Kurtlar vadisinin Rus baronu İbrahim Ahiskalı– Fotolar
Bizi izləyin

Ekopublika.az

Kurtlar vadisinin Rus baronu İbrahim Ahiskalı– Fotolar

O, Türkiyənin ikinci ən varlı adamıdır. Sahib olduğu holdinq Rusiyada daha çox tanınır, nəinki öz ölkəsində. Dediyinə görə, sərvəti 3.3 milyard dollar qiymətləndirilsə də, evində bir qəpik pulu yoxdur. Tələbələrə milyonlar xərcləyən bu şəxs indiyə qədər nə böhrandan, nə də rəqiblərlə çəkişmələrdən bir qəpik pul itirib. Söhbət Şarık Taradan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Ş.Taranın biznes hekayəsini təqdim edir.

Əsil-nəcabətli ailə

1930-cu ildə Üsküpdə anadan olan Şarık Tara Türkiyənin varlı iş adamları arasında əsil-nəcabətinə görə ilk sırada dayanır. Anası Mahmurə xanım Osmanlı padşahı I Bəyazidin Üsküp və Kosova bölgəsinə rəhbər təyin etdiyi İgid bəyin nəvəsi, atası Fevzi isə Karadağ mənşəli ticarətci Hacıhamziç ailəsinə məxsusdur. Üsküp, Beyrut və Belqradda təhsil alan Fevzi bəy ixtisasca vəkil olub. Sancaq və cənub Yuqoslaviya müsəlmanlarının Yuqoslaviya Krallığı nəzdində təmsilçi olub. Monastırda vəkil kimi təcrübə keçərkən gələcək həyat yoldaşı Mahmurə xanımla tanış olub.

Kürəkən və qayın sözlərinin ilk hecalarından şirkət

Gələcəyin iş adamı 1942-ci ildə İstanbula gəlib. 1944-cü ildə ailəsi də Türkiyəyə köçüb. Şarık Tara orta təhsilini Şişli Tərəqqi Liseyində tamamlayıb. 1954-cü ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsindən məzun olub. Qısa müddət inşaat şirkətlərindən birində işləyib. 1957-ci ildə bacısı Vildan Gülçelikin əri Sədi Gülçeliklə birgə “ENKA Kollektiv Şirkəti”ni qurub.

Özü həmin günləri belə xatırlayır: “Mən “ENKA”nı 27-28 yaşlarında ikən yaratdım. İşlədiyim yerdə mükafatımı vermədilər. Ona görə işdən ayrılıb öz şirkətimi qurdum. Yaxşı ki, belə oldu. Şirkəti qurduğumuz illərdə İstanbul Texniki Universitetindən sinif yoldaşlarım da bizimlə idi. İdarə sistemimiz bu səbəbdən bir az maraqlı idi”.

Yeri gəlmişkən, şirkətin adı türk dilində kürəkən (enişte) və qayın (kayınpeder) sözlərinin ilk hecalarından – “EN” və “KA” – götürülüb. ENKA-nin əsas fəaliyyət istiqaməti inşaatdır. Bazara daxil olduğu ilk illərdə İstanbul sərhədləri çərçivəsində sənaye fabrikləri, limanlar, anbarlar, körpülər, yollarının tikintisini həyata keçirib. ENKA-nin o dövrdəki əhəmiyyətli layihələri sırasına Türkiyədəki Aksu Kağız Fabriki, Chrysler Yük maşını Montaj fabriki, Haydarpaşa Hububat Anbarının inşası daxildir.

“Holding”ə çevrilir

1960-ci ildə ilk dəfə “ENKA” Pimaş Plastik və Altaş Polad Əl Alətləri fabriklərinə sərmayə qoyub. 1967-ci ildə on illik sürətli inkişafın ardından anonim şirkətə çevrilib. "ENKA İnşaat və Sənaye Anonim Şirkəti" kimi fəaliyyətini davam etdirib. 1971-ci ildə ilk dəfə Türkiyə sərhədlərini aşıb. Liviyada, daha sonra Səudiyyə Ərəbistanında layihələr reallaşdırıb. 1972-ci ildə “ENKA” “Holding A.Ş.” adlandırılıb. 1980-ci ildə baş verən təyyarə qəzasında şirkətin ortağı Sədi Gülçelik vəfat etdikdən sonra bütün məsuliyyət Ş.Taranın üzərinə düşüb.

Rusiya bazarına çıxış

Soyuq müharibənin bitməsindən sonra – 1988-ci ildə “ENKA” Rusiya və türkdilli ölkələrə ayaq açır: “O zamanlar Rusiya hələ xaricə açılmamışdı. Qorbaçovun rəhbərliyinin ilk illəri idi. Rusiya daxilində sərmayə qoymağa başladıq, ofis binalarına, daşınmaz əmlaka sahibləndik. Məsələn, Türkiyədə “ENKA”nın mərkəzi ofisi xaricində daşınmaz əmlakımız yoxdur. Rusiyada Koçlarla ortaq olaraq “Ramenka”nı təsis etdik. İşimiz çox yaxşı gedirdi. Amma ortaqlığı pozmaq qərarını verdik. Tələb yenə bizdən deyil, qarşı tərəfdən gəldi. Hazırda Rusiyada çox hörmətli şirkətik. Tenderlərə girərək iş almırıq. Həmişə dəvət edilirik və bazarlıqla işi bitiririk. Başqa ölkələrdə də belə olur”.

Qeyd edək ki, “ENKA” 1993-cü ildə Rusiyadakı Ağ Evin yenidən qurulması işlərini aparıb. Eləcə də Dövlət Dümasının, Hökümət Evinin rekonstruksiyasını o reallaşdırıb. Hazırda holding “Moskva-Siti”də bir neçə qüllənin tikintisini aparır.

Koçlarla birgə Rusiyada “Ramstor”u qurur

Onu da qeyd edək ki, Rusiya bazarına giriş, doğrudan da, “ENKA”nın fəaliyyətində əsaslı dönüş yaradır. Holdinq daha da inkişaf edir. 1997-ci ildə “Ramenka” “Migros”la (Koçlar) ortaq şəkildə supermarket şəbəkəsi “Ramstor”u açır. Yeni illərdə şəbəkənin Rusiyanın 10-dan çox şəhərində 10 ticarət mərkəzi, 52 hiper-supermarketi fəaliyyət göstərməyə başlayır. 2006-cı ildə hətta “Ramenka”nın dövriyyəsi 598.7 milyon, xalis gəliri 27.42 milyon dollara yüksəlir. 2007-ci ildə “ENKA” 542.5 milyon ödəyərək “Migros”un payını satın alır. Bir müddət sonra holding “Ramstor”u satmaq qərarına gəlir, lakin alıcı tapa bilmir. Nəticədə, supermarketlər Fransanın “Auchan” setinə 10 illik icarəyə verilir.

Kapitalı

1957-ci ildə qayını ilə “ENKA”nı quran Ş.Tara 1995-ci ildə “Tara Holding”i təsis edib. “Tara Holding” “ENKA Holding A.Ş”nin 49.27 faiz nisbətiylə ən böyük ortağıdır.

“Tara Holding” qurulmuş və ya qurulacaq şirkətə texniki, maliyyə, təşkilatı məsələlərlə bağlı məsləhətlər verir, “ENKA Holding A.Ş.” isə Türkiyədə ticarət mallarının, körpülərin, hava limanlarının tikintisi ilə məşğul olur. “ENKA Holdinğ”ə həmçinin “Ramstor” supermarketlərinin idarəsini aparan “Ramenka” şirkəti də daxildir. 2006-cı ildə holdingin dövriyyəsi 4 milyard dollar təşkil edib. Rusiya mənbələrinə görə, “ENKA” Moskva meydanında ümumi həcmi 135 000 kvadratmetr olan ofis binalarına sahibdir. Ş.Tara “ENKA Holdinğ“in fəxri prezidentidir.

Şarık Taranın uğurunun sirri nədədir?

İş adamı özü bu haqda belə deyir: “Təcrübəyə inanmıram. Yeniliklərə adaptasiya ola bilmədikdən sonra təcrübənin əhəmiyyəti yoxdur. Alman tikinti şirkətləri bu səbəblə yox oldular. Biz yenilikləri dərhal mənimsəyirik. Rəhmətlik Vehbi Koç bir gün məndən soruşdu ki, Şarık, bu necə idarəetmə tərzidir? O hətta bizim rəhbərlik tərzimizə "Böyük qardaş menecment" adını qoymuşdu. Yəni ilk qurulduğumuz illərdə şirkətdə mühit iş yerlərində alışılan idarəetmədən fərqli idi. Aramızda möhkəm sevgi, hörmət, yoldaşlıq əlaqələri vardı. Biz çox diqqətliyik. Buna görə, heç vaxt pul itirməmişik, kimləsə ixtilafa getməmişik.

Çoxları bizə niyə Türkiyəyə deyil, Rusiyaya sərmayə yatırdığımızın səbəbini soruşur. Bunu bir hekayə ilə izah edəcəm. Amerikada ibtidai məktəbin birinci sinif şagirdləri arasında "Dünyanın ən məşhur insanı kimdir?" mövzusunda sorğu keçirilir. Şagirdlərdən biri Sezar, digəri Kennedi, bir başqası Napoleon deyə cavab verir. Bir uşaq isə "İsa" deyir. Əlbəttə, ABŞ kimi konservativ ölkədə kimsə bu cavabın qarşısında başqa seçim edə bilməzdi. Beləliklə, həmin cavabı deyən şagird yarışmanın qalibi olur və 1 dollar mükafatını alıb evə gedir. Maraqlısı isə odur ki, şagird yəhudi əsilli idi. Hadisəni atasına danışdıqda o, oğluna "niyə Musa cavabını vermədin? Utanmırsanmı?" deyə soruşur. Uşaq bu cavabı verir: "Father, Moses his moses. Business his business". Yəni "İş işdir. Musa isə Musadır". Yəni uşaq "Musa" cavabını versəydi, sinifdəkilərin ağlına dərhal "İsa" gələcəkdi və o da 1 dollar mükafatı itirəcəkdi. “ENKA” Rusiyada daşınmaz əmlakdan yaxşı qazanır. Buna görə orada böyüməyə davam etmək istəyirik”.

Sərvəti

“Forbes”in qiymətləndirməsinə görə, Şarık Tara 3.3 milyarda sahibdir. Pulunun həcminə görə, dünya milyarderləri arasında 523-cü, Türkiyədə 2-ci sıradadır. Ötən bir ildə Taranın sərvəti 3.4 faiz - 107.8 milyon dollar artıb.

Ailəmin kökünü araşdırıram

Ş.Taranın iş xaricində başqa nə ilə məşğul olmasına gəlincə, “ailəmin kökünü araşdırıram” deyə cavab verir: ”Princeton Universitetində doktorluq müdafiə edən, 9-10 dil bilən saraybosnalı gənc tarixçi tapmışam. Araşdırmanı o aparır. Babam Paşa İgid bəyə Papanın yazdığı bir məktubu ortaya çıxarmışıq. Papa məktubunda Paşa İgid bəydən Roma tacirlərini oğrulardan qorumağı rica edir”.

Yaxşı oxumasa da, əla mühəndis olub

Türkiyənin ən varlı adamı yaxşı oxumadığını bildirir: “Məktəbdə yaxşı tələbə deyildim. Amma çox yaxşı mühəndis oldum. Uzun illər idmanla məşğul olduğumdan bu sahədə mütəxəssisəm. Klassik musiqini yeni öyrənmişəm. Son 10 ildir ki, yaxşı klassik musiqi dinləyicisiyəm. Hansı əsər Bramsa, hansı Bethovenə aiddir, ilk notdan bilərəm. Vivaldini, Baxı isə bu sıraya aid edə bilmərəm”.

Uşaqlarına asan ad seçib

Ş.Tara adının tələffüzünün çətinliyindən şikayətlənir: “Adım çətindir və bir çox adam qarışdırır. Məsələn, Şarık Tara əvəzinə Tarık Şara deyirlər. Buna görə uşaqlarımın adını Sinan, Zeynəb, Leyla qoymuşam. Nəvələrimin adları isə Əhməd, Məmməd, Ceyda, Əsərədir. Gördüyünüz kimi, hamısı asan adlardır”.

“Evimdə pul yoxdu”

Yuxarıda bildirdiyimiz kimi, böhrana, İstanbul Birjasındakı təlatümlərə baxmayaraq, Taranın sərvəti artıb. İş adamının buna cavabı isə sadədir: “Xaricdə fəaliyyət göstərdiyimiz üçün Türkiyə iqtisadiyyatından çox təsirlənmirik. Bütün işlər kurs üzərindədir. Siyahıda ifadə edilən sərvətim “Tara Holding”dən daxil olur. “ENKA” bu holdinğin 50 faizinə sahibdir. Özümə aid pulum yoxdur. Hər şeyim şirkətlərdədir. 2 min 500 şagirdə təqaüd verirəm, dolanışıq çətinliyi çəkənlərə kömək edirəm. Ehtiyacım olmasa, özümə 5 qəpik belə ayırmıram".

Maraqlıdır ki, “ehtiyacım olmasa, özümə 5 qəpik belə ayırmıram” deyən Şarık Tara ad günü hədiyyəsi kimi qızı Leylaya 4 milyon dollara ada satın alıb.

“6 il gəzib sonra evləndik”

Ş.Tarakın şəxsi həyatına gəlincə, iş adamı pulla bərabər qadınları da sevir: “Qızların arxasınca düşdüm. Düzdür, hər şeydən əvvəl iş gəldi. Bir də arvadım Laləni çox tez tanıdım. Bacımla birlikdə oxuyurdu, mən onlara kimya öyrədirdim. 6 il gəzdik və sonda evləndik. 26 yaşındaydım evlənəndə.

Doğuşdan şanslıyam

“Mən həmişə şanslıydım. Çünki elə olduğuma inanıram. Bunları anamdan öyrənmişəm. Hər kəsi də sevirəm. Çünki anam "Sevmək zövqdü, sevməmək axmaqlıq!" deyərdi. Necə xoşbəxt olmağı bilən insanam. Mənə "səni niyə hər kəs sevir?" deyə sual verirlər. Cavab budur, çünki mən hər kəsi sevirəm”.

Kapitalist kimi qazan, sosialist kimi payla

İş gördüyüm, razılaşdığım hökumətlərin hamısı sosialist hökumətlərdir. Çoxlu kommunist yoldaşlarım var. Millət təəcüblənir. "Necə bacarırsan" deyə soruşana bildirirəm ki, kapitalist kimi qazanıb, sosialist kimi paylamalısan.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm