• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ucuzlaşan rubl, cəlbediciliyini itirən bazar, itirilən milyonlar – AZƏRBAYCANA TƏSİR

Ucuzlaşan rubl, cəlbediciliyini itirən bazar, itirilən milyonlar – AZƏRBAYCANA TƏSİR

Moskva birjasında dolların məzənnəsi yüksələrək 47 rubla, avro isə 59 rubla çatıb. Bu da ilin sonuna qədər 1 dolların 50 rubl, avronun isə 60 rubl olacağı ilə bağlı proqnozların özünü döğrultması deməkdir. Analitiklərə görə, rublun dəyərsizləşməsinə neftin qiymətinin düşməsi, eləcə də Rusiya Mərkəzi Bankının müdaxiləni dayandırması səbəb olub.

Xatırladaq ki, Mərkəzi Bank noyabrın 10-dan rublun məzənnəsini tənzimləmək kursundan imtina edib. Düzdür, əslində rubl artıq 1-2 aydır qeyri-rəsmi “üzən məzənnəyə” keçib. Çünki Mərkəzi Bank bir ay ərzində 30 dəfədən çox dəhlizin yuxarı sərhədini artırmağa məcbur olub. Bazara isə əvvəlcə ciddi müdaxilə etsə də, sonrakı dövrlərdə gündəlik 350 milyon dollar həcmində müdaxilə ilə kifayətlənib. Demək olar ki, rublun başı buraxılıb.

Ekspertlər isə deyir ki, Mərkəzi Bank digər alətlərdən istifadə etməklə onu tənzimləməyə çalışacaq. Bankın açıqlamasında ölkənin maliyyə sabitliyi üçün təhlükə yarandığı zaman bazara müdaxilə ediləcəyi bildirilir. Bundan başqa, Mərkəzi Bankın rəhbəri qeyd edib ki, bazarda rubla olan təzyiqi azaltmaq üçün banklara rublla təmin edilən likvidlik məhdudlaşdırıla və yenidən maliyyələşmənin həcmi azaldıla bilər. Bildirilir ki, iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilən rubl valyuta bazarında milli valyutanın ucuzlaşmasını şərtləndirir. Noyabrda bankların Mərkəzi Bank qarşısında öhdəlikləri tarixi rekord həddə - 6,5 trilyon rubla qalxıb. Rusiya Mərkəzi Bankı valyuta likvidliyini təmin etmək üçün oktyabrdan başlayaraq repo əməliyyatlarını gücləndirib: “Artıq noyabrın 17-də ilk valyuta hərracı keçiriləcək və hərraca 10 milyard dollar çıxarılacaq. Mərkəzi Bank bununla bankların valyuta qıtlığı problemini həll etmək istəyir. Rublun üzən məzənnəyə keçməsi xəbəri ilk olaraq bazara müsbət təsir göstərib. Ancaq bu təsir uzunmüddətli olmayıb. Çünki dünya bazarında neftin qiyməti və ölkəyə tətbiq edilən sanksiyalar rubla mənfi təsir göstərir. Bu isə ən azı ilin sonuna kimi müsbət siqnalların gəlməsini istisna edir”.

Rusiya ilə ticarət dövriyyəsi azalıb

İndi keçək əsas məsələyə - Rusiya valyutasının dəyərsizləşməsi ilə ölkə iqtisadiyyatında gedən proseslərin Azərbaycana təsirlərinə. Əvvəla nəzərə çatdıraq ki, Rusiya Xəzəryanı ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Rusiya 2013-cü ildə ticarət dövriyyəsində 7,52 faiz nisbəti ilə üçüncü sırada yer alıb.

Təkcə cari ilin 9 ayının yekunlarına görə, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,368 milyard dollar təşkil edib. Bunun da cəmi 470,262 milyon dolları (ümumi ixraca nisbətdə 2.7 faiz) ixracın payına düşüb. Sözügedən dövrdə Rusiyadan idxal həcmi 897,794 milyon dollar olub. Bu da ümumi idxalın 13,8 faizi deməkdir. 2013-cü ilin 9 ayında Rusiya ilə ticarət dövriyyəsi 1 964 315.24 min dollar olub. Bunu 802 187.21 min dolları (4.44 faiz) ixracın, 1 162 128.03 min dolları idxalın payına düşüb. Yəni ümumi idxalın 14.40 faizi qədər. Göründüyü kimi ötən ilin 9 ayı ilə müqayisədə Rusiya ilə ticarət dövriyyəsinin həcmi azalıb. Azalma əsasən ixracın düşməsi hesabına baş verib.

O ki qaldı, Azərbaycanın Rusiyaya nə alıb-satmasına, bu ölkənin idxal payı yüksək olduğundan elə idxalı götürək. İdxalın strukturu göstərir ki, Rusiya Azərbaycanın əsas ərzaq təminatçısıdır. Konkret olaraq 2014-cü ilin sentyabr ayında Rusiya Federasiya ilə həyata keçirilən idxalda əsas yeri ət və ət məhsulları, süd və süd məhsulları, tərəvəz, meyvə, kartof, çay, bitki yağları, şəkər və şəkər tozu, qənnadı məhsulları, spirtli içkilər, meyvə-tərəvəz konservləri, mineral və qazlı sular, siqaret tutub.

İndi Rusiya iqtisadiyyatında baş verənlərin Azərbaycana nə dərəcədə təsir etdiyini özünüz düşünün.

Rusiya bazarı fermerlərimiz üçün artıq cəlbedici deyil

Avropa və ABŞ-ın sanksiyalarından sonra Azərbaycan fermerlərinə Rusiya bazarlarında yaxşı pul qazanmaq imkanlarının yarandığına dair mesajlar verildi. Hətta ajiotaj elə böyük idi ki, məhsulların Rusiyaya daşınması səbəbindən Azərbaycanın özündə ərzaq çatışmamazlığı yaranacağı deyilirdi. Lakin rəsmi şəkildə bəyan edildi ki, Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə ümumilikdə təqribən 7-10% təşkil edib. Yəni ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının hamısı Rusiya bazarına aparılmır. Hazırda isə sual yaradan məqam həmin 7-10 faizdə fermerlərin qazancıdır. Çünki məhsul bazarda rublla satılır. Satışdan əldə olunan gəlir Azərbaycan manatına çevrildikdə fermerin əlində nə qaldığı maraqlıdır.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyir ki, rublun dollar və avroya nisbətən dəyərdən düşməsi ixracla məşğul olan sahibkarlara müəyyən problemlər yaradır. Bu da onunla bağlıdır ki, həmin sahibkarlar Rusiya bazarında rublla satdıqları məhsulun pulunu dollar və ya avroya çevirirlər. Nəticədə də itki ilə üzləşirlər. Hazırda Rusiyada xarici valyuta qıtlığı yarandığını deyən V.Məhərrəmov iş adamlarının hətta kursdan baha qiymətə valyuta aldıqlarını bildirir: “Fermerler zərərə məruz qalmamaq üçün Rusiya bazarında öz məhsullarını daha baha qiymətə təklif etməyə məcburdurlar”.

Rublun düşməsindən rayon əhalisinin itkisi daha böyükdür

İqtisadçı-ekspert Samir Əliyevin rublla bağlı gözləntiləri isə daha bədbindir. Onun fikrincə, rublun ucuzlaşmasının qarşının alınmasından söhbət gedə bilməz: “Amerika, eləcə də Avropa sanksiyaları daha da sərtləşdirməyi planlaşdırır. Sanksiyaların sərtləşdirilməsi, neftin qiymətinin düşməsi Rusiyanın əleyhinə işləyən proseslərdir. Nəzərə alsaq ki, Rusiya Mərkəzi Bankı rublun məzənnəsini sərbəst buraxıb, deməli, rus valyutasının məzənnəsini bazar tənzimləyir. Ona görə də rublun ucuzlaşması prosesi davam edəcək. Görünür, ilin sonuna məzənnənin 50-60 dollara düşəcəyinə dair proqnozlar da özünü doğruldacaq. Bir tərəfdən neftin ucuzlaşması, digər tərəfdən sanksiyalar rublu güclü təzyiq altında saxlayır. 2014-cü ildə rubl dollara münasibətdə 36 faiz ucuzlaşıb. Əhalinin rublda olan əmanətləri (13,9 trilyon rubl) dollar ifadəsində 115 milyard dollar dəyərsizləşib. Ölkənin beynəlxalq ehtiyatları 2014-cü ildə 15,9 faiz azalaraq 509,6 milyarddan 428,6 milyard dollara düşüb. Bu isə son 5 ildə ən aşağı həddir”.

Azərbaycanla münasibətdə Rusiyanın sıradan bir dövlət olmadığını deyən iqtisadçı bildirir ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Rusiya Azərbaycanın idxalında böyük çəkiyə malikdir. Ona görə, bu dövlətin iqtisadiyyatında baş verən hər hansı dəyişiklik avtomatik Azərbaycana təsir edir. Bundan əlavə Rusiya Azərbaycan üçün iş yeridir. Bizim qonşu ölkədə xeyli vətəndaşımız işləyir. Bu rəqəm çox böyükdür. Rusiya Mərkəzi Bankının 2013-cü ilə olan məlumatına görə, bu ölkədən Azərbaycana pul köçürmələrinin həcmi 1,2 milyard dollar təşkil edib. Qeyd etməliyəm ki, rəqəm ildən-ilə artır. Cari ildə də nominal ifadədə artım olacaq. Köçürülən pulun həcminə görə Azərbaycan MDB ölkələri arasında dördüncü yeri tutur. Bizdən öndə ancaq Özbəkistan, Ermənistan və Tacikistandır. Onlarda da itki daha çox olacaq”.

S.Əliyev qeyd edir ki, ilin əvvəlindən rubl 30 faizdən çox ucuzlaşıb: “1000 rubl manatla ifadədə 23 manat idisə, faktiki bu gün həmin rəqəm 16 manat təşkil edir. Hər 1000 rubla görə Azərbaycan vətəndaşı əvvəlkindən 7 manat az qazanır. Rublun dəyərdən düşməsi orada işləyən həmyerlilərimizin gəlirlərinə zərbə vuracaq. Rusiyada işləyənlərin 90 faizinin rayon sakinləri olduğunu nəzərə alsaq, proses dolayısı ilə regionların vəziyyətinə təsir edir”.

Ehtiyat vəsaitlərimiz təhlükədə

Rublun məzənnəsinin düşməsi Neft Fonduna da zərər vurur. Fondun “Bank VTB”-nin səhmdarı olduğunu xatırladan ekspert bildirir ki, ARDNF orada 2,95 faiz paya malikdir: “Dövlət Neft Fondu Rusiyanın ikinci ən böyük bankının səhmlərini 500 milyon dollara ekvivalent dəyərində almışdı. Bu gün həmin səhmlər üçün ödənilən rublu dollara çevirdikdə 410 milyon dollar edir. Deməli, son bir ildə rublun ucuzlaşmasına görə fond 90 milyon dollar itirib. Mən hələ “Bank VTB”-nin səhmlərinin dəyərinin ucuzlaşmasını demirəm. Nominal ifadədə onun da dəyəri ucuzlaşır. Çünki Rusiyada vəziyyət pisləşir. Bundan əlavə Neft Fondu Moskvada 132 milyon dollara biznes mərkəzi almışdı və oranı icarəyə vermişdi. Ərazidə icarə və satış qiymətləri 10 faiz ucuzlaşıb. Ümumiyyətlə dollarla ifadədə daşınmaz əmlak bazarında ucuzlaşma var. Bu da alınan obyektin ucuzlaşması deməkdir”.

Azərbaycan sahibkarlarını yaxşı sürprizlər gözləmir

İqtisadçı deyir ki, üçüncü zərbə xarici ticarətlə bağlıdır: “Son dövrlər Rusiyadan idxal artıb. Düzdür, ixracda da artım var, amma idxalda artım tempi daha çoxdur. İdxalın mallarının həcmindəki artım getdikcə daha da yüksələcək. Çünki rubl ucuzlaşsa da, manat sabitdir. Rusiyadan gələn malların qiyməti daha ucuz olacaq. Nəticədə, ucuz məhsullar yerli istehsalı vurub sıradan çıxara bilər. Söhbət ilk növbədə süd və süd məhsullarından gedir. Rusiyada qiymətlərin ucuzlaşması o deməkdir ki, Azərbaycandan ora aparılan məhsulların rəqabət qabiliyyəti azalacaq. Azərbaycandan əsasən kənd təsərrüfatı məhsulları aparılır. Doğrusu, Avropanın sanksiyalarından sonra həmin məhsullara ehtiyac yaranıb. Amma növbəti il belə olmayacaq. Türkiyə, İran, Asiya ölkələri bazara məhsul çıxaracaq. Azərbaycan məhsulları qiymət baxımından baha olacaq. Çünki rubl dollara münasibətdə ucuzlaşmaqdadır. Bu o deməkdir ki, manata nisbətdə də ucuzlaşır. Rusiya Federasiyasına gedən məhsullar baha olduğundan bazardakı mövqelərimizi itirmək təhlükəsi yaranır. Bu da ixrac potensialımızı azalda bilər”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR