Əbülfəs Qarayev: “Filmə baxan hər bir yeniyetmə burada özünü tapacaq”
Bizi izləyin

Magazin1

Əbülfəs Qarayev: “Filmə baxan hər bir yeniyetmə burada özünü tapacaq”

Ard-arda bir neçə komediya filmləri çəkildikdən sonra, nəhayət, uşaqları da nəzərə alan oldu. Belə ki, Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının dövlət sifarişi ilə çəkdiyi “Dərs” adlı bədii filmin təqdimatı oldu.

Bununla bağlı filmin rejissorları və bir neçə baş rolu canlandıran aktyor heyəti jurnalistlər üçün mətbuat konfransı keçirərək, onların suallarını cavablandırdı. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, filmin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, filmdə baba rolunu oynayan naşir, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov və 4 azyaşlı iştirak edirdi.

Konfransda məlum oldu ki, adıçəkilən filmdə bir nəfər də olsun peşəkar aktyor rol almayıb. Bütün film sonadək qeyri-peşəkar aktyorların debüt işi olub.

Mətbuat konfransında çıxış edən filmin rejissoru Rafiq Əliyev dedi ki, ilk dəfədir ki, tammetrajlı filmdə özünü sınayır. O, digər rejissor Cavid Təvəkkül üçün də bunu debüt işi adlandırdı:

“Cavid indiyədək bir neçə televiziya verilişləri, filmləri çəksə də, bədii film sahəsində bu, onun ilk işidir. Filmdə professional aktyor yoxdur. Buna baxmayaraq, hər kəs öz işinin öhdəsindən gələ bilib. Uşaq filmindən çətin heç nə yoxdur. Çoxu bizi qınayır ki, xalq nağıllarını ekranlaşdırmırıq. Buna cavab olaraq deyə bilərəm ki, bunu çəkmək qeyri-mümkündür. Hətta filmin ilkin baxışını izləyən cənab nazir Əbülfəz Qarayev də bu məqamı vurğuladı ki, nağıl yaxşı şeydir. Uşaqlarımız bunu bilməlidir. Lakin nağılı ekranlaşdırarkən müasirləşdirmək, bugünkü tamaşaçının başa düşəcəyi dilə salmaq lazımdır. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2 ssenarist bu istiqamətdə iş görür”.

Azərbaycanda, adətən, uşaqları hansısa televiziya layihəsində görəndə ilk ağlagələn fikir bu olur ki, uşaq hansısa mötəbər birinin yaxınıdır. Elə bu səbəbdən Publika.az mətbuat konfransında məhz bu suala cavab axtarıb. Sualı filmin quruluşçu rejissoru Rafiq Əliyev cavablandırıb:

“Bu filmdə 24 nəfər şagird görəcəksiniz. Onları seçmək üçün biz 11 min uşaqla görüşmüşük. 200-ə yaxın məktəbdə olmuşuq. Bizə heç kəs tapşırmayıb ki, kiminsə uşağına, nəvəsinə ya da hər hansı qohumuna rol verək. Filmdə mənim 2 nəvəm çəkilib. Bu kastinqdə onlar ən istedadlıları olub. Bunu tək mən demirəm. Filmin başqa rejissoru da var. Ancaq onun qohum-əqrabası bu filmdə rol almayıb”.

O da məlum olub ki, uşaqların seçim prosesi 2 ay davam edib. Film çəkilişləri Bakı ilə yanaşı Şəki və Qaxda da aparılıb. 3 ay davam edən çəkiliş prosesi 1 ilə tamamlanıb.

Filmdə rol alan azyaşlı aktyorlar da özlərini bu peşədə sınamaqdan məmnun olduqlarını bildiriblər. Filmin çəkilişlərindən elə həvəsləniblər ki, gələcəkdə aktyor olmağa qərar veriblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də çıxış edərək filmlə bağlı fikirlərini bölüşüb:

“Filmdə müasir Azərbaycan gənclərinin, yeniyetmələrin formalaşması, onların daxili dünyası və tərbiyə edilməsi kimi məsələlərə toxunulur. Hesab edirəm ki, burada insan həyatının çox maraqlı mərhələsindən danışılır. Müxtəlif xarakterli uşaqlar öz daxili keyfiyyətləri ilə özünü təsdiq etmək, cəmiyyət arasında özünə yer tapmaq, liderlik xüsusiyyətlərini nümayiş etdirməyə çalışırlar”.

Nazir, həmçinin yay tətili günlərində filmin paytaxtda və regionlarda nümayiş etdiriləcəyini də vurğulayıb:

“İstəyirik ki, bütün məktəb yaşlı övladlarımız bu filmi izləsinlər. Filmə baxan hər bir yeniyetmə, şagird özünə yaxın olan obrazları tapacaq. Uşaqlarımız filmin qəhrəmanlarına bənzəməyə çalışacaq. Hətta bəzi obrazlara tənqidi yanaşacaqlar, onları qəbul etməyəcəklər. Bu da normal bir haldır. Amma inanıram ki, bu film əsl vətəndaşa, əsl dostluğa xas olan xüsusiyyətləri təbliğ etməklə gələcək nəslin təlim-tərbiyəsində öz sözünü deyəcək”.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm