• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qardaşıyla rəqib, oğluyla düşmən olan brend sahibi

Qardaşıyla rəqib, oğluyla düşmən olan brend sahibi

İdman geyimləri bazarının lokomotiv brendlərindəndir. Məşhur “Adidas”ın banisi Adolf Dasslerin qardaşına məxsus bu brendin daimi və əzəli rəqibi də elə “Adidas”dır. Söhbət “Puma” dan gedir.

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Puma”nın yaranma tarixçəsini təqdim edir.

Kuryerlik

“Puma”nın yaradıcısı A.Daslerin böyük qardaşı Rudolf Dasslerdir. Ailəsinin dili ilə desək, Rudi.

O, 1898-ci il martın 26-da dünyaya göz açıb. Uşaq vaxtından əməyə öyrəşən R. Dasslerin ilk işi kuryerlik olub. O, anası Paulina Dasslerin yuduğu təmiz yataq dəstlərini müştərilərə çatdırırdı. Daha sonra atası Kristof Dasslerin işlədiyi ayaqqabı fabrikinə düzəlir. 1914-cü ildə Birinici Dünya müharibəsi dövründə böyük qardaşı ilə birgə orduya yollanır. Müharibənin davam etdiyi müddətdə Belçika cəbhəsində xidmət edir. Təxris olunduqdan sonra Münhendə polis kursunu bitirir. Bir müddət çini qablar fabrikində, dəri məmulatları müəssisəsində distribütor işləyir. Bununla paralel, ailə biznesinin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, 1918-ci ildə müharibənin Almaniya üçün məğlubiyyətlə bitməsi və ölkədə iqtisadi xaosun başlaması, işsizliyin artması Dasslerlərin müflis olmasına gətirib çıxarmışdı. Vəziyyətdən çıxış yolu tapmaq barədə düşünən ailə ayaqqabı istehsalı biznesinə başlayır. İstehsal məqsədilə məkan kimi Paulina Dasslerin çamaşırxanası seçilir. Dasslerlər ailəsinin ilk istehsalı yataq otağı üçün tərliklər olur. Tərliklərin üst hissəsi əsasən istifadədən çıxarılmış hərbi formalardan, atlıqları isə köhnə avtomobil təkərlərindən hazırlanırdı.

Birgə biznes

1924-cü ilin iyulun 1-də Rudolf və qardaşı Adolf rəsmi şəkildə “Gebrüder Dasslerş” şirkətini (“Dassler qardaşlarının ayaqqabı fabriki”) qururlar. Məhsulun dizaynı, istehsalı ilə Adolf, satışla isə Rudolf məşğul olur. İşlər o qədər yaxşı gedir ki, 1925-ci ildə Adolfun beyninə istehsalın növünü dəyişib futbol ayaqqabıları tikmək gəlir. Beləcə, mismarlı idman ayaqqabıları peyda olur. İdeya bazarda özünü tutur. Getdikcə Dasslerlərin istehsal həcmləri evlərinin hüdudlarına sığmır. 1927-ci ildə öz fabrikləri üçün bina kirayələyirlər. İşçi sayını 25 nəfərə, fabrikin istehsal gücünü gündəlik 100 cüt ayaqqabıya çatdırırlar. Bir müddətdən sonra Dasslerlər kirayələdikləri binanı da satın alırlar.

Faşistləri dəstəkləyir

Bir çox iş adamları kimi, Dasslerlər də dövrlərinin hitlerçisi olublar. Rudolf yaşadığı Hersoqenauraxedə faşistləri dəstəkləyən ilk şəxslərdən biri idi. 1932-ci ildə o, Sosialist Alman İşçi Partiyasına səs verir, 1933-cü ildə isə partiyanın üzvü olur. İkinci Dünya Müharibəsi dövründə isə qardaşı ilə Hitlerin ordusuna ayaqqabı istehsal edir. Onların ayaqqabı fabriki bir müddət tanklara qarşı istifadə edilən "Panzerşrek" (“Panzerschreck”) silahının istehsalı məqsədilə də istifadə olunur.

Qardaşı onu satır

1943-cü ildə Rudi orduya çağırılır. Lakin 1945-ci ildə Qırmızı Ordu Almaniya sərhədlərinə yaxınlaşdığı zaman Hersoqenauraxedən qaçır. Həmin ilin aprelində fərariliyə görə gestapo tərəfindən həbs edilir və Daxau düşərgəsində saxlanılır. R.Dassleri Amerika ordusunun əsgərləri azad edir. Amma bu azadlıq uzun çəkmir. Elə həmin iyulun 25-də armerikalılar Rudolfu gestapo ilə əməkdaşlıqda günahlandıraraq azadlıqdan məhrum edib, Hersoqenauraxedəki Amerika ordusuna məxsus düşərgədə saxlayırlar. Bir müddət sonra Rudolfa məlum olur ki, amerikalılar onu özgənin deyil, doğmaca qardaşı Adolfun şikayəti əsasında həbs ediblər. Konkretləşdirsək, A.Dassler o vaxt evində saxladığı amerikalı əsgərlərə qardaşının alman gestaposuna işlədiyini söyləyir. İş üzrə dəfələrlə dindirilən Rudolf isə məhz Adolfun təşəbbüsü ilə fabrikdə hərbi ləvazımatların istehsal edildiyini, qardaşının daha çox günahkar olduğunu deyir.

Paylarını ayırırlar

R.Dassler 1946-cı il iyulun 31-də azad edilir. Artıq qardaşlar bir-birlərinin üzünə baxacaq vəziyyətdə olmurlar. Aralarında ciddi narazılıqlar başlayır. 1948-ci ildə atalarının vəfatından sonra paylarını ayırırlar. Hər ikisi ailə biznesinin rəmzlərindən istifadə etməməyə dair razılığa gəlir və hərəsi özünün ayrıca istehsal şirkətini yaradır.

Maraqlısı isə odur ki, düşmən qardaşların istehsal müəssisələri bir-birindən cəmi yüz metr aralıda yerləşir.

“Puma”nın yaranışı

Rudolf ilk əvvəl şirkətinin adını “Ruda” (özünün ad və soyadının ilk hecalarına uyğun) kimi rəsmiləşdirir. Amma 1948-ci ilin oktyabrında bu adı dəyişdirərək “Puma” edir. 1952-53-cü ildə futbol sezonunda idman ayaqqabıları olan “Super Atom” modelləri buraxılır. “Borussiya”, “Ayntraxt”, “Ştutqart ” kimi idman klubları, hətta milli komandanın oyunçuları Horst Ekkel və Vernet Librix Rudolf bu idman ayaqqabılarından geyinməyə başlayırlar. 1953-54-cü ildə daha da təkmilləşdirilmiş model olan “Brasil” istehsal edilir. 1954-cü ildə Almaniya Federativ Respublikasında keçirilən futbol oyunlarının finalında qalib komandanın 8 oyunçusunun ayağında həmin modeldən olması “Puma”nı məşhurlaşdırır. Amma həmin ildə”Adidas”ın ayaqqabılarını geyinən AFR yığma komandasının dünya çempionatında qalib gəlməsi Rudoldun sevincini ürəyində qoyur. Çünki uduzan Braziliya yığması ”Puma”nın ayaqqabılarında yarışmışdı. Qəzəbini gizlədə bilməyən Rudolf açıq şəkildə bəyan edir ki, “Adidas” heç də dünyanın ən yaxşı idman ayaqqabısı deyil, brendin bu yöndəki şüarı insanları yanıldır. O hətta “Adidas — dünyanın ən yaxşı idman ayaqqabısı” şuarının reklam çarxlarından yığışdırılması tələbi ilə məhkəmə iddiası qaldırır və prosesi qazanır. Rəqibi olan qardaşı da dinc dayanmır. “Adidas” daim “Puma”ya qarşı istehsal texnologiyalarını oğurladıqlarına dair məhkəmə iddiası qaldırır. Adolf hətta qardaşı ilə məzənərək belə deyirdi: “Rudolfda həmişə “deşik” yarananda ona dəstək olurdum və deyirdim ki, bu mənim

ixtiramdır axı. O indi İsveçrə pendiri kimi görünür”.

Mübarizə oğullar səviyyəsində

1928-ci ildə 18 yaşlı qızla evlənən R.Dasslerin bu nigahdan iki oğlu – Armin və Qerd dünyaya gəlir. Onlar sonradan atalarının qurduğu biznesdə aparıcı fiqurlardan birinə çevrilirlər. Rudolfun böyük oğlu Armin xüsusilə şirkətin işində yaxından iştirak edir, hətta tez-tez atası ilə razılaşmırdı. 1960-cı illərin əvvəlində onların arasında narazılıqlar ictimai səviyyəyə yüksəlir. Armin mətbuatda açıq şəkildə atasının konservativ metodlarını tənqid edir. Nəticədə R.Dassler oğlunu şirkətdən uzaqlaşdırır. 1964-cü ildə isə Armin ikinci dəfə evlənərkən atası onun nigah mərasiminə belə gəlmir. Lakin çox keçmir o, Armindən şirkətin idarəçiliyinə kömək üçün evə qayıtmasını xahiş edir. Çünki kiçik oğlu Qerdi törəmə şirkəti yaratmaq məqsədilə Fransaya göndərmişdi. Armin qayıdır və əbədi rəqibləri olan “Adidas”la ciddi rəqabətə girir. 1970-ci ildə dünya çempionatında zamanı artıq “Adidas”la “Puma”nın savaşı qardaşlar deyil, onların oğulları səviyyəsində davam edir.

Ölüm yatağında qardaşını arzulayır

İki möhtəşəm idman geyimi brendinin baniləri Adolf və Rudolf Dasslerlər ömürlərinin sonunadək üsülü qalırlar. 1974-cü ildə həkimlər Rudolfda ağciyər xərçəngi aşkarlayırlar. O, ölüm yatağına düşür. Can verməmişdən bir neçə dəqiqə əvvəl keşişdən qardaşını çağırmasını xahiş edir. Amma Adolf onun son istəyini yerinə yetirmir və keşişdən qardaşına onu bağışladığını çatdırmasını istəyir. “Adidas”ın bu haqda press-relizində isə belə yazılır: “Adolf Dassler ailəsi Rudolf Dasslerin ölümü barədə hər hansı rəy vermək istəmir”.

İki dəfə vəsiyyətnamə yazır

R.Dassler iki dəfə vəsiyyətnamə yazır. Birincidə o, şirkətinin səhmlərinin 60 faizini Arminə, 40 faizini isə Qerdə vəsiyyət edir. Amma ölümündən bir qədər əvvəl fikrini dəyişərək Qerdi yeganə varis elan edir. Armin atasının son istəyini qanunsuz adlandırır və bu yöndə məhkəmə işini qazanır.

Onu da bildirək ki, Rudolf təbiətcə aktiv və kommunikativ satıcı olmasına baxmayaraq, onun sağlığı dövründə “Puma” əyalət şirkəti olaraq qalır. “Puma” beynəlxalq uğurunu məhz Armin Dasslerin rəhbərliyi dövründə əldə edir.

“Puma” bu gün

Hazırda “Puma”nın əsas səhmdarı 79,90 faiz payla Fransanın “PPR” qrupudur. Yerdə qalan səhmlər ictimaidir. 2008-ci ildə şirkətin bazar kapitalizasiyası 3,68 milyard avro təşkil edib. Şirkət “Puma” və “Tretorn” brendləri altında idman geyimlərinin istehsalını həyata keçirir. Amerikada, Fransada, İspaniyada, İsveçrədə, Honkonqda törəmə bölümlərə sahibdir.

2011-ci ildə şirkətin dövriyyəsi 3,01 milyard avro, təmiz gəliri 269 milyon avro olub.

2014-cü ildə “Arsenal” futbol klubu ilə 150 milyon dollar dəyərində 5 illik müqavilə imzalayıb.

Onu da bildirək ki, “Puma” məhsulları “Adidas”və “Nike” brendlərindən bahadır.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR