• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xalq artistlərimiz hind rejissorunun 5 milyonluq filmində çəkiləcəklər - FOTOLAR

  • Magazin1
  • 18 May 2015 13:45
  • 917 Baxış
Xalq artistlərimiz hind rejissorunun 5 milyonluq filmində çəkiləcəklər - FOTOLAR

Bollivudun tanınmış rejissoru Priyadarşan Bakıda film çəkməsi ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Publika.az-ın konfransda iştirak edən əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış aktyorları da iştirak ediblər.

Priyadarşanın çəkəcəyi film triller janrında olacaq, tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohonlal oynayacaq.

Ekran işində, həmçinin, Aparna Nair və Sabu Siril də çəkiləcəklər. Hindistandan 20-yə yaxın kino işçisinin cəlb olunduğu ekran işində həm də azərbaycanlı aktyorlar - xalq artistləri Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və əməkdar artist Fizuli Hüseynov rol alacaqlar.

Çəkilişlər Bakıda, həmçinin, Azərbaycanın müxtəlif regionlarında aparılacaq. Sözügedən ekran işinin çəkilməsində məqsəd Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş informasiya ötürməkdir. Sözügedən filmin ərsəyə gəlməsi üçün Hindistanın “Ful House” kino şirkəti Azərbaycanın “MR – Pictures Pro” və “Amal Film Production” la müqavilə imzalayıb.

Qeyd edək ki, rejissor Priyadarşanın filmoqrafiyası olduqca zəngindir. O, Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. “Kanchivaram” ekran işinə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mükafatına layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki “PADMASHRI” mükafatı ilə təltif olunub. Priyadarşan bununla yanaşı, müxtəlif ölkələrdə 168-dən çox reklam çarxı çəkib.

Priyadarşan hesab edir ki, xalqlar arasında mədəni əlaqələrin qurulması çox vacibdir: ”Bu filmi sıravi film kimi yox, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi yolunda atılan addım kimi götürə bilərik. Hindistanaı, hind filmlərinə qarşı maraq hələ Sovetlər dövründən olub. Bu marağı nəzərə alaraq biz bu əlaqələri yenidən möhkəmləndirmək istəyirik. Hindistanda ildə 600-dən çox film çəkilir. Hindistan dünyada ən çox film çəkən ölkədir. 32 ildir ki, kino sənayesində çalışıram. Və ilk dəfə olacaq ki, Azərbaycanlı aktyorlarla iş birliyim olacaq. İnanıram ki, bu, Azərbaycanda ən tanınmış film olacaq. Filmdə Azərbaycanın ən məşhur aktyor heyəti ilə yanaşı, Hindistanın da ən məşhur aktyorları rol alacaq. Düşünürəm ki, 32 illik karyeramda bu ən yaxşı film olacaq. Bu film çox geniş auditoriya qazanacaq. Film rus dilinə də tərcümə olunacaq”.

Filmin büdcəsi 5 milyon manata yaxındır.

Aktrisa Amaliya Pənahova çıxışında bildirdi ki, bu gün Laçının işğalı günüdür. Bu, 1 dəqiqəlik sükutla yad edildi.

Xalq artisti bildirdi ki, film dünya standartlarına uyğun çəkiləcək. Bu da tamaşaçıların diqqətini cəlb edəcək: “Azərbaycanda çoxseriyalı filmlərin çəkilməsinə görə ölkə başçısı və xanımı səy göstərir. Bu film də onların dəstəyi ilə işıq üzü görəcək. İnanırıq ki, film geniş auditoriyanın marağına səbəb olacaq. Hindistana hər zaman rəğbətimiz olub. Uşaqlığımız bu filmlərlə keçib. Bu mədəni əlaqələr Azərbaycanın imicinin yüksəlməsinə yönələn addımlardır.

Aktrisa Həmidə Ömərova isə qeyd etdi ki, biz hamımız ənənəvi hind filmləri ilə böyümüşük: “Kinosevərlər qocaman hind rejissorlarını çox yaxşı tanıyırlar. Raç Kapuru isə hər kəs tanıyır. Hindistanın film mərkəzi Bollivuddur. Hindistanın son illər ən məşhur rejissoru Priyadarşandır”.

Xalq artisti Rasim Balayev gənc nəsildən fərqli olaraq uşaqlıqda hind filmləri izlədiyini söylədi: “İllər ərzində müxtəlif film festivallarında ən məşhur hind aktyorları və rejissorları ilə tanış olmuşam. Amma heç vaxt Hindistanda olmamışam. Cavanlıqda hind filmində çəkilmək ən böyük arzum olub. Qocalıqda olsa da, bu arzum gerçəkləşdi. Ağıllı və görkəmli rejissorlardan aktyorlar hər zaman öyrənir. Biz də bu rejissordan çox şey öyrənəcəyik”.

Filmin mövzusu hindistanlı qızın anasını axtararaq Azərbaycana gəlməsindən bəhs edir.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR