Oğlan uşağı gəlinciklə maraqlanırsa... - Ekspert məsləhəti
Bizi izləyin

Müsahibə

Oğlan uşağı gəlinciklə maraqlanırsa... - Ekspert məsləhəti

“Məsləhət Oda”sında uşaq psixoloqu Ülkər Sadıqova ilə uşaqların oyuncaq məşğuliyyətini müzakirə edirik.

Oyuncaq və uşaq. Onların dostluğu necə başlamalıdır?

- Uşaq doğulandan oyuncaq onun inkişafı üçün vacib faktorlardan biridır. Böyümə dövrlərinin hər mərhələsində uşağa lazım olan, onun maraqlarını təmin edən, fiziki və psixi inkişafına kömək edən oyuncaq növləri var.

İlk 10 günündən uşaq artıq hansısa bir əşyanı nəzərdə saxlamaq qabiliyyətinə malik olur. 1 ayın sonunda uzun müddət oyuncağın arxasınca baxa bilir. Uşağın faktiki inkişafı üçün oyuncaqlar böyük rol oynayır. İlk zamanlarda oyuncaq yumşaq, rəngli, toxunan zaman xoş təəssürat yaratmalıdır.

Uşağın hansı yaşda hansı oyuncağı oynatması düzgündür?

- 3 yaşa qədər uşaqlar ətraf mühiti öyrənməkdə ilk addımlarını atırlar. Yaxşını pisdən ayırmaqda çətinlik çəkirlər. Bu dövrdə uşaqları qorxutmaq asandır. Ona görə də uşağın yataq otağında böyük, səsli, yumşaq oyuncaqlar qoymaq məsləhət deyil.

Bu dövrdə əsasən rəngarəng (yaşıl, sarı, qırmızı), yumşaq, tüksüz, uşağın əlində rahat tutub ağzı ilə yoxlaya biləcəyi oyuncaqlar alınması məsləhətdir. 1 yaşa qədər uşaqlar hər bir əşyanı ağıza salmaqla tanıyıb mənimsəyir. 3-6 yaşlı uşaqlar öz üzərlərinə istənilən rolu götürür, nağıllara, müsbət və mənfi nağıl qəhrəmanlarına qarşı həssas olurlar.

Onlar təxəyyülünü də bu zaman işə salırlar. Bu məqamda oyuncaqlar onların köməyinə gəlir. Oyuncaqlar uşağın təsiri altında canlanır və insan xüsusiyyətləri alır.

Bu yaş dövründə kukla terapiyanın köməyi ilə uşaqlara bir çox gözəl xüsusiyyətləri aşılamaq və bir çox fobiyalardan azad etmək olar.

Uşaq bu yaşda sanki oyuncağın arxasında gizlənən adamı görmür və onunla danışanın həmin oyuncaq olduğunu düşünür. Məktəbəqədər və kiçik məktəb yaşı dövründə də uşaqlar üçün müxtəlif oyuncaqlar var ki, onların marağını cəlb edərək məktəbə hazırlamaq mümkündür.

Əcaib səsli musiqili oyuncaqlar uşaq psixologiyasına necə təsir edir?

- Qeyd etdiyim kimi, körpə uşaq ətraf mühiti təzə-təzə tanımağa başladığı üçün hələ fərqləri aydınlaşdıra bilmir və bu üzdən iri, yumşaq ayı oyuncağı və ya möhkəm səs çıxaran oyuncaq onda qorxuya, vahiməyə səbəb ola bilər.

Alimlər uşaq psixikasına neqativ təsir göstərən oyuncaqların siyahısını tərtib ediblər. Bunlar aşağıdakılardır:

- Darıxdırıcı və axmaq oyuncaqlar (farforlu statuetlər, qorxulu üzlü fiqurlar, heyvanların eybəcər oxşatmaları və s.)

- Ölü oyuncaqlar (eyni anda bir necə funksiyanı həyata keçirən oyuncaqlar)

- Əxlaqsız oyuncaqlar (dağıdıcılıq, müharibə, zorakılıq təbliğ edən oyuncaqlar, hərbi oyuncaqlar - tapança, avtomat və ya başqa silah)

Uşaq psixikasına oyuncaqların təsirinin öyrənilməsindən uzun illər keçsə də bir çox məqamlar bu gün də aktualdır.

Uşağın özünü bir şəxsiyyət kimi formalaşdırmasında oyuncaqların rolu nə qədər böyükdür?

- Uşağın şəxsiyyət kimi formalaşmasında oyuncaqların rolu böyükdür. Gəlinciklər qız uşaqlarını onların ən başlıca vəzifəsinə - ana olmağa hazırlayır. Qızlar gəlinciklə oynayan zaman öz gələcək körpələrinə necə qulluq edəcəklərini öyrənirlər.

Bəzi fikirlərə görə, oğlan uşaqlarının müharibə oyunları onlarda mərdliyi, dözümlülüyü formalaşdırır və qorxaqlığın pis xüsusiyyət olduğunu aşılayır. Uşaqlara müharibəni, qanı erkən öyrətmək lazım deyil.

Oğlan uşaqları bəzən qız gəlincikləri ilə oynayır, bu nə anlama gəlir?

- 1-3 yaş uşaqlarda öz “mən”ini tanıma dövrü sayılır. Bu dövrdə uşaq özünü tanımağa maraq göstərir. Bu yaşda istənilən uşağın gəlincikləri soyundurduğunu müşahidə edə bilərsiz. Bununla uşaq öz cinsinin və əks cinsin nə ilə fərqlənməsini və oxşarlıqlarını öyrənir.

Valideyn oğlan uşaqlarının gəlinciklə və ya əksinə, qızların oğlan oyuncaqlarına meyl eləməsini görəndə təşvişə düşməsinlər. Amma bunun adət halına kecməsinə də yol vermək olmaz.

Valideynlərə oyuncaq seçimində qızıl məsləhətlər hansılardır?

Uşaqlara oyuncaq seçərkən aşağıdakı xüsusiyyətlərə fikir verilməlidir:

- Uşağın inkişaf dövrünə uyğun gəlməlidir.

- Ətraf mühiti öyrənməkdə kömək olmalıdır.

- Real həyatda mövcud olan hansısa bir əşyaya oxşamalıdır.

- Mümkün dərəcədə uşağın özü tərəfindən hazırlanmalıdır.

- Xüsusi bilik və bacarıqların inkişaf etdirilməsinə imkan yaratmalıdır.

Layihənin rəhbəri: Lalə Mehralı

[email protected]

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm