Fikrət Yusifov Rusiyanın maliyyə bazarındakı vəziyyəti şərh edib
Bizi izləyin

Ekopublika.az

Fikrət Yusifov Rusiyanın maliyyə bazarındakı vəziyyəti şərh edib

“Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və Ukraynada baş verən hadisələrdə tutduğu mövqeyə görə Qərbin sanksiyalarına tuş gəlməsi nəticəsində Rusiyada milli valyuta son bir neçə ay ərzində dəyərini iki dəfəyə qədər itirib. Rusiya hökuməti və Mərkəzi Bank bu vəziyyətdən çıxış yolları axtarır. Təbii ki, inflyasiyanın tüğyan etdiyi belə bir məqamda prosesi tənzimləmək üçün ilk növbədə klassik üsullarından istifadə olunmalıdır”.

Publika.az xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri Fikrət Yusifov Rusiyanın maliyyə bazarında yaranmış vəziyyəti şərh edərkən deyib.

Rusiyanın klassik üsullardan istifadə etməyə başladığını deyən F. Yusifov buna misal olaraq Mərkəzi Bankın atdığı addımlara diqqət yönəldib: “Cari ilin dekabr ayının 16-da Rusiyanın mərkəzi bankı uçot dərəcələrini bu ilin ortalarında qüvvədə olan 8%-dən 17%-ə qaldırmaqla ölkədə sərt pul-kredit siyasəti yeritməyə başlayıb. İnflyasiyanın tüğyan etdiyi dövrdə bu, gözlənilən addım idi. Azərbaycan bu yol 1990-cı illərin ortalarında keçib. O zaman inflyasiyanın orta illik səviyyəsi dörd rəqəmli ölçülərə gəlib çıxmışdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan sərt, ancaq düzgün müəyyən edilmiş maliyyə siyasəti çox qısa zamanda vəziyyəti tam sabitləşdirməyə imkan verdi. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, bazara daha bahalı kreditlər təklif etməklə banklar kreditlərə olan tələbatı minimuma endirir və bu yolla da dövriyyədə olan pul kütləsinin həcmi azalır. Dövriyyədə pul kütləsinin azalması sonda milli valyutanın dəyərinin saxlanılmasını təmin edir, ən pis halda isə heç olmasa onun dəyərinin sürətlə aşağı düşməsinin qarşısını alır. İlkin məlumatlara görə, artıq Rusiyanın bir sıra kommersiya bankları fiziki və hüquqi şəxslərə illik dəyəri 35%-ə qədər olan kreditlər təklif edirlər. Belə olduğu halda ipoteka kreditlərinin dəyərinin 20%-ə qədər artması gözlənilir ki, bu da ipoteka kreditləri üçün fantastik faiz dərəcəsidir. Kreditlərin belə bahalanması onları rentabellik səviyyəsi orta hesabla 5-8% olan istehsal sahələri və əhalinin böyük əksəriyyəti üçün əlçatmaz edir. Təbii ki, bu kursun uzun müddət davam etməsi mümkün deyil. Çünki iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin bu yolla məhdudlaşdırılması bir müddətdən sonra istehsalın aşağı düşməsinə gətirib çıxaracaq. Bu da sonda ölkə iqtisadiyyatı üçün çox acınacaqlı nəticələr verə bilər. Yaranmış vəziyyətdə, mümkün qədər qısa zaman ərzində Rusiya iqtisadiyyatının maksimum diversifikasiya edilməsi zərurətə çevrilir. Bu işi Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, iki ilə etmək planlaşdırılırsa, onda ən azından xarici investisiyaları ölkəyə cəlb etməyin Çin modelindən istifadə olunmalıdır. Əks halda, qısa zaman kəsiyində bunu etmək heç də real görünmür”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm