• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səudiyyə haqqında ŞOK PROQNOZ: iki ilə çökə bilər

Səudiyyə haqqında ŞOK PROQNOZ: iki ilə çökə bilər

Britaniyada çıxan “The Daily Telegraph” qəzetinin biznes redaktoru Ambrose Evans-Priçard yazır ki, OPEC ABŞ-ın “şist nefti inqilabını” əngəlləmək işində gecikib, çünki neft qiymətlərinin qalxacağı təqirdə Amerikanın neft hegemonluğu qarşısıalınmaz olacaq.

Məqalədə deyilir ki, əgər bazarlardakı neftin proqnoz qiymətləri düzgündürsə, onda ən zəngin neft ölkəsi Səudiyyə Ərəbistanının iflası iki ilə başlaya bilər. Müəllif yazır ki, səudlar ötən noyabrda neft qiymətlərinin sabitləşdirilməsindən əl çəkib bazarı xammalla doldurmaqla xatalı bir qumara giriblər.

Onlar başqa rəqiblərini tamamilə sıradan çıxarmaq üçün neft hasilatını gündə 10, 6 milyon barrelə çatdırıblar.

“OPEC daha yoxdur”

Amerika Bankı bildirir ki, “OPEC real olaraq artıq mövcud deyil”. Bankın fikrincə, bu şəraitdə kartelin Vyanadakı ofislərini bağlayıb pula qənaət etməsi daha sərfəli olardı.

“Əgər məqsəd Amerikanın şist sənayesini iflic etmək idisə, Səudiyyə möhkəm yanılıb” – məqalədə deyilir.

İndi səudlar öz taktikalarının işləməsi üçün səbir lazım olduğunu bildirirlər. Lakin bir Səudiyyə eksperti daha açıq danışıb: “Bu siyasət işləmədi və heç vaxt da işləməyəcək”.

Qəzet yazır ki, Səudiyyənin və onun Körfəz müttəfiqlərinin qiymət siyasəti Rusiya Arktikasının, Meksika körfəzinin, Atlantik okeanındakı dərin yataqların və Kanadanın neftli qumlarının gələcək perspektivlərini öldürüb.

Wood Mackenzie konsaltinq şirkətindən olan ekspertlər bildirirlər ki, neft və qaz şirkətləri 46 iri layihəni “sandığa” atıblar. Beləliklə, 200 milyard dollar investisya qaçırılıb.

ABŞ – yeni neft nəhəngi

Lakin Səudiyyənin problemi ondadır ki, Amerika şisti bahalı layihə deyil. Üstəlik ekspertlərin hesablamalarına görə yeni texnologiyalar şist neftinin bir vahidi üçün xərcləri 45 sentə sala bilər.

Elə hazırkı texnika da frekinqçilərə eyni sahədən müxtəlif istiqamətlərə baxan 10 quyu qazmağa imkan verir.

Məsələn, Şimali Amerikada qazma quyularının sayı ötən il 1606-dən 664-ə enib, amma hasilat son 43 ildə ən yüksək həddə - gündə 9, 6 milyon barrelə yüksəlib.

OPEC-ə daxil ölkələri indi daimi təhlükə izləyir. Neft qiymətlərində hər hansı artım, avtomatik olaraq ABŞ-ın hasilatını artıracaq.

Ekspertlər bildirirlər ki, Texasdakı Permian hövzəsi uzun müddətdə günə 5-6 milyon barrel neft hasil edə bilər. Bu isə Səudiyyədə dünyanın ən böyük Qəvar yatağındakı hasilatdan çoxdur.

20 sentə “benzin cənnəti” qurtarır

Ona görə də Səudiyyə Ərəbistanı üçün xilas yolu qalmayıb. Bu ölkənin öz büdcəsini tarazlaması üçün neftin bir barrelin qiyməti ən azı 90 dollar olmalıdır. Səudiyyədə neft gəlhagəlinin davam etdiyi 50 ildə heç bir başqa sənaye sahəsi yaradılmayıb.

Səudiyyə vətəndaşları hazırda gəlirdən və dividentlərdən vergi ödəmirlər. Dövlət subsidiyaların köməyi ilə benzinin bir litrinin qiymətini 20 sent olaraq saxlayır, elektrik enerjisinin bir kilovat saatı 1, 3 sentdir. Səudiyyə monarxiyası Ərəb baharının ardınca mümkün narazılıqların qarşısını almaq üçün himayəsində olan böyük əshabə aparatına ödənişlərini (və ya paket maaşlarını) kəlləçarxa qaldırıb.

Beynəlxalq Valyuta Fondunun hesablamasına görə, Səudiyyənin bu il üçün büdcə gəliri Ümumi Daxili Məhsulun 20 faizini təşkil edəcək. Bu isə 140 milyard dollar deməkdir.

“The Daily Telegraph” yazır ki, “kral Salman belə bir şəraitdə qənaət etməkdənsə, pul səpələyir. O özünün tacqoyma mərasimi ilə əlaqədar fəhlələrə və pensiyaçılara mükafat kimi 32 milyard dollar xərcləyib”.

Sünni-şiə müharibəsi

Bununla yanaşı ölkə, Yəməndə şiə husilərə qarşı çox bahalı hərbi kampaniyaya başlayıb. Bu da nəzərə alınmalıdır ki, Səudiyyə öz müharibəsini tamamilə idxal olunmuş silah-sursatla aparır.

Səudiyyənin kral ailəsi üsyankar İrana qarşı bütün Yaxın Şərq boyunca hegemonluq uğrunda gedən sünnü-şiə çarpışmasında sünni mübarizəsinə rəhbərlik edir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş başçısı Cim Volsey deyir ki, bu saat səudların beynində bir fikir var və bu, iranlılardır. Onlar çox ciddi problemlə üzləşiblər. İranın əlaltıları Yəmənə, Suriyaya, İraq və Livana başçılıq edirlər.

Neft fondu ayda 12 milyard dollar tükənir

Bu arada ölkənin neft fondu da sürətlə boşalmaqdadır. 2014-cü ilin avqustunda ehtiyat fondunda 737 milyard dollar vardı. Bu rəqəm bu ilin iyununda artıq 672 milyard dollara enib. Hazırkı neft qiymətləri ilə Səudiyyənin ehtiyat fondu ayda azı 12 milyard dollar azalır.

Səudiyyə Mərkəzi bankının keçmiş rəsmisi Xalid Alsveilem deyir ki, Körfəz ölkələrindən Küveyt, Qətər və Əbu Dabinin adambaşına düşən ehtiyat vəsaiti Səudiyyədəkindən çoxdur.

Standard & Poor agentliyi ötən fevralda ölkənin reytinqini “mənfiyə” endirib. Qurum bildirir ki, Səudiyyə Ərəbistanının diversifikasiya etməmiş sənayesi neft qiymətlərinin tənəzzülü qarşısında gücsüzdür.

Norveç kimi etsəydi 1 trilyonu olardı

Hazırda Harvard Universitetində çalışan Xalid Alsveilem öz hesabatında yazır ki, Səudiyyə Ərəbistanı vaxtında neft fondu barəsində Norveç modelini seçsəydi və pulu maliyyə nazirliyinin daxılına yığmaqdansa, “fırlatsaydı”, indi əlavə olaraq 1 trilyon dolları olardı. Bu hesabat ər-Riyadda tufan effekti yaradıb.

"Əvvəllər bəxtimiz gətirirdi, çünki neftin qiyməti vaxtında dirçəlirdi, lakin bu dəfə belə bir hala ümid bağlaya bilmərik” – Alsveilem deyib.

Ekspertlər bildirirlər ki, neft qiymətlərini uzun müddətdə yüksək saxlamaq yanlış siyasət idi, çünki bu, freking və günəş enerjisi kimi sənayelərin inkişafını sərfəli edirdi. OPEC artıq gecikib. Hətta bundan sonra Səudiyyə və Rusiya arasında hasilatı ixtisar etmək barədə sövdələşmə əldə edilsə də, onlar çətin ki, daha bir neçə il ayaq üstə qala bilərlər.

Vəhabi rejimi təhlükədədir

The Daily Telegraph-ın yazdığına görə Səudiyyə 1980-ci illərdəki kimi investisiyalarını qısa bilər, lakin ən ağla batanı budur ki, ölkəni çox sərt qənaət siyasəti gözləyir.

Belə olduğu halda isə Səudiyyə bundan sonra Misiri dolandırmaq və sünni aləmində siyasi hegemonluğunu saxlamaq funksiyasının öhdəsindən gələ bilməyəcək.

Sosial xərclər orta əsrlərə xas vəhabi rejiminin sementidir. Lakin indi, ölkənin şərqindəki şiə əhalisi arasında narazılığın artdığı, İŞİD terror aksiyalarının baş verdiyi və Yəmənə hərbi müdaxilənin həyata keçirildiyi bir şəraitdə əhali üçün xərcləri qısmaq lazım gələcək.

“The Daily Telegraph” yazır ki, Yaxın Şərq demokratik qiyamın sarsıntısından özünə gəlməmiş orta əsrlər Avropasının 30 illik müharibəsinə bənzəyən dövrə qədəm qoyub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR