komandaya məğlub ola bilər. Amma 2 tur dalbadal eyni aqibəti əsla yaşamaz. Güman ki, “Qəbələ”yə məğlubiyyətin acığı elə cənublu gənclərdən çıxılacaq. “Köhlən atlar” ən yaxın izləyicilərinin - “Neftçi” və “İnter”in duelindən yararlanıb, xal fərqini artırmalıdır.

Son 10 oyunda heç-heçə etməyən əyalət təmsilçilərinin son iki matçında “Qarabağ” eynihesablı qələbə qazanıb. “Xəzər Lənkəran” isə son 4 matçda meydanı qol vurmadan tərk etməyib.

Qarabağ – Xəzər Lənkəran: 30 oyun, 14 qələbə, 4 heç-heçə, 12 məğlubiyyət, top fərqi - 34:36.

Birinci dəstədə top qovanlardan artıq deyillər

Ötən tur böyük ölçüdə adından söz etdirən “Qəbələ”nin sevinci uzun sürmədi. “Qarabağ” üzərində qələbədən sonra “Qəbələ”də hər şeyin qaydasına düşəcəyi güman edilirdi. Ancaq Azərbaycan kubokunun 1/4 finalında keçirilən “Simurq”la qarşılaşma başqa mətləblər ortaya çıxardı. Məlum oldu ki, “Qəbələ”nin ciddi problemləri var və Roman Qriqorçuk bu problemlərin əlində acizdir. Onun Ukraynadan gətirdiyi futbolçuların yararsız olduğu şəksizdir. Ancaq məsələ ondadır ki, “Qəbələ”nin heyətində olan yerli futbolçuların da yeri elita deyil. Hər halda, onların sərgilədiyi oyun bu qənaəti formalaşdırır. Əyalət təmsilçisinin yerliləri birinci dəstədə top qovanlardan qətiyyən artıq deyillər. Göstərdikləri oyunun keyfiyyətinə görə. Amma aldıqları vəsait isə çox-çox artıqdır - birinci dəstədə oynayan futbolçuların məvacibindən. “Qəbələ” bu tur çempionatın autsayderi “Sumqayıt”ı qəbul edəcək. Əyalət təmsilçisi üçün kubokda mübarizə bitib. Avrokuboklara vəsiqə əldə etmək üçün son ümid yeri çempionatdır. Bunun üçün isə ən azı bu tur “Sumqayıt”a qalib gəlmək lazımdır. Sonrası isə “Allah kərimdir” deyiminə bağlıdır. “Qəbələ” “Sumqayıt”a da qalib gələ bilməsə... Bilməsə, Qriqorçuk dəstəsilə birgə Ukrayna şaxtalarına, yerli futbolçular da birinci dəstəyə göndərilməlidir.

“Qəbələ” sumqayıtlılarla qarşılaşmalarda böyük üstünlüyə malikdir. “Gənclik şəhəri” təmsilçisi indiyədək səfər matçlarında xal qazana bilməyib. “Qəbələ” əvvəlki 10 matçın hamısında qol sevinci yaşayıb.

Qəbələ – Sumqayıt: 10 oyun, 8 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 23:8.

Meydana çıxmamışdan əvvəl məğlub olurlar

Turun daha bir qarşılaşmasında isə AZAL “Bakı”nı qəbul edəcək. Hələ ki, avrokuboklara vəsiqə ümidini itirməyən “Təyyarəçilər” üçün əla fürsətdir. Ac-yalavac “Bakı”ya qalib gəlib, avrokubok ümidini qorumaq üçün. Tərlan Əhmədovun yetirmələri bu vəzifəni reallaşdırmaq üçün çox güc sərf etməməlidir. “Bakı”da durum elədir ki, futbolçular meydana çıxmamışdan əvvəl məğlub olurlar. Təbii ki, peşəkarların yarışında çıxış edib, həvəskarların da durumuna həsəd aparan futbolçulardan keyfiyyət tələb etmək də yersizdir.

25-ci – yubiley paytaxt derbisi öncəsi “Bakı” minimal üstünlüyə malikdir. AZAL isə son iki ev matçında məğlub olub. Paytaxtın eyniadlı təmsilçisi son 5 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

AZAL – Bakı: 24 oyun, 9 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət, top fərqi - 22:23.

Azərbaycan Premyer Liqası, 25-ci tur

8 mart

15:00 Neftçi - İnter

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Asim Xudiyev.

Bakı. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu

16:00 AZAL - Bakı

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Fazil Mürşüdov.

Bakı. "AZAL Arena"

17:00 Qarabağ - Xəzər Lənkəran

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Kərim Ağayev.

Bakı. T.Bəhramov adına Respublika stadionu

18:00 Qəbələ - Sumqayıt

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

Qəbələ. Şəhər stadionu

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm