Vüqar Əhməd: “Cavan qızlar mənə fotolarını göndərir”-FOTOLAR/ MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Vüqar Əhməd: “Cavan qızlar mənə fotolarını göndərir”-FOTOLAR/ MÜSAHİBƏ

Həftə sonu nəğməkar şair Vüqar Əhməd 52 yaşını qeyd etdi. Ondan hansı havada olduğunu soruşdum, gah nala vurdu, gah da mıxa. Əvvəl dedi ki, ruhumun 18 yaşı var, sonra da 52 yaşına 100 yaş da əlavə edib özünü 152 yaşlı qoca kimi təqdim etdi. Elə mən də çaş-baş qalıb sualları da qarışdırdım…

Publika.az şairlə müsahibəni təqdim edir:

- Şair ad gününüzdə hansı havadasınız?

- Ömrümdən bir il də qopub düşdü. Çoxu gedib, azı qalıb, qışı gedib yazı qalıb. İndi haqq dünyasına sarı yaxınlaşıram.

- Deyirsiniz ömrünüzün qışı gedib yazı qalıb. Yaz hara, ölmək hara?

- Gələn bir gün gedəcək. Mənim də 52 yaşım tamam oldu. Oturub fikirləşirəm ki, görəsən indiyə qədər neyləmişəm? Bir ata kimi, bir şair kimi özüm-özümə hesabat verirəm.

- 52 yaş sizə nə deyir, qulağınıza nə pıçıldayır?

- 52 yaş mənə deyir ki, narahat olma, ruhun heç də qoca deyil, cəmi-cümlətani 18 yaşı var. Amma həyatımda o qədər eniş-yoxuş oldu ki, sanki 152 yaşım var.

- Ruhu 18 yaşında olan Vüqar Əhmədin doğum günündə yeni şeiri doğuldumu? Ümumiyyətlə, adətən doğum günlərinizdə şeir yazırsınızmı?

- 52 yaşımda təbim gəlmədi. Amma 30, 35, 40 yaşımın şərəfinə şeirlər yazmışdım. Bunu da özümə poetik hesabat kimi dəyərləndirirdim. Bəlkə də təbim gəldi yazdım, amma ola da bilər, heç yazmadım. Təb elə şeydir ki, haçan, harda gəlib səni silkələyir, heç xəbərin də olmur.

- İnşallah ki, yenə yaxalayar. Şeirlərinizin çoxuna mahnılar bəstələnib. Ən çox hansı müğənninin ifasında o mahnıları bəyənirsiniz?

- Brilliant Dadaşovanın. Söz yox ki, sözlərimə yazılmış mahnıları əksər müğənnilər oxuyub. Amma Brilliant ayrı cür oxuyur də. Özü də Brilliant xanım, nə az, nə çox, sözlərimə yazılmış 20 mahnını oxuyub. Sağ olsun, hər yerdə də deyib ki, Vüqar Əhmədin sözlərinə yazılmış mahnılarım tutub.

- İnsanlar sizin sözlərinizə yazılmış mahnıları eşidib duyğulanır, bəs siz, hansı mahnıları dinləyib feyziyab olursunuz?

- Brilliant xanımın ifasında “İzim qalacaq”, “Arzular” mahnısı məni duyğulandırır. Baloğlanın oxuduğu “Anam mənim” mahnısını eşidəndə çox kövrəlmişəm, amma indi o mahnını eşitmək istəmirəm.

- Niyə?

- Çünki anam dünyasını dəyişəndən sonra o mahnını dinləyə bilmirəm, məni ağlamaq tutur. Elə mahnılarım var ki, məni kövrəldir.

- Bəs hansı mahnını dinləyəndə deyirsiniz ki, əhsən sənə Vüqar Əhməd...

- Elmira Rəhimovanın ifasında “Dinlə məni sevgilim” mahnısını eşidəndə özümü saxlaya bilməmişəm. Demişəm ki, əhsən sənə Vüqar Əhməd, yaxşı yazmısan, halaldı.

- Bəs heç özünüzü danladığınız, məzəmmət etdiyiniz vaxtlar olur?

- Çox olur belə. Hər gecə yatanda özümə hesabat verib yuxuya gedirəm. Həmişə də səhvlərimə görə özümü danlayıram. Bəzən də bu danlaqdan bezib, öz-özümə deyirəm ki, bəsdir də, bir səhvdir də, eləmisən, keçənə güzəşt deyərlər. Sonradan özüm-özümə bəraət qazandırmağa çalışıram. Lirik-psixoloji əhvalım pozulmasın deyə, çalışıram səhvlərimi də unudum.

- Səhvlərinizdən danışdınız, daha keçib, bəlkə mənfi cəhətlərinizi də sadalayasınız?

- Əsəbiyəm, çılğınam. Bir dəqiqəyə əsəbiləşib özümdən çıxıram, iki dəqiqədən sonra peşman oluram. Bəyənmirəm bu xasiyyətimi. Amma əcaib də səslənsə, deyim ki, insanı qəbir düzəldir.

- Xanımınız sizə necə dözür?

- Şairlər əsəbi, orijinal, çılğın olur. Xanımım da xasiyyətimi bilir və məni yola verir.

- Yəqin ki, siz də elə onu şeirlə yola vermisiniz…

- ... (gülür)

- Heç ona şeirlər həsr etmisiniz? Yoxsa ki, başqa xanımlara yazdığınız şeirlərlə yola verirsiniz?

- Çox şeirlər yazmışam ona. Elə belə baxanda bütün şeirlərimin qəhrəmanı xanımımdır də.

- Bu şeiri kimə yazmısan, deyib heç sizi sorğu-suala çəkmir ki?

- Qısqancdır, bəzi şeirlərimə görə məni qısqanıb.

- Bəs siz nə deyib, sakitləşdirmisiniz?

- Elə salıram gülməyimə, bununla da iş bitir.

- Heç sizə zəng edib deyən olmur ki, Vüqar müəllim, mənə bir şeir həsr edin?

- Çox olur. Xüsusən də xanımlar.

- Arzularını yerinə yetirirsiniz, yoxsa elə ürəklərində qalır?

- Yox, eləmirəm. Çünki baxıb görürəm ki, ailəmdə problem yaranır. Lazım olsa, uşaqlarına şeirlər yazıram. Amma bir də görürsən xanım yazır ki, mənə şeir həsr elə, cavab verirəm ki, incimə, yaza bilmərəm. O qədər cavan qızlar mənə fotolarını göndərir ki, amma mən onlara fikir vermirəm. Sevgilərindən sui-istifadə etmirəm, çoxu balam yerində sayılır. Olmaz günahdır. O qanmır-qanmır, mənə nə gəlib bəs?

- Qızınız Almaxanım da müğənni kimi fəaliyyətə başlayıb. Heç ona qadağalarınız olur?

- Elə bir ciddi qadağam yoxdur, amma demişəm ki, ömrü boyu muğama sədaqətli ol.

- Yəni, belə başa düşdüm ki, şou-biznesə qatılmağına icazə verməyəcəksiniz?

- Qətiyyən, qoymaram. Həmişə qızımın üstündə nəzarətim olacaq. Amma Almaxanım bu sənəti seçəndə bilirdi ki, nəyi etmək olar, nəyi yox. Çünki bu sənətlə məşğul olan insan öz missiyasını qabaqcadan müəyyən etməlidir. O mənim qızımdırsa, hər addımını ölçüb-biçəcək. Anası da ona elə tərbiyə verib ki, ömrü boyu başımı aşağı etməz. Qızımın səsi, sənəti olmasaydı, müğənni olmağa qoymazdım.

- Şair, kədərli və sevincli günlərinizi tərəziyə qoysanız hansı tərəf ağır gələr?

- Kədərli günlərim tərəzinin bir tərəfini çökdürər. Sevincli günlərim çox az olub, amma naşükür deyiləm. Şükür bu günümə. Yəqin Allah belə məsləhət bilib.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm