• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bu il xaricdən maksimum 2 milyard manat kredit cəlb oluna bilər

Bu il xaricdən maksimum 2 milyard manat  kredit cəlb oluna bilər

Hər birimizin xaricə 523,44 manat borcumuz var

İlin əvvəlindən xarici dövlət borcu 234,7 mln manat və ya 4,9% artıb. Publika.az xəbər verir ki, hazırda ölkənin hər bir sakininə 523,44 manat xarici borc düşür. İlin əvvəlində bu göstərici 21,90 manat az idi.Borc vəsaitlərinin 7.7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Bildirək ki, ölkənin xarici borcu ildən-ilə artır. 1 yanvar 2013-cü il üçün o, 4 mlrd 481,1 mln manat, 1 yanvar 2012-ci il üçün 3 mlrd 788.3 mln manat, 1 yanvar 2011-ci il üçün $3 mlrd 857.3 mln, 1 yanvar 2008-ci il üçün $2 mlrd 441.9 mln olub. Nəzərə çatdıraq ki, hələ ötən il xarici borcların Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.2 faiz təşkil edirdi. Düzdünr bu nisbət Türkiyə (36 faiz), Rusiya (14.1 faiz), Gürcüstan (32.9 faiz), Macarıstan (79.8 faiz), Slovakiya ( 34.3 faiz), Çexiya (40.2 faiz) ilə müqayisədə aşağı da olsa kiçik rəqəm deyil.

Xarici borcun adambaşına düşən nisbətinə gəldikdə bu rəqəmdə MDB-də yalnız Özbəkistandan geridə qalırıq. Qonşu Gürcüstanda adambaşına borc göstəricisi 2923 dollar, Ermənistanda 2755 dollar, Rusiyada 4433 dollar, Ukraynada 3810 dollar, Qazaxıstanda isə 7824 dollardır.

Vəsaitlərin xərclənmə istiqamətinə gəlincə, iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi də diqqət çəkir. Alınan borcun 11,7 faizi XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) ilə, 47,1 faizi ABŞ dolları ilə, 28,8 faizi avro ilə, 9,5 faizi yapon yeni ilə, 2,9 faizi digər valyutalar ilə olub. Digər valyutalar dedikdə Birləşmiş Ərəb Əmirliyi dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı nəzərdə tutulur.

Kreditlər əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilib.

Onu da qeyd edək ki, 2014-cü ildə Azərbaycan dövləti xaricdən maksimum 2 milyard manat dəyərində kredit cəlb edə bilər. "Büdcə sistemi haqqında" qanuna görə hər il dövlətin daxili və xarici borc limiti müəyyən edilir. 2014-cü ilin büdcə sənədində Azərbaycan dövlətinin daxili borc limiti 1,2 milyard manat, xarici borc limiti 2 milyard manat həddində müəyyənləşdirilib.


Yeri gəlmişkən, bu il dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı 780,5 milyon manat vəsait ayrılıb. Onun 697,2 milyon manatı xarici borcun qaytarılmasına, 83,3 milyon manatı daxili borcların qaytarılmasına sərf ediləcək.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR