Azərbaycan bazarlarında Rusiya qiyməti və ya “outlet” yarmarkalar – FOTOREPORTAJ
Bizi izləyin

Ekopublika.az

Azərbaycan bazarlarında Rusiya qiyməti və ya “outlet” yarmarkalar – FOTOREPORTAJ

Artıq 3 aydır ölkədə Rusiyaya idxalın artması səbəbindən yerli kənd təsərrüfatı məhsullarının satış qiyməti müzakirə mövzusudur. Bəziləri qiymətlərin artığını, digərləri isə əvvəlki səviyyədə qaldığını iddia edirlər.

Nəhayət, Dövlət Statistika Komitəsi ötən gün ölkədə istehlak və istehsalçı qiymətlərin artdığını rəsmən təsdiqləməklə bunlara son qoydu. Komitənin noyabr ayına olan hesablamalarından bəlli oldu ki, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən birillik bitkilərin və diri heyvan və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 6 və 2,6 faiz bahalaşıb. Birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlərin 15,3 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 10,1 faiz, buğdanın 0,4 faiz, qarğıdalının 0,1 faiz, badımcanın 28,6 faiz, pomidorun 24,4 faiz, xiyarın 4,2 faiz, kartofun 3,2 faiz, yem bitkilərinin istehsalçı qiymətləri 1,7 faiz bahalaşıb. Çoxillik bitkilərdən feyxoanın 36,7 faiz, xurmanın 2,4 faiz, alma və limonun istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb. Armudun 27,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 10,5 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 11,1 faiz, südün 8 faiz, quş ətinin (diri çəkidə) 1,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb. Mal ətinin (diri çəkidə) 6,7 faiz, diri qoyun və keçilərin 1 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb. İstehlak qiymətlərinə gəlincə, komitə ay ərzində mal, qoyun və toyuq ətlərinin, balıq məhsullarının, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, baş soğanın, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, buğda ununun, əla növ buğda çörəyinin, düyünün, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə və zeytun yağlarının, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, kartofun, sarımsağın, duzun, şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunduğunu bildirir. Lakin bu, rəsmi açıqlamadır. Bəs bazarda vəziyyət necədir?

Publika.az “Keşlə” bazarında qiymətlərin statistikasını aparıb. Kifayət qədər bolluq olan bazarda, demək olar ki, alver yox idi. Elə sükut hökm sürürdü, sanki “qu” desən, qulaq tutulardı. Səbəb təkcə qiymətlər deyil, əhalidə nağd pulun az olmasının da bunda rolu böyükdür. Vəziyyəti satıcılar belə “çözüb”. Dediklərinə görə, taksit kartlarla alış-veriş vətəndaşların cibində nağd pul qoymayıb: “Olan-qalanı da banklar tutub alır əllərindən”.

Qiymətlərə gəlincə, bunun da yaşayış minimumu 125 manat olan ölkənin vətəndaşının cibinə uyğun gəlmədiyi aydınlaşdı. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə bir sıra məhsulların ucuzlaşması nəzərimizdən qaçmadı. Başlayaq ət məhsullarından:

Mal əti – 6 manat

Qoyun əti – 8 manat

Kənd toyuğu – 4 manat

Hind quşu – 6 manat

Broyler toyuğu – 2-3 manat

Mal ayağı – 3 manat

Qoyun başı və ayağı – 7 manat

Balıq növləri:

Xanı – 5 manat

Sazan – 5-7-8 manat

Sudat – 12 manat

Kütüm – 10 manat

İlan balığı – 1 manat (ədədlə)

Kənd yumurtası – 0,15 manat (ədədlə)

Yuxarıda qeyd edilən məhsullardan mal və qoyun ətinin qiyməti ötən aylarla müqayisədə ucuzlaşıb. Toyuğun qiyməti dəyişməz qalıb. Azərbaycanlıların istehlak səbətində elə də önəmli yer tutmayan balıq isə bahalaşıb. Qiymətlər elə yüksəlib ki, alıcılardan biri bizə: “Balıq satılan piştaxtalara yaxınlaşıb qiymətlərlə maraqlanın. Elə bil, qaydasız döyüşdür”, – deyib bu haqda yazmağımızı bərk-bərk tapşırdı. Balıq satıcılarının özləri də qiymətlərin artdığını etiraf etdilər. Məlum oldu ki, xüsusilə sudat və kütüm bahalaşıb.

Meyvə-tərəvəzin qiymətləri də od püskürür. Ümumiyyətlə, hazırda bazarda qeyri-mövsüm ayı olsa da, pomidor istisna kimi, ötən ilin qışı ilə müqayisədə ucuzlaşıb. Məsələn, keçən il ən ucuz pomidor 2 manat idisə, hazırda ən baha pomidor bu qiymətədir. Satıcıların dediyinə görə, səbəb məhsulun bol olmasıdır. Amma məhsul bol idisə, niyə yayda pomidor 1 manata idi? Sadəcə, görünür, yerli fermerlərimiz Rusiyanın Avropaya qarşı embarqo qərarından sonra həvəslənsələr də, əkib-becərdikləri pomidoru şimal qonşumuzun bazarında istədikləri qiymətə sata bilməyiblər. Belə ki, rubl hər keçən gün dəyərini itirir. İstehsal, daşınma xərclərinin baha olduğu şəraitdə fermerə məhsulunu yerli bazarda satmaq daha sərfəlidir, nəinki soyuq Rusiya elində.

Keçək qiymətlərə. Meyvə bazarında hazırda siyahıya nar başçılıq edir. Narın qiyməti 1 manat 60 qəpikdən başlayır və 8 manata qədər gedib çıxır:

Alma – 0,7 manat (qızıləhmədi – 2-3 manat)

Naringi –1,5 manat

Heyva – 0, 7 – 1 manat

Üzüm – 2-3 manat

Xurma – 1 manat

Portağal – 1,5 manat

Armud – 1,5-2 manat

Tərəvəzlər:

Kartof – 0,8-0,9 manat

Soğan – 0,4-0,5 manat

Ağ turp – 1 manat

Xiyar – 0,8-1 manat

Kələm – 0,8 manat

Pomidor –1,4 – 1,6 manat

Badımcan – 2 manat

Göyərti dəstəsi – 0,2 manat

Kök – 0,6 manat

Çuğundur – 0,7 manat

Ağartı məhsulları:

Daşkəsən pendiri – 4 manat

Gürcüstan pendiri – 6 manat

Qurut – 6 manat

Qoyun pendiri – 6 manat

Çərəzlər:

Qoz – 10-12 manat

Fındıq – 10 manat

Badam –12 manat

Qaysı – 8-10 manat

Kişmiş – 4-10 manat

Satıcının dediyinə görə, cari ildə çərəz bazarında əsasən qaysının və fındığın qiyməti bahalaşıb. Qaysı ötən il 6 manat təşkil edirdisə, artıq bu il ən ucuz qaysının kilosu 8 manatadır.

Satıcılarla söhbət zamanı öyrəndik ki, bu qiymətlər nə bayramqabağı qiymətlərdi, nə də bayram: “Yeni İl bayramına qədər qiymətlər dəyişəcək”. Bu da o deməkdir ki, bayramqabağı ölkədə bazarlar “tüstüləyəcək”.

Maraqlıdır ki, hər kəs qiymətlərə istehsal deyil, daşınma xərclərinin təsir etdiyini bildirdi: ”Benzin bahadır. Məhsulumuzu paytaxta gətirənə qədər sərf etdiyimiz yanacaq maya dəyərinə kifayət qədər təsir edir. Qiymətlərdən şikayət edirsiniz. Gələn deyir, kənd təsərrüfatı yarmarkaları ucuzdur. Orada da bizim məhsul satılır da. Burda həftə ərzində sata bilmədiyimiz məhsulu aparıb orada satırıq”.

Buradan da belə çıxır Kənd Təsərrüfatı Nazirliyinin bəh-bəhlə təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları, əslində, kənd təsərrüfatı məhsullarının “outlet”idir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm