Evimiz düzgün istiqamətdə tikilsə, görün nələr olar - Məryəm Teymurdan xoşbəxtlik PROQNOZU - VİDEO
Bizi izləyin

Müsahibə

Evimiz düzgün istiqamətdə tikilsə, görün nələr olar - Məryəm Teymurdan xoşbəxtlik PROQNOZU - VİDEO

Dünya şöhrətli, metafizika və "Feng Shui" üzrə mütəxəssis Məryəm Teymur Publika.az-ın suallarını cavablandırıb.

- Məryəm xanım, metafizika və "Feng Shui" nəyə əsaslanır?

- Metafizika qədim, dərin tarixə malik olan bilim, axışdır. Çində Çi, Hindistanda Prana, Yaponiyada Ki, eləcə də bütün dünyada enerji kimi tanınır, bilinir. Əslində metafizika çoxnövlü, sərhədsiz, hər sahəyə yardım və təsir edən, hətta deyərdim ki, hər sahəni idarə edən yaşam enerjisidir. “Feng Shui” də metafizikanın sadəcə bir istiqamətidir. “Feng Shui”nin özündə sərhədsiz axışlar var ki, o da məsələn, Çin təbabətində, arxitektura və tikintidə, ruhani, mənəvi, fəlsəfi inkişafda, astrologiya, numerologiyada, eləcə də hər bir sahədə insana yaşamaq üçün stimul verir, proqress yaradır, inkişaf etdirir.

- Tikinti deyəndə nəyi nəzərdə tutursunuz?

- Məsələn, bir ev tikəndə “Feng Shui” ilə audit yaradırıq və birinci növbədə biz torpağın, yəni kainatın geomatik gücünü izləyirik. Yəni həmin ərazidə vacib mineralların axışının olub-olmamasını müəyyənləşdiririk. Çində buna nifrit kəməri deyirlər. Nifrit kəməri təbiətin özündən yaranan su, dağ, Günəş, yəni beş elementin axışını nəzərdə tutur.
Bir də var antropogen, yəni insan əli ilə qurulmuş zona, obyekt. Məsələn, bir otelin arxasında olan bina əllə tikilmişdirsə, bu, antropogendir, amma “Feng Shui”də bu, tısbağa simvolunu yaradır, yəni qoruyucu enerjini simvolizə edir. Evin arxasında yüksək tikili, dağ varsa, gələcək uşaqlar üçün güclü Çı, Van Çı, Şen Çı enerjisi deməkdir. Ya da fərz edək ki, belə bir bina yoxdur, nə təbii yaranıb, nə də əllə tikilib, o zaman burada qoruyucu enerji də yoxdur, bu isə binada gələcək nəsil üçün hər hansı təhlükənin olmasına işarədir. Gücsüzlük, zəiflik, hansısa vərdişli asılılığı olan enerji...Və bu məqamda “Feng Shui” birbaşa insanın anatomik, qismət, bəxt strukturuna yönəlir.

- Deyəsən, bir az qəliz oldu, bəlkə sadələşdirək. Stolunuzun üzərində kompas görürəm, biz doğurdanmı oturub-duranda belə yerimizi kompasla seçməliyik? Yəni bu nə dərəcədə vacibdir?

- Bəli, amma bunu hər gün seçməmək üçün əvvəldən evimizin istiqamətini düzgün müəyyənləşdirməliyik.

- Bu seçim nəyə əsaslanacaq?

- Sizin astroloji xəritənizə əsasən seçim ediləcək. Astroloji tarixinizdə biz rəqəmlərə, enerjiyə - frekans dalğalara əsaslanaraq, səmavi, insani gücümüzü oyandırıb özümüzə düzgün yaşam üçün ev seçə bilərik. İlk növbədə evin istiqamətləri bizə uyğun gəlməlidir ki, orada uzunmüddətli xoşbəxt yaşaya bilək. Məsələn, hər evin üst tərəfi - fasadı var, orada balaca həyətin olması - biz ona metan deyirik - yaşam enerjisi - Van Çı, Şen Çının toplanması anlamına gəlir. O enerji evdəki ailənin daima inkişaf etməsinə yardım edəcək. Əgər belə bir yer yoxdursa, o zaman orda Si, Tu ya da Şa Çı – öldürücü, vaxtı bitmiş, enerjini qapadan Çı hakim olur və təbii olaraq həmin ailənin inkişafını əngəlləyir.
Bir ailənin uğuru, inkişaf etməsi, nəslinin böyüməsi üçün evin düzgün istiqamətləri olmalıdır. Yəni metafizika, “Feng Shui” də xaricdə olan enerjini evin içinə toplamağa əsaslanır.

- “Feng Shui” hər şeyə kömək edirmi?

- Öz həyatımdan çıxış edərək, deyə bilərəm ki, bəli. Özünü inkişaf etdirməyə yardım etdiyinə görə “Feng Shui” hər şeyə kömək ola bilir. Amma vaxtında davranmaq lazımdır. Çünki “Feng Shui” yaşam Çı enerjisini izləyir və onun da beş növü var. Van Çı, Şen Çı – bu yaşam enerjisidir, daima proqressi, inkişafı gətirir. Tui Çı, Sı Çı ya da Şa Çı ölü, qapadan enerjidir.
Əgər biz bunları düzgün izləyib, vaxtında Van Çı, Şan Çı enerjisini şəxsin yaşamına, vaxtına, yaşına, saatına və yaşadığı ölkəyə görə istifadə etsək, o insan həyatının hər bir sahəsində: biznesdə, karyerada, işdə, ailədə, sağlamlıqda, sevgidə uğur qazana bilər.

- Texnologiya sürətlə inkişaf edir, Kvant fizikası həyatımızın gerçəkliyinə çevrilib. Belə bir məqamda siz illər öncə yaranmış “Feng Shui” bilimini insanlara çatdırmağa çalışırsınız. Bu ikisi arasında ziddiyyət böyük deyilmi?

- Sualınıza cavab olaraq deyim ki, Stiv Cobsun iddia etdiyi və sonunda yaratdığı “Apple park” binası bünövrədən “Feng Shui” biliminə görə tikilib, beş elementin düzgün yaranış axışına əsaslanır. Ona görə də uzunmüddətli, yəni hər boyuta, hər dövrə uyğun və fəaliyyətdə olan struktur olacaq. “Apple park” 8-ci dövrdə tikilib. 8-ci dövr 2023-cü ilə qədər olan torpaq elementində olan dövrdür. O da stabillik, güc, qüvvə və yaradıcılıq aşılayır. Binanın yuvarlaq forması səma ilə insanın harmoniyada yaşamasını təmin edir. İçində olan ağac elementi daima inkişaf mənasını verir. Cənub qərbdə firavanlığı yaradan su şəlalaləri daima resursu təmin edir.
Əminliklə deyə bilərəm ki, metafizika və “Feng Shui” önümüzdəki illərdə çox trenddə olacaq. Çünki biz 2024-cü ildən alov elementində olan 9-cu boyuta girdik və bu, 2044-cü ilə qədər davam edəcək.
Amma qürur hissi ilə deməliyəm ki, Heydər Əliyev Mərkəzimiz su elementində tikilən bir arxitekturadır. Hazırda Honkonqda, Malayziyada, Sinqapurda, Amerikadakı “Feng Shui” institutlarında bu tikili nümunə olaraq təqdim olunur və hər bir tələbəyə onu çalışdırmaq məsləhət görürlər. Hətta bu yaxınlarda dünyanın qrand - master “Feng Shui” ustaları bu binanı görmək üçün Bakıya gəldilər.

Su ilə tərəqqi, yüksəliş...

- Maraqlıdır, binanın “Feng Shui” bilimində özəlliyi nədədir?

- 20 illik dövrdə 2024-dən 2044-ə qədər su vacib və əsas element olaraq mühüm elementdir. Bir rəqəmi gələcəyin, firavanlığın ulduzudur. Buna görə buradakı enerji tərəqqi, dövlət və yüksəliş bəxş edəcək.
- Siz də “Feng Shui” üzrə ustad hesab olunursunuz? Ustadın yolu necə bir yoldur?
- Qrand - master olmaq üçün ən azı mənim kimi 23 il metafizikada özünü yetişdirmək lazımdır. Metafizika mənəvi, ruhani, psixoemosional, fiziksəl inkişaf etməkdir. Bu daima dünyanı izləmək, onun geomatik axışını başa düşmək, onunla çalışmaq, təcrübələri yaşatmaq, həm özündə, həm də ətrafında dəyişimi yarada bilmək. Qrand - master olmaq üçün ən azı Honkonq Feng Shui Metafizika Akademiyasında bir lisenziyaya sahib olmalıyıq və sadəcə Çin ustalarından tərbiyə almalıyıq.

- Buna görə çin dilini bilməliyik?

- Çin, ingilis dili. Əslində isə termin dilində olduğu üçün bunu hər bir insan öyrənə bilər. Termin dilini öyrənib və sinxron tərcümə ilə istədiyini əldə etmək imkanına sahibik.

- Məryəm xanım, siz hansı ehtiyacdan bu sahəyə yönəldiniz?

- Psixologiya üzrə təhsil alıb və bir il təcrübə keçəndən sonra başa düşdüm mütləq seksologiya, sosiologiya və başqa sahələri də mənimsəməliyəm. Eyni zamanda mən təbiət etibarı ilə ruhani, mənəvi yüksəlişə can atırdım və bu, məni Tibetə, Çinə, Malayziyaya, Sinqapura, Honkonqa, eləcə də Qərb ölkələrinə axtarışa yönəltdi. Ruhani, mənəvi yüksəlişdə tərbiyə almaq üçün Hindistana, Tibetə, Şaolin, Kapan monastrına getdim və bu axışdan biri də metafizika idi. Metafizikanın da içində “Feng Shui” ilə tanış oldum. Bir ustad olmaq üçün öncə insan özünü sıfırdan – yenidən yaratmağı, başa düşməyi, qəbul etməyi öyrənməli idi. Və mən də bu istiqaməti tutaraq indiyə qədər davam edirəm.

İnsanları ruhani balansa qovuşduran elm

- Sizcə, “Feng Shui” Azərbaycanda yetərincə tanına bilibmi? Nəticə sizi qane edirmi?

- Hazırda dünyada, eləcə də Azərbaycanda “Feng Shui” və metafizika həqiqi, ya da öyrənməyə çalışan ustaların vasitəsi ilə çox yayılıb. Və bu da o deməkdir ki, artıq eşidilir. Mən bura təzə gəlib “Feng Shui”ni təbliğ edəndə yaxşı qarşılanmırdı və hətta aqressiv davranışa görə inciyirdim də... İndi vəziyyət başqadır, “Feng Shui” və metafizika yaşam axışı olaraq hər şeydə olduğu və olduğu hər yerdə də harmoniya yaratdığı, insanları ruhani balansa qovuşdurduğu üçün ona tələbat artır.

- 2024-cü ildə bəşəriyyəti nə gözləyir?

- 2024-cü ildən başlayaraq biz sonuncu 180 ilin 20-ci dövrünə girdik. Bu 9 rəqəmli Li tqrammadır. Bu da o deməkdir ki, bütün dünyada 35-55 yaş arası qadınlar uğurlar əldə edəcək, parlayacaq. Qadın torpağı, yaratmağı simvolizə edir. Hər bir yaradıcılıqda uğurlar ola bilər. Amma indiki dövr keçmişə oxşamır. Burda sən özün nəyi əksən onu da biçəcəksən.
Çox güclü, dinamik dövrdür. Durmadan inkişaf etsək, daima parlasaq, yenilikləri ölkəmizə gətirsək bizi sadəcə uğurlar gözləyəcək. Unutmamalıyıq ki, hər bir durğunluq yıxıcı, aqressiv duruma keçə bilər. Ona görə hərəkətli, optimist olmaq şərtdir.

- 2024-cü ilin ən uğurlu il-bürcləri hansılardır?

- Keçi, meymun, siçan, donuz və dovşan ilində doğulanların bu il şansı gətirəcək. Əjdaha, ilan, at, xoruz ilində doğulanların şansı əməllərinə bağlı olacaq. Buğa və pələng ili üçün neytraldır. Sıfırdan özünü yaradanlar isə it ilində doğulanlara şamil olunur. Çünki əjdaha ilə it ili toqquşma enerjisindədir. Və torpaq bir-birilə toqquşanda sel də ola bilər, vulkan da püskürə bilər. Amma bunun alt xəzinəsi var. Torpaq bir-biri ilə qovuşanda altından su axır, su yuyub təmizlədiyi kimi resurs da yaradır. O resursu görən hər kəs üçün uğurlu və inkişaf dolu bir il olacaq 2024.

- Məryəm xanım, hər səhər enerjimizi necə idarə edək ki, onu düzgün istiqamətləndirək?

- Hər səhər oyananda bizim bədənimizdə kimyasal refleks çalışır. Neyronlarımızda şüuraltı neqativ xatirələr oyanmağa, depressiv anlar saniyələr olsa belə insana təsir edir. Onun enerji sahəsi insanın bütün gününü qaralaya bilər. Bunun belə olmaması üçün ən azından nəfəsimizi düzgün çalışdırmalıyıq: havanı burnumuzla içimizə çəkib ağzımızla buraxaraq, içimizdə 12 cüt meridian kanalı açaraq ağciyəri çalışdıraraq kimyasal zərərli toksinləri bədənimizdən atmış oluruq. Ondan sonra güclü motivasiya və məqsəd olmalıdır.
Ən birinci isə özümüzü tanımalıyıq. Bunun üçün isə astroloji xəritə çıxarmalıyıq.

- Bəzən bir insandan belə neqativ enerji ala bilərik. Bu enerjiyə qarşı duruşumuz necə olmalıdır?

- Hər günün uğurlu və uğursuz saatları var. Uğurlu saatda bizim enerjimiz, bilimimiz oyanışda olur və yüksəlir. O anda biz gözəl hadisə və gözəl insanlarla qarşılaşırıq. Amma mən bu ana axış deyirəm. Bir də var ki, neqativ vaxtlar - uğursuz durumlarla üz-üzə gəlib oyanırıq. Əslində onlar bizim müəllimlərimizdir. Və burda sual vermək lazımdır ki, bunun nəticəsi nədir, nəyi öyrənməliyəm, bu insanı görərək içimdə hansı güzgü effektini çalışdırıram? Çünki qarşımızda gördüyümüz hər bir hal əslində içimizdə yaranan bir inpulsdur. O bizdə gərginlik, içimizdə distrufik bağlantı yaradırsa demək bizim də onunla əlaqəmiz var. Mənəvi, ruhani terapiyada biz bu bağlantılardan qopmağı öyrənirik.
Metafizika və “Feng Shui”ni izləyərək biz özümüzü möfhumatdan, çıxılmaz vəziyyətlərdən qoruya bilərik. Əslində hər şey kainatda olan enerjidir. Və Rəbbim əgər bu enerjini bizə axıdıbsa bu enerji yaşam və xoşbəxtlik üçündür. Bir yerdə problem, maneələr yaranırsa demək bu, ora enerjinin axmamasına dəlalət edir. Və biz enerjinin axması üçün mütləq axtarışda olmalıyıq.

Nərmin Muradova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm