• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənirlər? - MÜSAHİBƏ

  • Layihə
  • 3 İyul 2015 15:45
  • 1 108 Baxış
Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənirlər?  - MÜSAHİBƏ

Qadınlar özünü dərk edəndən gözəl görünməyə can atırlar. Kamil gözəlliyə çatmaq üçün ən ağlasığmaz addımları atmağa belə hazır olurlar. Bəs qadınların gözəl görünmək istəyi nədən qaynaqlanır? Onları cərrahlara çoxlu pul xərcləməyə nə vadar edir? Əks cinsin diqqətini cəlb etmək, yoxsa öz həmcinslərinə acıq vermək istəyi?

Publika.az-ın "Kokteyl" layihəsinin bugünkü sayında bu mövzu ətrafında danışacağıq. Mövzu ilə əlaqədar olaraq həkim-psixoloq Denis İslam Rzayev suallarımıza cavab verib.

- Qadının özünü bəyənməməsi, xarici görünüşü ilə kompleksli olması nə kimi problemlərə səbəb ola bilər?

- Əslində, hər bir insanın öz xarici görkəmində bəyənmədiyi nələrsə var. Bu, hər insanda özünü müxtəlif cür göstərir. Məsələn, qadının öz xarici görkəmini bəyənməməsi, öz bədəni ilə barışıq olmaması ruhi-əsəb pozuntusuna, güclü stress keçirməsinə səbəb olur. Bundan əlavə, qızların öz rəfiqələri ilə aralarında aşkar və ya gizli rəqabət aparmasına, paxıllıq hissinə, dolayısı ilə xəstəlik dərəcəsinə çata, hətta ağır psixoloji travmalara səbəb olur. Bu hissdən azad olmaq üçün çoxları ehtiyac olmadığı halda cərrahlara müraciət edirlər. Bəzən dəyişmək istəyirlər, amma konkret olaraq nə istədiklərini heç özləri də bilmirlər.

- Bu addımları atdıqdan sonra özünü bəyənməmək kompleksindən azad olurlar?

- Həmişə yox. Xanımlar o qədər mükəmməllik axtarışında olur ki, o mükəmməlliyin içində itib batırlar. Yəni, onlara heç estetik cərrahlar da kömək etmir. Bu məsələdə ancaq psixoloq köməyi tələb olunur.

- Öz bədənini, xarici görkəmini bəyənməmək bu qədərmi çətindir?

- Yox, çətin deyil. Bu, insanın iradəsindən, böyüdüyü mühitdən, ailə tərbiyəsindən, aldığı təhsildən, həyat təcrübəsindən asılıdır. Daim konflikt, stress, gərginlik şəraitində böyüyən insanların özü ilə barışıq olması daha çətindir.

Təhsili olmayan, dünyagörüşü geniş olmayan xanımlar bu problemlərə daha çox məruz qalırlar. Dəqiq desək, nevrotik pozuntulara səbəb olur.

- Psixoloq nöqteyi-nəzərdən baxsaq, bir qadın özünü yaxşı hiss etmək üçün gözəl olmaq istəyir və bəzənir, yoxsa hər zaman baxımlı olmaq məcburiyyətinə olduğu və inandırıldığı qəliblər üçün? Və ya sadəcə olaraq kişilər üçün?

- Şüur altı təfəkkürdə qadınlar adətən bəylər üçün bəzənirlər, əks cinsin diqqətini cəlb etmək üçün gözəl görünməyə çalışırlar. Daha sonra özünü təsdiqləmək və estetik baxımdan necə mükəmməl olduğunu göstərmək istəyi gəlir. Təbii ki, xanımlar baxımlı olmalıdır. Ancaq qadının bəzək-düzəyi norma daxilində olmalıdır. Əgər o normanı aşırsa, xanımın gözəl görünmək arzusu onu artıq xəstəlik dərəcəsinə çatdırır.

- Bu cür hallarla tez-tez qarşılaşırsınız?

- Son illər təcrübəmdə bu kimi hallarla tez-tez qarşılaşıram. Məsələn, hər hansı bir xanım burun quruluşundan narazı olduğu üçün əməliyyat etdirir, yaxud da dodaqlarını şişdirir. Amma alınan nəticədən yenə də razı qalmır. Çoxlarında mövqesizlik müşahidə olunur.

Xanımın gözəl görünməyə can atması normal haldır, amma bu istək həddindən ziyadə çox olanda, bütün fikrini-zikrini bunun üzərində cəmləşdirəndə həm cəmiyyətdən qopmağa başlayır, həm dostları, həm ailəsi ilə münasibətləri korlanmağa başlayır.

- Elə xanım var ki, sevdiyi insanın görüşünə heç bir halda makiyajsız getmir. "Sevgilim məni kosmetikasız görsə, soyuyar. Makiyajsız məni heç kim bəyənmir" - deyə düşünür. Bu kimi fikirləri özündən necə uzaqlaşdırmaq olar?

- Səhv fikirdir! Bu fikir öz təsdiqini tapmır. Ümumiyyətlə, kişilər hər hansı xanımı onun makiyajına görə bəyənmirlər. Kişilər üçün təbii gözəllik daha önəmlidir. Kosmetoloji müdaxilə minimum olmalıdır.

- Dünyanın hər yerində, o cümlədən Azərbaycanda da arıq xanımlar daha gözəl hesab olunur. Mütəxəssis kimi bunu necə qiymətləndirirsiniz? Belə çıxır ki, kök qadınlar gözəl deyillər?

- Bu, zövq məsələsidir. Ölkələrin mədəniyyətinə xas olan bəzi məqamlar var. Elə ölkələr var ki, onlarda kök xanımlar daha çox bəyənilir. Elə ölkələr də var ki, orada arıq bədən quruluşu ideal hesab olunur. Sadəcə, Şimali, Afrika və Asiya ölkələrinin gözəllik kriteriyaları fərqlidir. Hər bir insan yarını öz təbiətinə uyğun olaraq seçir. Təkcə xarici görünüş rol oynamır.

- Həddindən artıq qısqanc xanımlar həyat yoldaşını ən məşhur modellərə, hətta dünya ulduzlarına belə qısqanırlar. Gözəl qız gördükdə həyat yoldaşını hər an itirmək təhlükəsində olduğunu düşünən xanımlara nə məsləhət verərdiniz?

- Səbəbin nə olmasından asılı olmayaraq, qısqanclıq insanları çıxılmaz vəziyyətə sala və nəzarəti tamamilə itirməyə səbəb ola bilər. Qısqanclığın təsirlərini azaltmaq səbir və səy tələb edir. Hər kəsin qısqanclıq səbəbləri və hissləri fərqlidir. Qibtə və həsəddən fərqli olaraq qısqanclıqda həmişə itirmə qorxusu olur.

Bu hissdən azad olmaq üçün xanımlar daim öz üzərində işləməlidir, bir az sirli olmalıdır. Əlçatmazlığını həmişə qorumalıdır, maraq dairəsində olmalıdır. Bu cür xanımların şəxsi həyatı da hər zaman uğurlu alınır.

Lakin qadınlardan fərqli olaraq, kişilərin gözəl qadına marağı sevginin bitdiyinin əlaməti deyil. Ya da ona vurulduğunu göstərmir. Cəlbedici qadına istənilən, hətta evli kişilər də baxır. Bu, hisslərin ciddiliyindən xəbər vermir.

- Bəs, bir insanın neçə dəfə sevmək haqqı var?

- Bunun dəqiq bir standartı yoxdur. Bu suala konkret olaraq cavab vermək mümkün deyil. Sevgi hissi fərdi məsələdir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR