• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hamının dəli hesab etdiyi adi bənna necə otellər kralı oldu?

Hamının dəli hesab etdiyi adi bənna necə otellər kralı oldu?

Dünyanın bahalı otellər şəbəkəsindən biri sayılır. Daha çox klassik üslubda dizayn edilmiş otaqları, foyeləri, zalları ilə seçilir. Mövcud olduğu ölkələrdə fərdi üsluba, çoxsaylı xidmət növlərinə görə daim birincilərdən olub. Bazarın məlum seqmentində bir əsrdən çoxdur fəaliyyət göstərən brendlərə qalib gəlməyi bacarıb. Ən maraqlısı isə odur ku, bu qədər parlaqlıq kasıb bir bənnanın beyninin məhsuludur. Söhbət “Four Seasons Hotels” otellər şəbəkəsindən gedir.

“Qonağım ol” layihəsi çərçivəsində dünyanın brend otellərinin yaradıcılarının həyat tarixçəsini təqdim edir.

“Evimdə kitab rəfi yox idi”

“Four Seasons Hotels and Resorts” 1960-cı ildə Birinici Dünya müharibəsinədək Polşanı tərk edib Kanadaya miqrasiya edən yəhudi əsilli Lil Qotfrid və Maks Şarpın oğlu Aysedor Şarp tərəfindən yaradılıb.

A.Şarp 1931-ci ildə Kanadanın Toronto şəhərinin yəhudilər yaşayan Uord məhəlləsində anadan olub. Atası həftəyə 10 dollar qazanan suvaqçı, anası isə evdar xanım idi. Üç bacının yeganə qardaşı olsa da, valideynləri Aysedoru bacılarından seçməyib, ona xüsusi diqqət göstərməyiblər: “Ailənin tək oğlu olsam da, bu, üstünlük deyildi. Mənə elə gəlir ki, anam qadınların kişilərdən daha istedadlı, cəsarətli olduğunu düşünürdü. Evimizdə uşaqlar üçün kitab rəfi belə yox idi. Gecələr bizə yatmazdan əvvəl nağıl oxumayıblar. Əslində, mən və bacılarım valideynlərimizi müşahidə edərək yaşamağı oyrənirdik”.

“Hər sentə qənaət edirdik”

Müsahibələrində həddən artıq kasıb yaşadıqlarını deyən A.Şarp xüsusilə Amerikada yaşanan Böyük Depresiya illərində əziyyət çəkdiklərini bildirir: “1937-ci ildə ailəmiz ev tikib yaşamaq məqsədilə Uordu tərk etdi. Şəhərin şimal rayonlarından birinə köçdük. Həmin ildə Amerikada Böyük depressiya başladı. Təmir sifarişləri həddən artıq azaldı. Atam bizi dolandırmaq üçün hər işi görməyə razı olurdu. Bir dəfə elə hadisə baş verdi ki, onu ömür boyu unutmayacam. Atam atla təməl qazarkən çiynini qırdı. Ağrıya rəğmən, işinə davam edirdi. Hər sentimizə qənaət edirdik. Dostlarımla oyuncaq təyyarə almaq üçün pul toplayırdıq. Hərəyə 5 sent düşürdü. Anamdan pul istəyəndə “boş-boş şeylərə 5 sent xərcləməyə dəyməz” deyə cavab verdi. Əvvəlcə bu, mənə çox pis təsir etsə də, anamın haqlı olduğunu anladım. Ciddi qənaət rejimi təkcə həftənin 5-ci günü keçərli olmurdu. Anam şabat yeməkləri bişirir, təxminən 50 nəfər qonaq çağırırdıq”.

On beş ev dəyişirlər

Anasının büdcəyə nəzarət etdiyini deyən A.Şarp ailənin hər bir üzvünün qeyd-şərtsiz onun tapşırıqlarına əməl etdiyini söyləyir: “Atam inanclı insan idi. Uşaqlarına seks, sevgi ilə bağlı təlimat verməzdi. Bunu belə, onu elə et deməzdi”.

Hər il yeni ev tikib köhnəni satan M.Şarp oğlunun 16 yaşınadək 15 ev dəyişir. Dünyanın ən bahalı otellər şəbəkəsinin gələcək yaradıcısı isə tikintidə atasına kömək edirdi. Müharibənin başa çatması ilə birgə ailənin çətinlikləri də sona yetir. Belə ki, müharibədən sonra Toronto Kanadanın ən iri şəhərlərindən birinə çevrilir. Tərxis olunmuş əsgərlər və miqrantlar mənzilə böyük tələbat yaradırlar. Beləliklə, kasıb Maks Şarpın sifarişləri də çoxalır.

Kasıb oğlan 5 ulduzlu otel yaradır

Öz uşaqlığını təsvir edən A.Şarp arzularla yaşadığını deyir: “Orta məktəbdə lövhəyə deyil, daha çox pəncərəyə baxardım. Atama tikinti işlərində kömək etsəm də, özüm hündürlüyə tullanmaq üzrə çempion olmaq istəyirdim”.

Amma məktəbi bitirər-bitirməz memarlıq ixtisasına üz tutur. 1952-ci ildə bu ixtisas üzrə “Ryerson Institute of Technology” kollecini bitirir. Bir müddət atasının Torontodakı tikinti firmasında işləyir. Günlərin bir günü “Super-Farm” əczaçılıq şəbəkələrinin sahibinin oğlu, yəhudi əsilli Mürrey Kofflerlə birgə otel açmaq fikrinə düşür. Otel işindən heç nə anlamayan Aysedor Şarp və Mürrey Koffler ideyalarını reallaşdırmaq uçün kredit götürmək ümidiylə banka müraciət edirlər. Lakin onlara rədd cavabı verilir. Bununla belə, geri çəkilmir, əmlak bazarındakı broker dostlarının sayəsində Torontonun mərkəzində qiyməti sərfəli olan böyük, boş ərazi tapırlar. Qonşuluqdakı kasıb fərdi evlərin olmasına rəğmən, orada bahalı otel tikməyə qərar verirlər. Doğrusu, hər kəs onların bu ideyasına dəlilik kimi baxır. Bununla belə, 1961-ci ildə Torontoda ilk “Four Seasons Hotel” açılır: “Mən dəbdəbəli otel konsepsiyamıza inanırdım. Toronto kimi sürətlə böyüyən şəhərin mərkəzinin həmişə tələbatsız qalacağını düşünmürdüm. İşin başlanğıcında möhtəşəm planım, dəqiq konsepsiyam yox idi. Bir işi bacarırdım – o da ev tikmək. Yəni, adi bənna idim. Heç vaxt düşünmürdüm ki, otel biznesi həyatımın işi olacaq və dünyanın ən böyük 5 ulduzlu otellər şəbəkəsindən birini idarə edəcəyəm. İlk vaxtlar işlər yavaş-yavaş gedirdi. Etiraf edim ki, hər addımda səhv buraxırdım”.

Şarp biznesini dirçəltməyə 5 il sərf edir. Otelinin 125 nömrəsinin hər birinin seçilməsi, xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni edir. 1963-cü ildə o və ortağı ikinci otellərini - “Toronto’s Inn on the Park”ı açırlar. 1960-cı ilin sonuna qədər daha üç otel tikilir.

“Four Seasons”ın nə Vivaldiyə, nə də Çaykovskiyə dəxli var

Otelin “Four Seasons” adlandırılmasının nə Vivaldiyə, nə də Çaykovskiyə dəxli var. Adı Şarpın qohumlarından biri təklif edir. Yeri gəlmişkən, otelin binasının Kanadanın aparıcı telekanalı SBS ilə qonşuluqda yerləşməsi iş adamının biznesinə uğur gətirir. Ortaqlar telekanalın proqramlarından birinin oteldə çəkilməsini təklif edirlər. On üç il davam edən bu proqramın qonaqları isə Torontoda yaşayan, yaxud ora gələn ulduzlar olur. Bundan əlavə Aysedor Şarp və Mürrey Koffler bizneslərində üstünlüyü restorana verirlər. Onlar hesab edirdilər ki, otel bütün şəhərin bəhs edəcəyi, yüksək səviyyəli restorana malik olmalıdır. Bu restoran bir növ “Four Seasons”nın vizit kartına çevrilməlidir. O səbəbdən də resortana ət Çikaqodan sifariş edilirdi”.

Otellər şəbəkəsi

Az sonra Şarp işini lüks otellər şəbəkəsinə çevirməyi qərara alır. 1970-ci ildə Londonda ilk otelini açır. Bazarın onun otelini qəbul etdiyini görüb menecerlərinə sərhədləri aşaraq qlobal şəbəkə qurmaqla bağlı göstəriş verir. Lakin bir çoxları onun bu qərarına qarşı çıxaraq, xaricdəki iri otel şəbəkələri ilə rəqabətə girməyi təhlükəli sayırlar: “Şübhə etmirəm ki, onlar arxamca gülürdülər. Lakin biz London otellərinə qalib gəlməyi bacardıq. Mənim üçün aydın idi ki, digər şəbəkələrdən fəqli olaraq bir sinif otel üzrə fokuslaşsaq, işimiz daha uğurlu olacaq”.

Otelin hissələrini ərəblərə satır

1986-cı ildə “Four Seasons Hotels and Resorts” şirkəti icitimaiyyətə açıq elan edilir və fond birjasına daxil olur. Amma 2007-ci ildə Şarp digər səhmdarlardan hissələri alır. Həmin hissələri (47,5 faiz) 3,8 milyard dollara “Cascade Investment” və “Kingdom Hotels”ə (Bill Qeytsə və Səudiyyə Ərəbistanının kralı Ali Valid bin Talalın qohumuna məxsusdur) satır. Özünə isə “Four Seasons” nın 5 faizini və idarə heyətinin sədri, icraçı direktor vəzifəsini saxlayır.

Başqa ölkədə “Four Seasons” necə açmaq olar?

Dünyanın 34 ölkəsində 82 “Four Seasons” oteli fəaliyyət göstərir. Şirkət bu şəbəkələrin çoxunun sahibi deyil. Hətta bildirildiyinə görə, cəmi 3 otel “Four Seasons Hotels and Resorts”undur. Şirkət yerdə qalan otelləri dövriyyələrindən və gəlirlərindən faiz alaraq idarə edir. Onu da qeyd edək ki, ağıllı yəhudi bu modeli 1974-cü ildən tətbiq etməyə başlayıb. Rəqəmlərə gəlincə, “Four Seasons” kainatın ən lüks otellər şəbəkəsi olduğundan, burada xidmət bahadır. Otelin təkcə 2012-ci ildə gəlirləri 3,7 milyard dollar olub.

“McDonald's”da təcrübə

Şarp “McDonald's”ın idarəetmə formulunun heyranlarındandır. Hətta restoranlar şəbəkəsinin daxili mətbəxini öyrənmək üçün o, Kanada bölümünün rəhbərindən onu içəri buraxmalarını xahiş edib: “Sadəcə heyran idim. On beş ildir, əməliyyat standartları və prinsipləri dəyişməz qalır. Təcrübənin ikinci günü özümlə “Four Seasons”nın top-menecerlərindən birini də apardım. O mənə “onlar qamburqer satır, amma biz file, bizə nə öyrədə bilərlər axı” deyə sual etdi. Mən də öz növbəmdə “Nə satdığımızı bilirəm. Sual bizim bunu necə etməyimizdədir” cavabını verdim”.

Şarp bildirir ki, xidmətin keyfiyyəti və stabilliyi onun üçün birinci dərəcəli məsələ olaraq qalır: “Otellər şəbəkəsinin fundamentində 4 strateji qərar rol oynayır. Bu keyfiyyət, xidmət, mədəniyyət və brenddir”.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR