• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Oruc tut, gənc qal” anlayışı haqqında bilmədikləriniz - MÜSAHİBƏ

  • Layihə
  • 28 İyun 2015 10:31
  • 3 943 Baxış
“Oruc tut, gənc qal” anlayışı haqqında bilmədikləriniz - MÜSAHİBƏ

Müsəlman dünyası üçün Ramazan ayı çox müqəddəs hesab olunur. Şəriətdə bu ayda insanların günün müəyyən saatlarında yemək-içməkdən imtina etməsi buyurulur. Bəs, oruc insanın emosional vəziyyətinə təsir edirmi? Yaxud həqiqətənmi xərçəngin qarşısını alır və qocalma prosesini ləngidir? Publika.az-ın "Kokteyl" layihəsinin bu həftəki sayında Türkiyəli nevropotoloq Mehmet Yavuzun verdiyi müsahibədə bu və ya digər suallara cavab tapacaqsınız.

- Oruclu insanlar emosional və fiziki baxımdan dəyişirlərmi?

- Ramazan ayına daxil olduqda insan özünü oruca hər baxımdan hazırlamalıdır. Oruc tutmaq sadəcə, ac qalmaq demək deyil, duyğu və fikirlərimizlə, əməllərimizlə, danışıqlarımızla, dolayası ilə hər halımızla orucun mənəvi təmizliyinə əməl etməliyik. Oruc sayəsində bir növ davranışlarımıza nəzarət etmə məşqləri aparılır. Buna görə də, dözümlülük sərhədlərimizi aşan və əsəbilərimizi korlayan hadisələr qarşısında oruclu olduğumuzu xatırlamalı və özümüzü nəzarət altında saxlamaq bacarığımızı nümayiş etdirməliyik.

Xüsusilə yayın uzun günlərində oruc tutan şəxslər hər istədiklərində bədənin su ehtiyacını ödə bilmədikləri üçün vəziyyət daha da çətinləşir. Bu səbəbdən imsakda kifayət qədər su içilməlidir. Susuzluq hissi yaşlı insanlarda daha çox problem yaradır. İflic keçirmiş, ya da iflic keçirmə riski olan insanların oruc tutması təhlükəli ola bilər.

- Oruc insan əhvalına təsir edirmi?

- Normal şərtlər altında oruc tutan bir şəxsdə həddindən artıq əsəbilik əlamətlərinə rast gəlinmir. Ancaq oruclu vaxtında həddindən artıq əsəbi və aqressiv davranışlar göstərmək iki səbəbdən baş verə bilər. Birincisi, insan hipoqlikemiyaya girir. Hipoqlikemiya - qanda şəkərin normadan az olmasıdır. Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. Uzun yay günlərində aclıq səbəbilə hipoqlikemiya inkişaf edə bilər. Hipoqlikemiya əsnasında beyin hüceyrələrinin qlükoza ehtiyacı kifayət qədər ödənilmir. Bu vəziyyətdə isə adrenergik kriz əlamətləri: təşviş hissi, üz, boyun dərisinin ləkəli hiperemiyası, bəzən kəskin avazıma, titrəmə (hətta soyuq hissi olmadan), göz bəbəklərinin böyüməsi, taxikardiya, arterial təzyiqin yüksəlməsi, qanda leykositoz və hiperqlikemiya və.s özünü göstərir. Bu hal dolayısı ilə stress hormonlarının ifraz olunmasına səbəb olur. Bunun nəticəsində həssaslıq, tərləmə, həddindən artıq əsəbilik halları müşahidə olunur. Əgər qan şəkəri 50 mq-ın altına düşübsə, oruc dərhal açılmalıdır.

Xatırladım ki, oruc zamanı inkişaf edən hipoqlikemiya iftardan sonra baş ağrısına da səbəb ola bilər. Bu, bir metabolik uyğunlaşma problemidir və adətən Ramazanın ilk həftəsindən sonra keçir.

- Oruc tutduqda idman etmək doğrudurmu?

- Mütəmadi olaraq idman edən şəxslər, hipoqlikemiya riskini azaltmaq üçün mümkün qədər iftardan 2-3 saat sonra idman etməlidir.

- Hansı insalar oruc tutduqda daha çox gərginlik keçirir?

- Siqaret, spirt və kofein asılılığı olan insanlar oruc tutduqda daha çox gərginlik keçirirlər. Gün ərzində davamlı çay və qəhvə içən insan oruc tutanda kofein məhdudiyyətlərinə bağlı olaraq diqqət pozğunluğu, huşsuzluq, yuxuya meyl, dözümsüzlük, narahatlıq və gərginlik halları yaşaya bilər. Bu isə insanın dözümlülüyünü azaldır.

Normalda çox dözümlü olduğu halda qarşılaşdığı ən xırda problemə çox sərt reaksiya verir. Bundan başqa, baş ağrıları və yüngül qeyri-stabil hisslər müşahidə oluna bilər. Normal vaxtlarda intensiv şəkildə qəhvə və tünd çay içən adam bu tərz narahatlıqlar yaşamamaq üçün Ramazan girməzdən əvvəl kofein miqdarını xeyli dərəcədə azaldaraq bədənini oruca hazırlamalıdır.

Xüsusilə sürücülər bütün gün sükan arxasında və yolda olduqları üçün daha ehtiyatlı olmalıdırlar. Əks halda diqqət pozğunluğu və huşsuzluq halları ilə üzləşə bilərlər. Oruclu sürücülər sürətə nəzarət etməli, yol hərəkəti qaydalarını pozmamalı, əksinə qaydalara qarşı həmişəkindən daha həssas və diqqətli olmalıdırlar.

- Siqaret çəkən insanlar oruclu olduqda daha əsəbi və aqressiv olurlar?

- Siqaret çəkən insanların da daha dözümsüz, qəzəbli və aressiv olma ehtimalı yüksəkdir. Bu vəziyyət nikotinin sinir sistemi üzərindəki sakitləşdirici təsirə malik olmasından irəli gəlir. Bunun qarşısını almaq üçün yuxarıda da dediyim kimi siqaret çəkən insanlar Ramazan başlamazdan əvvəl siqareti azaltsınlar və mümkünsə heç çəkməməyə çalışsınlar.

- Ramazan ayında spirtli içkidən imtina edən şəxslərdə hansı hallar müşahidə olunur?

- İlin on bir ayında mütəmadi olaraq alkoqol istifadə edib, amma Ramazan ayında 30 gün spirtli içki içməyən insanlara da tez-tez rast gəlirik. Spirtin sinir sistemi üzərinə toksik təsirlər göstərdiyi məlumdur. Lakin həm həddindən artıq spirt istifadəsi, həm də spirt məhdudiyyəti aqressiv və əsəbi davranışlara səbəb ola bilər.

"Oruc tuturam, bu səbəblə əsəbiyəm" sadəcə bəhanədir...

Oruc tutan şəxsin "nə edim oruc tuturam, bu səbəblə çox əsəbiyəm" kimi bəhanələrinin heç bir ağlabatan əsası ola bilməz. Əgər oruc səbəbiylə həqiqətən ətrafına və özünə qarşı qəzəbli olursa, şüursuz şəkildə aqressivlik göstərirsə, zorakılıq tətbiq edirsə, istəmədən də olsa zərər verirsə və özü bunun qarşısını ala bilmirsə, mütləq peşəkardan yardım almalıdır. Peşəkar əsas səbəbləri araşdırılmalı və müalicə edilməlidir. Lakin belə psixoloji problemləri, şəxsiyyət pozğunluğu olan və müalicənin fayda vermədiyi insanlara oruc tutmaq həkimlər tərəfindən qadağan olunmalıdır.

- Orucun yaddaş və qavrama üzərində nə kimi təsirləri var?

- Oruc tutmaqla bir sıra arzulardan bir müddətə də olsa, uzaqlaşırıq. Beləliklə, bütün fikrimizi işlərimiz üzərində cəmləşdiririk. Oruclu ikən bədənimiz lazımsız metabolik fəaliyyətlərlə məşğul olmayacağı üçün qavrama və öyrənmə fəaliyyətləri daha çox artır. Yaddaş daha çox məlumat qeydə alır.

Mədə dolu ikən, qavrama və öyrənmə qabiliyyəti azalır. Metabolizm fəaliyyəti əsnasında beyində qan dövranı da normaya görə azalır. Tarixdəki bir çox görkəmli mütəfəkkir və filosofun da tez-tez özlərini günlərlə ac saxlayaraq, elmi təcrübələr üzərində işləyib və daha yaxşı nəticələr əldə etdiyi məlumdur. Bu səbəblə az yeməyin zehni açdığını və beyni daha məntiqli düşünməyə sövq etdiyini deyə bilərik. Dolayısıyla orucun zehni inkişaf üzərində çox müsbət təsirləri var.

- "Oruc tut gənc qal" ifadəsi haqqında nə deyə bilərsiniz?

- Qandakı lipid və xolesterin səviyyəsinin yüskəlməsinin bir çox xəstəlikdə rol oynadığını artıq bilirik. Damar divarları nizamsız qidalanma nəticəsində xolesterin hissəcikləri ilə örtülərək qan dövranını pozur. Xüsusilə, toxumaları bəsləyən kiçik kapillyar damarların fəaliyyəti pozulur. Toxumaların qidalanması pozulduqda bir çox xəstəlik özünü göstərməyə başlayır. Hüceyrə yenilənməsi axsayır, toxumaların özünü bərpa etməsi çətinləşir, qocalma prosesi sürətlənir. Bu səbəblə yalnız Ramazan aylarında deyil, adi vaxtlarda da ardıcıl şəkildə oruc tutan insanlarda lipid və xolesterin səviyyəsi azalacağı üçün damarlar özlərini təmir imkanı tapır. Damarlar təmizlənir və qan dövranı yaxşılaşır. Sanki əhənglə örtülü olan damar divarları normal anatomik quruluşuna dönür. Bir həkim dostumuz illər əvvəl gündə bir dəfə qidalanmaya keçmişdi. 6 ay sonra ağaran saçlarının yenidən qaraldığını və liftlə çıxmaq məcburiyyətində qaldığı yerləri sanki qaçaraq çıxdığını söyləmişdi. Beləliklə, ardıcıl oruc tutmağın qocalma prosesini ləngitdiyini və insanı daha gənc saxladığını rahatlıqla iddia edə bilərik.

- Metabolizmin artması orqanizmin müdafiə mexanizmini zəiflədir?

- Gün ərzində davamlı olaraq yemək-içmək metabolizmi daim məşğul edir. Bu isə orqanizmin müdafiə sistemini zəiflədən bir faktdır. Metabolizm artdıqca müdafiə mexanizmi zəifləyir. Çünki orqanizm bütün enerjisini qəbul edilən qidaları həzm etmək üçün istifadə edir. Bu səbəblə oruc tutan insanlarda metabolizmə ayrılan zaman azalacağı üçün müdafiə müqaviməti yüksəlir. Oruc eyni zamanda başda qaraciyər olmaqla, bütün həzm orqanlarının dincəlməsinə də imkan yaradır. Qaraciyərin də fəaliyyəti yaxşılaşır.

Oruc vasitəsilə qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq onun da ömrünü uzadır. Bədən müdafiəsində leykositlər (ağ qan hüceyrələri) də çox əhəmiyyətlidir. Bunlar orqanizmin hər nöqtəsinə çox tez çatırlar. Leykositlər müdafiəedici xüsusiyyətə malik olduğu üçün təhlükə həyəcanı gəldiyi zaman bədəni mikroorqanizmlərə qarşı qoruyurlar. Dincəlmiş bədən və metabolizmdə leykositlər daha yaxşı fəaliyyət göstərirlər. Oruc tutan adamda eyni zamanda damar divarları da sağlam olacağı üçün leykositlər ən incə damarlara qədər gedib çıxa bilir.

- Bəs, oruc xərçəngin əmələ gəlməsini qarşısını ala bilərmi?

- Xərçəng bədənin hər hansı bir yerində DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalmasıdır. Ancaq bu fəaliyyət bəzən bədənin öz toxuması kimi bir görüntü verərək müdafiə sistemini çaşdırmaq istəyə bilər. Əgər bədən daim metabolizm fəaliyyəti ilə məşğul olursa, müdafiəsi zəifləyir. Oruclu adamda isə orqanizm özünü idarə etməyə vaxt tapır və belə fəaliyyətlərə dərhal müdaxilə edir. Beləliklə xərçəng əmələ gəlməsinin qarşısı alınır.

- Bipolyar pozğunluq, depressiya və epilepsiya xəstələri oruc tuta bilərmi?

- Psixiatrik müalicə alan xəstələr həkim nəzarətində dərmanlarını ləngitməmək şərti ilə oruc tuta bilərlər. Çünki litium və valproik turşu amili və hiss vəziyyətini tənzimləyən dərmanlar istifadə edənlər maye ehtiyacını ödəyə bilmədiyi üçün dərmanlar qanda əks təsir göstərə bilərlər. Ramazan ayında oruc tutmaq istəyən bu xəstələr həkimlərlə əlaqə saxlamalı və onlardan razılıq almalıdırlar. Həkim lazım görərsə, dərmanların dozaları ilə bağlı tənzimləmələr aparılır. Bu tənzimləmələr heç vaxt xəstə tərəfindən aparılmamalıdır.

Digər tərəfdən epilepsiya xəstələrinin də oruc tutması riskli ola bilər. Çünki maye itkisi və hipoqlikemiyanın inkişafı xəstəliyin şiddətlənməsinə və başqa xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Nəzarət altında olan epilepsiya xəstələri də oruc tutub tutmayacağını həkimləri ilə məsləhətləşmədirlər.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR