• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Batmayan Gəmi“ haqqında yazılmayanlar - II yazı

  • Maraqlı
  • 14 Aprel 2012 12:12
  • 230 Baxış
“Batmayan Gəmi“ haqqında yazılmayanlar - II yazı

Yaranışının hansı dövründəsə, insan təbiətlə mübarizəyə, onu məğlub etmə cəhdlərinə başlayıb. Bu cəhdlər bəşər tarixinə dəhşətli faciələr yazıb. O dəhşətlərdən biri olan "Titanik" qəzası ən sirli dəniz qəzası hesab edilir. Bu yazıda "Titanik" barədə yazılan və yazılmayan, aşkar və indiyədək gizli qalan faktlardan bəhs edəcəyik.

Yazının birinci hissəsi dünən yayımlanıb.

Sirr pərdəsi qalxır…

"Titanik"in məhvindən keçən 100 il ərzində onun haqqında çox yazılıb. Laynerin batması haqqında daha bir versiya meydana çıxıb. Həmin versiyaya görə, guya bu gəmini hazırlayan şirkət həmin vaxt müflis olmaq həddində imiş və bundan yaxa qurtarmaq üçün "Titanik"i elə birinci səfərindəcə məhv etmək haqqında çox məxfi şəkildə qərar qəbul edib. Çünki "Titanik" çox böyük məbləğə sığorta edilmişdi. Ümumiyyətlə, "Titanik"in batma səbəbi haqda versiyalar çoxdur.

"Titan"la "Titanik"in nə əlaqəsi var?

"Titanik"lə bağlı sirlər, qaranlıq qalan məsələlər bu günə qədər aydınlaşdırılmayıb. Sizə bu sirlərdən bəzilərini təqdim etmək qərarına gəldik. Ən maraqlı hekayət isə "Titan" romanı barədədir. 1898-ci ildə, yəni "Titanik"in batmasından tam 14 il öncə Morqan Robertsonun bir romanı nəşr edildi. Morqan amerikalı idi, gənc ikən dənizçilik etmişdi. Sonra isə zərgər olmaq fikrinə düşdü və Nyu-Yorkda zərgərlik etdi. Çox keçmədən yazar olmağa qərar verdi və ilk hekayəsini nəşr etdirdi.

Hekayəsi 25 dollara satıldı, daha sonra yazdığı 10 hekayədən isə 1000 dollar qazandı. Yazmaq ona artıq asan və qazanclı gəlirdi. 1897-ci ilin bir qış gecəsində yeni bir dəniz əhvalatı yazmağı planlaşdırdı. Bu, uzun bir əhvalat olacaqdı...

Təsadüf, ya öncəgörmə?

Romanın iki adı vardı: "Nahaq yerə" və "Titan Qəzası". Roman fantastik bir gəmi səfərindən danışırdı. "Titan" adlı lüks gəmi okeanda irəliləyərkən aysberqlə toqquşub, batırdı. Üstəlik, yazar gəmiyə eynən 14 il sonra gerçək Titanikə verilən adı - "batmayan gəmi" adını qoymuşdu. "Titanik" faciəsindən 14 il öncə nəşr edilən bu roman rəsmi olaraq gələcəkdə baş verəcək bir faciənin tragik hekayəsini izah edirdi. Bu, sanki bir öncəgörmə idi.

Yazarın xəyalında nəhəng bir reys gəmisi vardı, əsla batmayan bir gəmi. Bir eşq mövzusu üzərində qurulan əhvalatın qəhrəmanları bu nəhəng gəmiyə minib, İngiltərədən ABŞ-a gedirdilər və eşq hekayəsi dünyanın ən lüks gəmisində başlayırdı. Amma əhvalatın xəyali qəhrəmanları gözlənilməz bir sürprizlə qarşılaşacaqlar və bir dəniz qəzası "batmaz" deyilən gəmini okeanın dibinə göndərəcək.

İnanılmaz oxşarlıqlar

Robertson müdhiş hadisədən 14 il öncə gerçək "Titanik"in batma səhnəsini olduğu kimi təsvir etmişdi. Gəmi aysberqlə necə toqquşur, hansı tərəfdən zədə alır - bütün bunları olduğu kimi yazmışdı. Morqan hətta sinfi ayrı-seçkiliyi də yazmışdı, xilasetmə gəmilərinə öncə varlıların mindirildiyi barədə uzun-uzadı təsvirlər vermişdi.

Və Robertson 1898-ci ildə əhvalatını kiçik bir kitab olaraq nəşr etdi. O zaman çox da maraq doğurmayan kitab onu çox sonralar əbədiyaşar edəcəkdi, çünki o, dünyanın ən təəccüblü və ən dəhşətli faciəsini yazmışdı. "Titanik" eynilə bu romandakı taleni yaşadı, batış səhnəsi eyni idi. Amma təkcə adlarındakı eynilik və eyni formada batmasımı onları bir-birinə bağlayırdı? Xeyr, inanılmaz faktları oxumağa hazır olun o zaman.

İnanılmaz faktlar və oxşarlıqlar

* Robertsonun romanındakı "Titan" adlı gəmi Soutqampton limanından yola çıxırdı və 14 il sonra "Titanik" də eyni limandan yola çıxdı.

* Romandakı gəmi ilə "Titanik"in uzunluqları arasında bir neçə metr fərq vardı.

* Hər iki gəminin çəkisi də bir-birinə yaxın idi - Robertson romanında "Titan"ı 70.000 ton ağırlığında yazmışdı, "Titanik" isə 66.000 ton idi.

* Hər iki gəminin üç pəri vardı.

* Robertsonun romanındakı nəhəng "Titan", Nyu-Foundland yaxınlığında, Şimali Atlantikdə bir aysberqə dəyərək batır. İnanılmaz olan isə odur ki, "Titanik" də 14 il sonra eyni koordinatda, eynilə romandakı aysberqin bənzəri kimi bir aysberqə dəyərək okeana qərq oldu.

* Hər iki gəmidə kifayət qədər xilasedici qayıq yox idi. Robertson romanındakı gəmidə 24 avarlı qayıq olduğunu yazırdı, "Titanik"də isə 22 avarlı qayıq vardı.

* "Titanik"in qəzasında 1513 sərnişin boğularaq öldü. Eynilə 14 il əvvəlki romanda yazıldığı kimi... Robertsonun romanındakı "Titan"da isə 1500 adam ölürdü. Hər iki gəmi də 3000 nəfərlik idi.

* Həm romandakı "Titan"ın, həm də gerçək "Titanik"in batması zamanı gəmi orkestri ilahi musiqi səsləndirib.

* Həm romandakı "Titan" gəmisindən sağ qurtulan gəmi heyəti, həm də "Titanik" qəzasından qurtulan gəmiçilər həyatları boyu gəmidə çalışdılar, amma heç vaxt kapitan ola bilmədilər.

Morqan dahidir?

Morqan məşhur ola bilmədi, amma yazdığı və satılmayan roman gerçəkləşdi. O, "Titanik"in batmasından 3 il sonra infarktdan öldü. Kimsə onunla maraqlanmadı, ta ki 1980-ci illərə qədər. Bu zaman "Titanik"in axtarışı aparılırdı və təhqiqatlar zamanı Morqanın romanına rast gəlindi.

Araşdırmaçılar dəhşətə gəldilər! Morqan Robertson "Titanik" batmazdan 14 il öncə gəmiylə və qəzayla əlaqədar hər şeyi eynilə necə yazmışdı! Araşdırmaçılar bunu təsadüf hesab etmir, "Titanik"in batacağını öncədən bilən bu yazarın bir dahi olduğunu deyirlər.

"Dənizdə təhlükədə olanlar üçün dua edirik..."

Yenə bir əhvalat, yenə bir sirr.

Çox maraqlıdır ki, bu əhvalatda da Morqan adlı birindən bəhs edilir. Kanada, "Rosedale Metodist" Kilsəsi, rahib Çarli Morqan bir bazar günü səhər erkəndən qalxıb dini ayin üçün hazırlıq görür. Oxunacaq duaların nömrələrini kilsədə qoyulmuş xüsusi lövhəyə yazır.

Bütün hazırlıqlarını bitirdikdən sonra, bir az yatmaq məqsədiylə otağına gedir və dərin bir yuxuya dalır. Rahib Morqan dəhşətli bir yuxu görür, qaranlıqların içində, nəhəng bir kütlə vardı, dalğaların səsləri və dua, dini musiqi eşidilirdi. Yuxu o qədər təsirli və narahatedici idi ki, Morqan oyandı, gəminin səsi və dini musiqi qulağından getmirdi. Yenidən yatmağa çalışdı və yuxuya getdi.

Yuxu təkrar başladı, dini musiqi, gəminin zəng səsləri, qaranlıq, dalğa səsləri və dəhşətli bağırtılar. Rahib Morqan bu dəfə, səksəkə içində oyandı və özünü boş kilsəyə atdı, lövhəyə yaxınlaşdı, yuxuda eşitdiyi və heç cür qulaqlarından getməyən dini musiqinin və duanın kitabdakı nömrəsini lövhəyə yazdı.

Ayin saatı çatmışdı, camaat toplanırdı, rahib Morqan ibadəti başlatdı, dualar kilsədə oxunan anda minlərlə mil uzaqda okeanın ortasında eyni dua buzlu dənizi yenməyə çalışırdı, yüzlərlə insan o duanı oxuyurdu. Kilsədə isə rahib durmadan bu sözləri təkrarlayırdı: "Eşit, Müqəddəs Ata, Sənə dənizdə təhlükədə olanlar üçün dua edirik".

İbadətdən bir neçə saat sonra mühdiş qəzanın xəbəri gəldi.

"Titanik"in batacağını öncədən xəbər edən daha bir hekayə

"Titanik"in sirləri bitmək bilmir. Möhtəşəm gəmi batanda, məşhur ingilis jurnalist Vilyam Stead gəmidə idi. Stead hekayələr yazaraq satır, bununla da yaşamaq üçün pul qazanırdı. Jurnalist olmaqla yanaşı Stead, ölümdən sonrakı həyat və reankarnasiya ilə də maraqlanır, bu barədə araşdırmalar edirdi. "Titanik"in batmasından 20 il qabaq, 1892-ci ildə Steadın yazdığı hekayələrdən birinin adı nə idi, bilirsinizmi? "Titanik"…

"Titanik"in batmasından 20 il qabaq Steadın hekayəsindəki "Titanik" də bir aysberqə dəyərək batırdı. Steadın yazdığı hekayədə yazar özünü də təsvir etmişdi, o özünü qəzadan xilas olanlardan biri kimi izah edirdi. 20 il sonra gerçək "Titanik" batarkən, o buzlu və soyuq dənizdə qərq olanlardan biri həmin jurnalist-yazar Steadın şəxsən özü idi. Roman hər xırdalığı ilə gerçək qəza ilə tutuşurdu, bir tək müəllifin sonu ayrı oldu.

Titanikin batdığı gecə 23 ildən sonra dənizçilər qorxur

Daha bir sirr. Amma "Titanik"in batmasından çox illər sonra baş vermiş bir hadisə. 1935-ci ildə 23 yaşlı Vilyam Reeves adlı bir dənizçi İngiltərədən Kanadaya gedən "Titanian" adlı kömür yüklü buxarlı gəmidə işləyirdi. Soyuq aprel gecəsi idi, 14 aprel. Həmin gün Vilyamın doğum günü idi, o, "Titanik"in batdığı gecə doğulmuşdu və indi "Titanik"in batmasından 23 il ötürdü.

Gəmi bütün dənizçilərin əzbərdən bildikləri o "uğursuz zona"ya, "Titanik"in batdığı nöqtəyə çatmışdı. Reeves, göyərtədən dənizə baxırdı, neçə illər öncəki hadisəni canlı görməyin çox həyəcanlı və qorxulu olduğunu düşünürdü. Reeves birdən suların sürətlə qaynadığını və qəfildən nəhəng bir aysberqin gəminin yolu üzərində peyda olduğunu gördü. Tam o anda həyəcan siqnalı verildi.

Uzaqlıq kafi idi, heyət gəmini zamanında dayandırdı, bir saat ərzində gəminin ətrafı yüzlərlə buz kütləsi tərəfindən əhatələndi. Artıq hərəkət etmələrinə imkan yox idi. Reeves və yoldaşlarının içində olduqları "Titanian" (adın oxşarlığına baxın) adlı gəmini ancaq 9 gün sonra hadisə yerinə yetişən buzqıran gəmilər xilas etdilər.

Fişənglər düz atılsaydı...

"Titanik" batarkən son ümid olaraq uzaqdakı gəmilərin diqqətini çəkə bilmək üçün dalbadal havaya fişənglər atılıb. Hava fişənglərini görən "Kaliforniya" adlı gəminin heyəti atılan fişənglərin ağ olması səbəbindən gəmidə əyləncə olduğunu təxmin ediblər. Çünki o zaman gəmilərin fişəng rənglərinə görə bir qaydaları vardı. Ağ rəng əyləncə, qırmızı rəng isə təhlükə demək idi. "Titanik" səfərdən öncə kifayət qədər qırmızı fişənglə təchiz edilmişdi, amma buna baxmayaraq, havaya ağ fişənglər atılır.

"Titanik"dən təxminən 70 km uzaqlıqda olan "Mount Temple" gəmisi kömək çağırışını duyub və ona verilən koordinatlara doğru sürətlə hərəkət edib. Ancaq koordinatlar səhv verildiyindən (?) "Mount Temple", "Titanik"ə 12 km uzaq olan başqa bir bölgəyə gedib çıxıb.

Gəminin fitləri o zamana qədər ən böyük və ən gurultulu fitlər idi. Bu fitləri dənizdə 11 mil uzaqlıqdan belə duymaq mümkün idi. Demək, bir qədər uzaq olan gəmilər də bu siqnalı duymalı idi. Amma araşdırmalar zamanı məlum oldu ki, həmin vaxt okeanda olan və "Titanik"ə 11 mildən də az məsafə yaxınlığında olan gəmilər nədənsə fit səsini duymayıblar.

***

Kapitan Smit gəminin dizaynçısı ilə "Titanik"lə batmağı seçdiyi halda, bütün aysberq xəbərdarlıqlarına baxmayaraq gəminin son sürətdə Amerikaya getməsini tələb edən "White Star Line" dənizçilik şirkətinin idarəçisi Brus İsmay, qadın və uşaqların mindiyi bir avarlı qayığa minib və uzaqdan "Titanik"in batmasını izləyirmiş...

Lalə Mehralı

Publika.Az

P.S. "Titanik"lə bağlı daha bir qəribəlik. Bu araşdırmanı 3-cü dəfədir işləyirəm. İki dəfə bu barədə yazı hazırladım, ikisi də hazır olandan sonra fərqli vaxtlarda kompyuterdən "yoxa çıxdı"…

Xəbər lenti

DAHA ÇOX XƏBƏR