Sevgidən depressiyaya düşən Zamiq: “Gec aşiq oluram, olanda da...” MÜSAHİBƏ – FOTOLAR
Bizi izləyin

Magazin1

Sevgidən depressiyaya düşən Zamiq: “Gec aşiq oluram, olanda da...” MÜSAHİBƏ – FOTOLAR

Bir çox həmkarlarından fərqli olaraq Zamiq Hüsyenova şou məclislərdə, maqazin proqramlarında, tədbirlərdə nadir hallarda rast gəlmək olur. Bəlkə, elə bu səbəbdəndir ki, adı heç vaxt qalmaqallarda hallanmır. Amma yox, ara-sıra onun da bostanını daşlayanlar olur, amma daşdan səs çıxır, Zamiqdən yox. Çünki özünə hörmət edən müğənnilərdəndir.

Hər zaman öz hücrəsinə çəkilən, mediadan uzaq gəzib-dolanan, stili kimi musiqi zövqü də fərqli olan yaraşıqlı müğənnini söhbətə çəkməkdə çətinlik çəkmədik.

Çoxlarının təkəbbürlü insan kimi qələmə verdiyi Zamiqi daha yaxından tanımağa çalışdıq.

Publika.az-a müsahibə verən müğənni göründüyündən fərqliymiş…

- Ay Zamiq, mediadan uzaq qaçırsan, hər verilişə çıxmırsan, yəqin ki, bəzi həmkarların kimi gözdən düşməkdən qorxursan. Şou-biznesdə gözdən düşmədən duruş gətirmək çətindirmi?

- Əslində, bunu bilərəkdən eləmirəm. Sadəcə olaraq, xarakterim belədir. Demək olmaz ki, verilişlərə çıxmıram. Xoşuma gələn proqramlara qatılıram. Biləndə ki, veriliş musiqi, yaradıcı söhbətlərdən bəhs edəcək, qalmaqal, dedi-qodu olmayacaq, gedirəm. Özümü görmədiyim yerlərdə olmaq istəmirəm. Çünki xasiyyətcə olduğum yerin ab-havası ilə yaşayan adamam. Getdiyim məclis, efir, tədbir gözəl olmalıdır ki, orda özümü rahat hiss edim. Yoxsa ki, elə getmək xatirinə harasa getmirəm, əhval-ruhiyyəmi korlamaq istəmirəm. Bir sözlə, xoşuma gələn verilişlərə gedirəm, xoşuma gəlməyən yerlərə getmirəm.

- İstəmədiyin məkanda heç olmamısan? Məsələn, məcburiyyət qarşısında qalıb, ya da kiminsə sözünü yerə salmamaq xətrinə iştirak etdiyin belə bir tədbir heç olmayıb?

- Əlbəttə olub. Məcburən, istəmədiyim halda da dəvəti qəbul etdiyim vaxtlar olub. Ola bilsin ki, orda az oturaram, amma mütləq gedirəm. Aldığım dəvəti qiymətləndirən insanam.

- Şou-biznesdə olmaq və ancaq çirkablarına bulaşmamaq mümkündürmü?

- Əslində, çox çətindir. Onu da deyim ki, şou-biznes kənardan göründüyü kimi çirkin bir yer də deyil. Musiqi, notlarla dolu bir məkan necə çirkin ola bilər. Harada musiqi var, orada gözəllik olar. Şou-biznesə xələl gətirən müəyyən adamlar ola bilər. Biz robot deyilik, müəyyən qüsurlarımız mütləq olmalıdır. Şou-biznesdə olan və musiqiyə xidmət edən insan, inanın ki, pis ola bilməz. Mən də burada çalışdığım qədər bütün sənət yoldaşlarıma layiq olmaq istəyirəm. İstər yaradıcılığımla, istər özümü aparmağımla, şəxsiyyətimlə.

- Bəzi müğənnilər deyir ki, şou aləmdə dostluq mümkün deyil. Sənin necə, şou-biznesdə dostların var?

- Var.

- Kimlərdir?

- Bir neçəsi var ki, onlarla çox yaxın dostam, amma adlarını çəkmək istəmirəm.

- İnsanlarla, lap elə dostlarını götürək, onlarla münasibətlərini necə tənzimləyirsən? İnciklik yaşananda, onlardan tez qırılırsan?

- Tez qırılıram deyə bilmərəm, amma münasibətlərim soyuya bilər.

- Belə deyim də, sənin dəftərində tamamən silib atmaq varmı?

- Var, var elə insanlar. Amma şou-biznesdə yoxdur.

- Hansı həddə çatanda bu addımı atmaq məcburiyyətində qalırsan?

- İnsanın haqqı yeyilən anda dözə bilmirəm. Şəxsiyyətimə, qüruruma toxunanda, ailəmə söz atan olanda dayana bilmərəm. Elə insanlarla oturub-durmaq mümkünsüzdür.

- Bu, fiziki təzyiqlə də sonuclana bilər?

- Yox, heç vaxt olmayıb, yəqin ki, indən belə də belə hal yaşanmaz.

- Yəqin ki, bu stressin ziyanı özünə dəyir?

- İçimdə çəkirəm.

- Bezdiyin və qurtulmaq istədiyin hansısa xasiyyətin var?

- Çox olub.

- Bəlkə, deyəsən, biz də bilək…

- Məsələn, qısqanc insanam və səbirsizəm. Həddən artıq tələbkaram. Bu da həddən artıq məsuliyyətli olmağımdan irəli gəlir. Əslində, özüm də eləyəm e, dəqiq, heç kimi incitmədən, işimə məsuliyyətlə yanaşıram. Deyirəm, əgər bu, mənim işimdirsə, məsuliyyətlə öhdəsindən gəlməliyəm. Məsələn, kimsə məni gözləməməlidir, deyilən vaxtda həmin yerdə olmalıyam.

- Həm də çox səliqəlisən… Qarderoba çox pul ayırırsan?

- Maddi imkanım nəyə çatırsa, o qədər.

- Geyimdə ən çox hansı elementə üstünlük verirsən-köynək ayaqqabı, qalstuk…

- Mənim üçün geyim vəhdət halında gözəl olmalıdır.

- Brend olması mütləqdir?

- Yox. İmkanım çatdığı qədər brend geyimlər almaq istərdim, amma pulum nəyə çatırsa onları da alıram.

- Əyləncən, hobbin varmı?

- Hər gün idmanla məşğul oluram, "playstation" oynayıram, kinoya baxıram.

- Evdən çıxanda nəyi unutsan, mütləq geri qayıdarsan?

- Telefonumu.

- Telefonun itsə, hansısa kompramata görə narahat olarsan?

- Yox, qorxmuram, çünki orda gizlinlərim yoxdur. Telefonumda nə varsa, onu sizə də göstərə bilərəm, başqalarına da.

- Telefonunda gizlinlərin olmasa da, şəxsi həyatını hər zaman mediadan gizli saxlayırsan?

- Əslində, şəxsi həyatımda hələ ki heç nə yoxdur, olanda mütləq sizə deyəcəyəm.

- Zamiqin xoşladığı qadın tipi necədir?

- Müxtəlif ola bilər. Mən bunu dəqiq deyə bilmərəm. Elə bir qadın ola bilər ki, gözəl deyil, amma danışığı, ünsiyyəti gözəldir.

- Bəs mütləq hansı xüsusiyyəti onda olmalıdır?

- Musiqi zövqü gözəl olmalıdır. O qadın xoşuma gəlsə də, əgər musiqi zövqü yoxdursa, çətin olar.

- Qadınlarla bağlı zövqün tez-tez dəyişir? Məsələn eləsi var deyir on il əvvəl xoşuma gələn qadın tipini indi bəyənmirəm.

- Sözün düzü, bu məqama diqqət eləməmişəm. Amma onu deyim ki, mənim zövqümcə olan xanımlar fərqlidir. Heç bunun səbəbini də bilmirəm.

- Səncə, qadın nə etsin ki, maraqsızlaşmasın, adiləşməsin?

- Sadəliyini, səmimiyyətini və sevgisini qorumalıdır. Bir də ailəsinə sədaqətini itirməməlidir.

- Tez-tez aşiq olursan?

- Yox. Gec aşiq oluram və olanda da uzunmuddətli olur. Yəqin ki, aşiq olsam, ömrümün sonuna qədər davam edəcək.

- Sevgidən depressiyaya düşə bilərsən?

- Ola bilər.

- Bəs depressiyadan necə çıxırsan?

- Başımı qatıram, dostlarla oluram. Xoşbəxtəm ki, yaxşı dostlarım var. Onlarla deyib-gülürəm, mənə çox kömək olurlar.

- Sosial şəbəkədə çox vaxt itirirsən?

- Aradabir. Amma "İnstagram"da çox oluram.

- Zamiq, yəqin sənin də qulağına çatmış olar, çox adam deyir ki, Zamiq eqoistdir, təkəbbürlüdür…

- Kənardan belə görünürəm, amma çox adam mənə yaxınlaşandan sonra məəttəl qalır ki, niyə sənin haqqında belə danışırlar. Yəni ünsiyyətə qədər belə qənaətdə ola bilərlər. Ancaq sonradan görəcəklər ki, əslində, təkəbbürlü deyiləm.

- İnsanlarda səni ən çox nə əsəbiləşdirir?

- Kiminsə arxasınca danışmaq, yalandan üzə gülmək. Burda üzümə gülür, o yana keçən kimi qeybətimi edir. Mənim bir simam var, dəyişmir. Nədənsə xoşum gəlmirsə, hiss etdirirəm. Kimdənsə xoşum gəlmirsə, yalandan üzünə gülmürəm. Amma hamı belə deyil.

- Məsələn, mənim də suallarım xoşuna gəlməsəydi, hiss etdirəcəkdin?

- Qeyri-səmimiyyəti sevmirəm. Hiss etdirməyəcəkdim, açıq şəkildə deyəcəkdim ki, xoşuma gəlmədi, bu suala cavab vermək istəmirəm.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm