• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Banklar 6 milyard dollara yaxın cərimələndi, qızıl bahalaşdı, dünyada kasıbların sayı artdı - HESABAT

Banklar 6 milyard dollara yaxın cərimələndi, qızıl bahalaşdı, dünyada kasıbların sayı artdı - HESABAT

Yola saldığımız həftə dünya birjaları neftin qiymətinin yüksəlməsinin sevincini yaşadılar. Düzdür, həftənin sonuna doğru “qaqa qızıl” yenidən ucuzlaşdı. Amma əvəzində qızılın unsiyası 1 208,60 dollara yüksəldi. İlk dəfə 1200 dollarlıq psixoloji həddi keçdi. Almaniyada iqtisadi artım göstəriciləri ümidləri doğrultmadı, Avropa Birliyi deflyasiya riskindən uzaqlaşdı, İrlandiyada işsizlərin sayı azaldı. Beynəlxalq İş Təşkilatı iş dünyasındakı vəziyyətin acınacaqlı olduğunu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə dünyanın bir tərəfdən zənginləşdiyini, digər tərəfdən kasıblaşdığını açıqladı.

Başlayaq neftdən. Həftənin əvvəlində İraq və Yəməndə bitmək bilməyən qarşıdurmalar xam neftin qiymətini son dövrün ən yüksək səviyyəsinə qaldırdı. “Brent” markalı neftin bareli 68 dollara, WTI markalı neft 60 dollara yüksəldi. Amma həftənin sonuna hər iki neft ucuzlaşdı.

Borc bataqlığına düşən Yunanıstan hələ də pul aldığı qurumlarla razılığa gələ bilməyib. Maliyyə imkanlarının getdikcə azaldığı zamanda hökumət ayın sonuna qədər Beynəlxalq Valyuta Fonduna pul ödəməlidir. Yunan banklarının iflasdan qaçmaları üçün ehtiyac duyduqları təminat isə bitməyə başlayıb.

Avro Bölgəsində istehlak qiymətləri sabitləşib. "Eurostat"ın məlumatına görə, bölgədə inflyasiya nisbəti 0,2 faiz təşkil edib. Enerji və qida qiymətlərinin daxil edilmədiyi rüblük inflyasiya isə illik əsasda 0,7 faizə çatıb. Son 4 aydır geriləyən qiymətlər, beləliklə, deflyasiya riskindən uzaqlaşıb. Bu, Avropa Mərkəz Bankının martda başlatdığı pul genişləmə proqramı ilə bağlıdır. Bank Avro Bölgəsində inflyasiyasnı 2 faizə yüksəltməyi hədəfləyir.

Yola saldığımız həftə Beynəlxalq İş Təşkilatının hesabatı da diqqət çəkdi. İş dünyasındakı vəziyyətin acınacaqlı olduğu qeyd edilən hesabata görə, dünya üzrə məşğul əhalinin yalnız dörddə biri tam iş günü işləyir. 180 ölkəni əhatə edən hesabata görə, işləyənlərin 3/4-ü müqaviləsiz işləyirlər.

Hesabatda o da qeyd edilir ki dünya üzrə maaşla işləyənlərin yalnız 42 faizinin əmək müqaviləsi var. İşsizliyə toxunan təşkilat iddia edir ki, Avropa iqtisadiyyatlarında 10 nəfərdən 8-ii iş tapa bilir. Cənubi Asiya və Afrika ölkələrində isə bu nisbət 10 adama 2 nəfərdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə dünyanın bir tərəfdən zənginləşdiyini, digər tərəfdən kasıblaşdığını açıqlayıb. Qeyd edir ki, varlılarla kasıblar arasındakı uçurum son 30 ildə dərinləşib. Gəlir ədalətsizliyi ilə bağlı Türkiyə, Amerika, Meksika, İsrail son sıralarda yer alır. Gəlirlərin bölüşdürülməsini bacaran ölkələr arasında Danimarka, Norveç, Slovenya və Slovakiya əsas yeri tuturlar.

Avropa Birliyinin ən “çalışqan şagirdi” Almaniyada iqtisadi göstəricilər ümidləri doğrultmadı.

2015-ci ilin ilk rübündə bölgənin lokomotiv iqtisadiyyatında artım cəmi 0,3 faiz olub. Ümumi daxili məhsul istehsalı əvvəlki rübə nisbətdə 0,4 faiz geriləyib. Bu da analitiklərin alman iqtisadiyyatının yavaşladığına dair narahatlıqlarını artırıb: "İlk rübdə geriləmə xüsusilə ixracla bağlı proqnozlardan qaynaqlanır. Alman iqtisadiyyatının yavaşlamasında avronun dəyər qazanması və qlobal iqtisadiyyatın bəzilərinin ümid etdiyi kimi böyük artım nümayiş etdirməməsi rol oynayıb. Lakin bütün bunlara baxmayaraq, proqnozlar nikbindir."

Yeri gəlmişkən, mütəxəssislər Almaniyada işlərin yolunda olduğunu ifadə etsələr də, 2015-ci ilin birinci rübündə digər ölkələrdəki iqtisadi artım göstəriciləri daha yüksək olub. Məsələn, böhrandan xilas olan İspaniyada bu nisbət 0,9 faizə, Fransada 0,6 faizə yüksəlib.

İrlandiyada məşğulluq rəqəmləri hökumətin üzünü güldürüb. Mart ayında aktiv əhali arasındakı işsizlik nisbəti son 6 ildə ilk dəfə 10 faizdən aşağı düşərək 9,9 faiz olub. 2008-ci ildə qlobal maliyyə böhranından ağır təsirlənən ölkə beynəlxalq maliyyə yardımı almaq məcburiyyətində qalmışdı. 18 ay davam edən yardımlardan sonra İrlandiya iqtisadiyyatında işsizlik nisbəti 15 faizə yüksəlmişdi. Hazırda Dublin rəhbərliyi növbəti ilə qədər işsizlik nisbətini 8,8 faizə endirməyi hədəfləyir.

Daha bir önəmli hadisə Rusiyanın “Qazprom” şirkətinin Türkiyənin icazəsi olmadan “Türk axını” kəmərinin tikintisinə başlaması oldu. Beynəlxalq praktikada ilk dəfədir ki, belə halın baş verdiyini irəli sürən analitiklərin qənaətinə görə, bu, Rusiyanın “Türk axını” kəmərinin Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsini 2018-ci ilə qədər tikib başa çatdırmaq planlarından irəli gəlir. Lakin kəmərin tikintisinin Qara dənizin dibində yarımçıq qalması riski daşıyır. “Qazprom”dan isə deyiblər ki, Türkiyə tərəfi ilə razılaşmanın ləngiməsi sırf siyasi məsələdir və bu, ölkədəki seçkilərlə əlaqəlidir.

İş dünyası

Dünya markaları “Alibaba”ya qarşı müharibə elan etdilər. “Gucci”, “Yves Saint Laurent” və “Kering”in kimi məşhur brendlər e-ticarət nəhəngini “copy-paste” məhsulların satışında günahlandırırlar. Bildirirlər ki, “Alibaba” kolleksiyalarının saxtasının satışına şərait yaradır. Şirkət rəhbərliyi iddiaları rədd edərək, bu istiqamətdə mübarizə tədbirlərinə hər il 16 milyon dollar xərclədiyini bildirib.

Dünyanın ən əhəmiyyətli qəhvə istehsalçılarından biri sayılan İtaliyanın “Segafredo Zanetti” şirkəti birjaya daxil olacağını açıqladı. Bazara 40 faizlik hissə təqdim edərək 200 milyon avro gəlir əldə etməyi hədəfləyən şirkət İtaliyada birjaya girən ilk qəhvəçi olacaq.

20 fərqli qəhvə istehsalçısını tərkibinə qatan qrup 110 ölkədə xidmət göstərir.

Kurs manipulyasiyasında və Libor skandalında günahlandırılan dünyanın ən böyük bankları mühakimə olunmaqdansa, cərimə ödəməyi seçdilər. İsveçrənin “UBS” bankının ABŞ-ın Ədalət Nazirliyinə 545 milyon dollar ödəməsindən sonra Amerikanın “JP Morgan Chase” və “Citigroup”, eləcədə İngiltərənin “Barclays”, “RBS” bankları da eyni addımı atmağı qərara aldılar. Bankların ödəyəcəyi cərimənin ümumi məbləği 5,7 milyard dollar təşkil edir. Bu rəqəmin elə 2,4 milyard dolları faiz nisbətində manipulyasiya edən “Barclays”ın payına düşür.

Dünyanın ikinci ən böyük lüks əşya markası “Richemont”un illik qazancı azalıb. Səbəb də Asiya bazarlarındakı azalan tələb və İsveçrə frankının məzənnəsinin güclənməsidir. İsveçrəli markanın illik qazancı 36 faiz düşərək 2 milyard avrodan 1,33 milyard avroya enib.

Aprel ayı üzrə satışlarda yaşanan 8 faizlik eniş may ayında da davam edib. Amma bütün bunlara baxmayaraq, şirkətin rəhbərliyi qiymətlərində endirimə getməyəcəyini açıqlayıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə ölkədə bank sektorunda bir cıra struktur islahatları aparıldı. Bəzilərinin səhmdar strukturunda dəyişiklik aparıldı, bəzilərində isə rəhbərlik dəyişdirildi. Digər xəbərlərə gəlincə, həftə ərzində bəlli oldu ki, Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 5,8 dəfə azalıb, ilin əvvəlindən SKMF xətti ilə sahibkarlara 80 mln. manat güzəştli kredit verilib, son 11 ildə ölkə iqtisadiyyatına 180 milyard dollardan artıq investisiya qoyulub.

Milli Məclisin İqtisadi siyasət komitəsində “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olundu. Maliyyə nazirinin müavini Azər Bayramov 2014-cü il dövlət büdcəsinin icrasından danışdı. Bildirdi ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempinin qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən il qeyri-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.

Nazir müavini qeyd edib ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib.

İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi Transadriatik qaz xəttinin (TAP) inşasının başlanmasına icazə verən sərəncam imzaladı. Ölkənin İqtisadi İnkişaf Nazirliyininin məlumatına əsasən, Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın reallaşdırılması məsələsində nazirin sərəncamı sonuncu addımdır: “Bu sərəncam boru xəttinin inşasına və istismarına icazə verir, layihəni və torpaq sahələrinin zəbt edilmə məsələsi də daxil olmaqla, infrastrukturun təcili yaradılmasını təsdiqləyir.

Boru xəttinin tikintisi 2016-cı il mayın 16-da başlayacaq və 2020-ci il dekabrın 31-də başa çatmalıdır. Layihə İtaliya üçün strateji cəhətdən əhəmiyyətlidir və enerji resurslarının təchizatının diversifikasiya edilməsinə imkan yaradacaq”.

Məndən bu qədər.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR