• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Yekaterinadan Osmanlıya hədə: “Bizsiz Avropada bir top belə atılmayacaq”

  • Maraqlı
  • 12 Dekabr 2014 10:23
  • 1 256 Baxış
Yekaterinadan Osmanlıya hədə: “Bizsiz Avropada bir top belə atılmayacaq”

Publika.az istedadlı tədqiqatçı Adgözəl Məmmədovun "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabını hissə-hissə oxuculara təqdim edir:

Əvvəli bu linkdə:

http://publika.az/p/52889

http://publika.az/p/53121

http://publika.az/p/53456

http://publika.az/p/53930

http://publika.az/p/54319

Xarici siyasət Yekaterina fəaliyyət dairəsinin ən parlaq sahəsi idi. Türkiyə ilə müharibədə iki, İsveçlə bir qələbə, Krımın birləşdirilməsi, Polşanın bölünməsi ilə imperiyasının sərhədlərini böyütmüşdü və imperatriçənin sözlərilə desək, "bizsiz Avropada bir top belə atılmayacaq".

Müharibənin gedişatı göstərdi ki, Fransa xarici siyasət proqnozlarında səhvə yol verib. Yekaterinanı taxtından məhrum edəcək iki-üç böyük qələbəni qazana bilmirdilər. Onun əvəzində Moldaviya, Valaxiya, Qafqazda fəal hərbi əməliyyatlar və Rusiya donanmasının Baltikdən Aralıq dənizinə uğurlu ekspedisiyası qələbə şəlaləsiylə nəticələndi. 1770-ci il sentyabrın 16-da II ordu komandanı general Pyotr İvanoviç Panin Benderi ələ keçirdi.

İyunun 24-də rus dənizçiləri Xios boğazında türk donanmasına güclü zərbə endirdilər, iki gün sonra isə Çesmen buxtasında sahil batareyasının müdafiəsinə çəkilmiş türk eskadrasını yaxaladılar. İyunun 26-na keçən gecə türk gəmiləri bütövlüklə darmadağın edildi. Qreyq raportunda yazırdı: "Hətta hələ yanmayan gəmilərdəki türklər də müqavimət göstərməkdən əl çəkdilər. Avarlı gəmilərin çox hissəsi batmış, ya da insan sıxlığından çevrilmişdi. Orlov milliyyətindən asılı olmayaraq sağ qalanların hamısını xilas etmək göstərişi verir. Onun əmri ilə donanma Dardanelə tərəf həm boğazın mühasirəyə alınması, həm də türklərin dəniz əlaqələrinin kəsilməsi üçün istiqamətləndi.

Bu vəziyyətdə Osmanlı imperiyasına danışıqlara hazır olmasını nümayiş etdirməkdən başqa heç nə qalmırdı. Sülh konfransı Fokşanda keçirilməli idi. Peterburqdan ora "birinci səfir" kimi Q.Q.Orlov göndərildi. Orlov imperatriçənın göstərişlərini heç bir güzəştə getmədən elə qeyri-diplomatik tərzdə həyata keçirməyə başladı ki, faktiki olaraq danışıqlar pozuldu və Türkiyə tərəfi Fokşanı tərk etdi. Bununla belə konfransın uğursuzluğa düçar olacağı əvvəlcədən bəlli idi, belə ki, Rusiya hökuməti arasında sülh məsələsi ilə bağlı birlik yox idi. Panin tezliklə müqavilə bağlanmasını müdafiə etməklə, Rumyansevi məhz bu yöndə istiqamətləndirirdi. Orlov qardaşları isə öz növbələrində hələ 1770-ci ildə Qriqori Qriqoryeviçin Dövlət Şurasındakı çıxışında qeyd etdiyi "Konstantinopol yürüşü" fikrini dəstəkləyirdilər. Onlar sülh uğrunda deyil, qüvvələrin yenidən qruplaşması üçün çalışırdılar. Əslində, Rusiyada hakimiyyət uğrunda iki iri klan mübarizə aparırdı. Siyasətdə ciddi dəyişikliklər hansı klanın nümayəndələrinin qələbə qazanıb hakimiyyətdə vacib vəzifələri tutacağından asılı idi. Dövlətin idarə olunmasında hökmdar təkcə məmurlara deyil, həm də xüsusilə etibarlı adamlarına – onunla qalan aparat arasında vasitəçiliyi həyata keçirən, hökmdarın qərarlarını çatdıran və anladan favoritlərinə arxalanırdı.

İmperatriçə favoritinin cəsarətli "Konstantinopol yürüşü" layihəsinə qəlbən laqeyd qala bilmirdi. O, əbədi şan-şöhrət vəd edirdi. Lakin dövlətin daxili vəziyyəti dəyişmişdi. Müharibənin dördüncü ili idi, qiymətlər, rüsumlar qalxmışdı, tez-tez əsgərliyə çağırış əhalinin narazılığına səbəb olurdu. 1772-ci ilin yanvarında Orenburqdan kazakların yerli məmurlarla toqquşması xəbəri gəldi, elə onda da Don tərəfdən çaxnaşmalar barədə həyəcanlı xəbərlər yayıldı. Volqa və Saritsində üsyana təhrik edənlər aşkar olundu. Don kazakları nizami ordularla açıq döyüşlərə hazırlaşaraq Çerkasskı möhkəmləndirdilər. Orada-burada bir-birilə birləşə biləcək yerli üsyanlar baş qaldırırdı.

Belə şəraitdə İstanbula yürüş etməkdən söhbət gedə bilməzdi. İmperatriçə sülh məsələsində Panini dəstəklədi. O deyirdi ki, müharibə davam etdirilərsə, "imperiya imperator I Pyotrun vaxtından Rusiyanın görmədiyi böhran olacaq".

25 iyun 1772-ci ildə Yekaterina öz fransalı müxbiri xanım Byelkaya bildirirdi (ədəbiyyat siyahısında – 16, səh.49): "Düşünürəm ki, mənim sülh mələklərim indi yaramaz, saqqallı türklərlə üz-üzədirlər. Öz dövrünün ən gözəl adamlarından olan qraf Orlov bu avamlar qarşısında mələk kimi görünməlidir. O, qeyri-adi adamdır, təbiət ona qarşı çox səxavətli olub, lakin xasiyyəti onu ərköyün edib. Ona görə ki, hər hansı bir işdə səylə çalışmaq onun üçün hər şeydən çətindir. Otuz yaşına qədər heç nə onu buna məcbur edə bilməyib. Bununla belə, maraqlıdır, o, çox şey bilir və onun təbii hissiyyatı elə güclüdür ki, nə haqqındasa ilk dəfə eşitsə belə, o an onun zəif və möhkəm yerlərini tutur və bu əşya barədə ona xəbər verəni çox geridə qoyur".

Əlbəttə ki, imperatriçə öz "sülh mələyini" qərəzli təsəvvür edir. Əfsuslar olsun ki, diplomatiya Qriqori Qriqoryeviçin anladığı bu cür əşyalara aid deyil.

Xarici siyasət Yekaterina fəaliyyət dairəsinin ən parlaq sahəsi idi. Türkiyə ilə müharibədə iki, İsveçlə bir qələbə, Krımın birləşdirilməsi, Polşanın bölünməsi ilə imperiyasının sərhədlərini böyütmüşdü və imperatriçənin sözlərilə desək, "bizsiz Avropada bir top belə atılmayacaq" kimi şərait yaratmışdı.

Hökmdarlığının lap əvvəlindən Yekaterina xarici siyasəti şəxsən idarə etməkdə təkidli idi. O deyirdi: "Mən özüm idarə etmək istəyirəm, qoy bunu Avropa bilsin".

Onun düşüncələrinə görə, Rusiya xarici saraylardan asılı olmadan öz "şəxsi sistemiylə" hərəkət etməli idi. İmperatriçə qeyd edirdi: "Zaman göstərəcək ki, biz heç kəsin quyruğunda sürünmürük".

Bəzi hallarda vacib olan sərtliyi və qətiyyəti Yekaterina faktiki öz hakimiyyət şəriki Q.A.Potyomkinin üzərinə qoyur, özü isə "yumşaq əlcəklərlə" hərəkət etməyə üstünlük verirdi. 1770-ci illərin ortalarından Qriqoriy Aleksandroviç Potyomkin xarici siyasətlə bağlı bütün məsələlərdə imperatriçənin ən yaxın əməkdaşı oldu. İmperatriçə onu öz "şagirdi" və "yetişdirməsi" adlandırırdı. Rusiyanın Krım, Polşa və İsveçə aid planlarının həyata keçirilməsini də ona həvalə etmişdi.

Əgər Orlov sözün həqiqi mənasında dövlət adamı olaraq müəyyən sərhədləri bilirdisə, Potyomkin Yekaterinanın həyatına başqa bir yenilik gətirdi. O, "gecə-gündüz" işləyirdi.

Potyomkinlə Yekaterinanın romanı 2 ilə yaxın, 1774-cü ildən 1776-cı ilədək davam etdi. Sonradan yaranmış soyuqluğun günahı Qriqoriy Aleksandroviçin üzərində qaldı. Yekaterina məktublarının birində ona yazırdı (ədəbiyyat siyahısında-16, səh.63): "Yoldaşım, mənim dediklərim çin oldu. Sizin yersiz əldə etdiyiniz yüksəklik mənə zərər gətirir. Heç olmazsa, bir dəfə mənə qulaq as ki, məni eşitdiyini deyə bilim".

Bu vəziyyətdə qalmaqal qaçılmaz idi. Mübahisələr çox vaxtı iş otağından yataq otağına keçirdi. "Mənə hökmdarlıq etməyə imkan verməklə, qəlbimin qüvvəsini alırsan. Biz sevgi deyil, hakimiyyət mübahisəsi aparırıq. Bu cür ailə cəhənnəminə dözmək mümkün deyil".

1776-cı ildə qruplaşmış saray əhli ümumiliklə Potyomkinə qarşı qalxdı. Onda Yekaterina özü üçün dəhşətli, lakin dövlət üçün yeganə doğru olan addımı atdı. Hələ də öz ehtiraslı qəhrəmanını sevərək, ayrılıqdan əzab çəkə-çəkə, onu öz favoriti kimi qurban verməyi qərara aldı və bununla da düşmənləri sakitləşdirə bildi.

1777-ci ilin dekabrından desant çıxarmağa hazır olan türk gəmilərinin çox böyük dəstəsi Axtiyar limanına yerləşdirildi. Buna cavab olaraq rus tərəfi də Dneprovsk limanında öz tərsanələrinin salınması məsələsini qaldırdı. İmperatriçə Potyomkinə yazırdı: "Limanda buranın admirallığını nümunə tutaraq, admirallığın tərsanələri yerləşə biləcək redut və s. salınmalı və ora Xerson adlandırılmalıdır".

İnşa edildikdən üç il sonra Xersona artıq iri gəmilər həm daxil olur, həm də ağır yüklərlə yola düşürdülər. İ.İ.Xemnitser 1782-ci ildə Konstantinopola gedərkən memar N.A.Lvova məlum edirdi ki, hə, qardaş, Xerson doğrudan da möcüzədir. Bunların hamısının üç ilə başa gətirildiyini təsəvvür etmək mümkün deyil. Gözünün önünə nə çubuq, nə də bir ev tapmaq mümkün olan sonsuz bir səhra gətir. İndi isə - qaladır və çox mühüm qaladır, lap Niderlandiyada gördükləirmizdən də yaxşıdır. Daxili tikililər sanki Parisin yonulmuş daşlarındandır".

1781-ci ilin mayında Krıma hücum etməkdən əvvəl Yekaterina Rusiya-Avstriya ittifaqını formalaşdırır. Yeni böhran vəziyyət özünü çox gözlətmədi. 1782-ci ilin mayında türk Şahin-Gireyin qardaşı Batır-Gireyi Krımda xan seçilir və İstanbula kömək üçün müraciət edir. Devrilmiş xan isə Qafdan Kerçə Rusiya gəmisində qaçır.

Potyomkin yazırdı (ədəbiyyat siyahısında-16,səh.76): "Mərhəmətli hökmdar, mən məsələləri olduğu kimi xatırladıram. Krım öz vəziyyəti ilə bizim sərhədlərimizi dağıdır. Türklərlə Buquda və ya Kuban tərəfi ilə ehtiyatlı olmaq vacibdirmi, halbuki hər iki halda Krım əlimizdədir. Artıq, Krım sizindir və bu narahatçılıq bitib. Təsəvvür edin ki, sərhədlərdə də vəziyyət gözəldir. Avropada da Asiya, Afrika, Amerikanı böləcək dövlət yoxdur. Əldə etdikləriniz nə qədər gözəl olsa, sizi bir o qədər utandıracaq və varisləriniz sizi qınayacaq. Onlar hər narahatçılıqda deyəcək: "Budur, o, bunu edə bilərdı, istəmədi, ya da əldən buraxdı".

Potyomkin tərəfindən dəstəklənən və Rusiya təsirində fəaliyyət göstərən tatar əyanları şöhrətli knyaza xanı taxtından əl çəkməyə məcbur etdirməyi və Krım sakinlərinin onların vətəndaşlığına keçmək xahişlərini yerinə yetirmək təklifini irəli sürür. 4 dekabr 1782-ci ildə imperatriçə Potyomkin üçün "elə ilk imkan yaranan kimi" Krımın Rusiyaya birləşdirilməsi haqqında gizli reskript imzaladı.

İyulun 10-da Qarasubazar düşərgəsindən Potyomkin imperatriçəyə tatar əyanlarının andiçməsi barədə məlumat verirdi (ədəbiyyat siyahısında-16,səh.86): "Artıq, bütün əyanlar and içdilər, indi isə hamı onların yolu ilə gedir".

Doğrudan da, tezliklə müsəlman ruhaniliyi və aldadılmış tatarların andiçmə mərasimi baş tutdu.

Krımın müsəlman ruhaniliyi Potyomkindən "tatarların əqidəsinin toxunulmazlığına riayət etmək" zəmanətini alan kimi nəinki özləri and içməyə razılaşmış, hətta əhalinin əsas hıssəsini də buna sövq etmişdi. Potyomkin hətta gəlirlərin müəyyən hissəsinin daha çox ehtiram göstərilən məscidlərin saxlanılmasına ayırmaqla ruhaniliklə anlaşma əldə edə bildi. Bundan başqa o, Peterburqa Krım ruhaniləri üçün Quranın çap olunmasını sifariş etdi.

2 fevral 1784-cü ildə Qriqoriy Aleksandroviç Potyomkin feldmarşal rütbəsi aldı, Hərbi kollegiyanın prezidenti və yeni birləşdirilmiş torpaqların general-qubernatoru oldu. O yeni ərazilərin inkişafının şəhər, liman, tərsanələr salınması, Krımda əkinçilik, üzümçülük, ipəkçilik, seçmə qoyunçuluğun yaradılması, eləcə də səhralıq ərazilərə çoxsaylı müstəmləkə əhalinin köçürülməsi üzrə geniş proqramını həyata keçirdi. Bunun hamısı ciddi maliyyə yatırımı tələb edirdi. Hətta Rusiyanın Qara dənizə irəliləməsinin tərəfdaşları arasında az adam inanırdı ki, Krımın qeyri-məhsuldar torpaqları gəlir gətirə bilər. Potyomkinin düşmənləri isə onun Şimalı Qara dəniz sahillərinin inkişafına yatırdığı vəsaiti küləyə sovrulmuş pullar adlandırırdılar. Skeptiklərdən fərqli olaraq, Yekaterina "əldə olunanların" səmərəsini qiymətləndirə bilmişdi, lakin bunun üçün o, yeni torpaqları görməli idi. 1 yanvar 1787-ci ildə Yekaterinanın "Tavriçeski vilayətinə" məhşur səyahəti başladı. O, Baxçasaraydan Moskva general-qubernatoru P.D.Yeropkinə yazırdı: "Bu diyarın əldə olunmasını alçaqlıqla bədnam edənlər onun qiymətini bilmirlər: Ümid etmək olar ki, əgər Peterburq imperiya gəlirinin 8-ci hissəsini gətirirsə, adıçəkilən ərazilər məhsulu ilə yararsız əraziləri, yəni Baltik sahillərini ötüb keçəcək".

Səfər mühüm diplomatik xarakter daşıyırdı. Onun məqsədi Rusiyanın tərəfdaşlarına və Avropa ölkələrinin diplomatik nümayəndələrinə Rusiyanın Qara dəniz sahillərində möhkəmlənməsini göstərmək idi. Aprelin 30-da nahar vaxtı gəmilər Kremençuqa daxil oldular. Bura Yekaterinslava inşa olunana qədər canişinliyin inzibati mərkəzi rolunu oynayırdı. Potyomkinin himayəsinə verilmiş torpaqlar buradan başlayırdı. Dneprlə aşağı hərəkət edərək Yekaterina Yeni Kaydaka yaxın yerdə sahilə çıxdı. Səhrada Avstriya imperatoru II İosiflə görüşüb onunla Yekaterinslavanın bünövrəsinin qoyulduğu yerə, oradan da Xersona yola düşdü.

Səyahətçiləri əsas sürpriz Sevastopolda gözləyirdi. İnkerman sarayında təntənəli nahar vaxtı qəfildən eyvandan görünən mənzərəni bağlayan pərdənin açılması iştirakçılara ecazkar Sevastopol limanını göstərdi. Günəşli bir gün idi, reyddə 3 gəmi, 12 freqat, 20 xətt gəmisi, 3 mərmiatan qayıq və 2 branderdən ibarət Rusiya Qara dəniz donanması durmuşdu. Toplardan atəş açıldı. Bununla, Rusiya əldə etdiyi əraziləri saxlamağa hazır olduğunu nümayiş etdirdi.

Demək olar ki, Yekaterinanın səfərini işıqlandıran bütün müəlliflər "Potyomkin kəndləri" məsələsindən yan keçmirdilər, yəni cənubda imperatriçəyə həqiqi şəhərlər və qalalar yerinə dekorasiyalar göstərilmişdi. Əfsanənin yaradıcısı 1787-1796-cı illərdə Rusiyada səfirliyin katibi işləyən və səfərdə şəxsən iştirak etməyən Saksoniya diplomatı Q.A.Helbiq sayılır. Helbiq əhalinin 200 verst boyu "əmrlə" qoyduğu uydurma kəndləri təsvir edirdi, "mal-qara sürülərini gecə vaxtı bir yerdən digər yerə aparırdılar və elə olurdu ki, bir sürü hökmdarın qarşısına beş-altı dəfə çıxarılırdı". Xersondakı imperatriçənin xoşuna gəlmiş tikililər haqqında deyirdi: "Yalnız yaxındakı binalar həqiqi, uzaqdakılar isə bir-birinə bağlanmış və gözəl boyanmış qamış lövhələrdə çəkilmiş şəkillərdir".

Hətta imperatriçəyə Sevostopolda nümayiş etdirilən hərbi donanma da oradan-buradan gətirilmiş və hərbi görünüş verilmiş ticarət gəmiləri və köhnə barkalar idi.

Davamı var...

Adgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR