Amerikalı alimin dəhşətli proqnozu: Dünyanı görün nə gözləyir
Bizi izləyin

Müsahibə

Amerikalı alimin dəhşətli proqnozu: Dünyanı görün nə gözləyir

Amerikalı fizik və yazıçı Miçio Kaku yaxın illər üçün proqnozlar verib. Onun sözlərinə görə, süni intellekt bəşəriyyət üçün təhlükə yarada bilər, lakin onu idarə etmək üçün hələ vaxt var.

Publika.az Michio Kakunun “BBC News”a müsahibəsini təqdim edir:

- Kitablarınızda insanların üç beyni olduğunu deyirsiniz. Bunu daha da aydınlaşdıra bilərsinizmi?

- Təkamülümüz boyu beyin irəliyə doğru inkişaf edir. İnsan beynini araşdırsanız ən az üç ayrı hissədən ibarət olduğunu görərsiniz. Onun arxa hissəsi sürünən beyindir. Obyektləri tanımaq və harada olduğumuzu anlamaq kimi vəzifələri yerinə yetirir. Arxa hissənin qarşısında yəni, beynimizin ortasında meymun beyni kimi təsvir edə biləcəyimiz limbik beyin var. Bu hissə sosial iyerarxiyaları başa düşür, ona uyğun hərəkət edir. Beynin ön hissəsində prefrontal korteks var. Bu isə yer, zaman maşınıdır. Gələcəyi görür, daim onun simulyasiyalarını edir.

- Adi insanın beynini dahi birinin beynindən nə fərqləndirir?

- Adi insanlar uzunmüddətli planlar qura bilmirlər, onlar yalnız qarşısındakı variantları görürlər. Böyük mütəfəkkirlər isə zaman maşınından istifadə edir və gələcəyi simulyasiya edirlər. Düşünürlər ki, kimsə sırf biliyə malik olduğu üçün ağıllıdır, amma zəkanın mahiyyəti bu deyil. Mahiyyət gələcəyi görməkdir.

- Sizcə, qarşıdakı 100 ildə ən böyük hansı ixtiralar olacaq?

- Keçmişdən böyük və kiçik irəliləyişlər əldə edilib. Kiçik dedikdə insan beynini və genetikasını nəzərdə tuturam. Böyük isə hazırda kainata tətbiq etdiyimiz böyük partlayış və kvant nəzəriyyələridir. Növbəti böyük sıçrayış ikisini birləşdirə bildiyimiz zaman gələcək. Yəni, kvant nəzəriyyəsindən istifadə edərək genetika və insan beynini anlaya bildiyimiz vaxt. Burada kvant kompüterləri işə düşür. Ana təbiət bir növ kvant kompüteridir, amma dili yoxdur. Atom, elektron və fotonları anlaya bilən ağıla malikdir. Bu həm də kainatın dilidir. Gələcəyə sıçrayış da burada olacaq.

- Bu, təkcə fizika sahəsinə aiddir, yoxsa tibb kimi digər sahələrə də təsir edəcək?

- Bu gün yeni dərman ideyalarını sınaqdan keçiririk. Onların nəticə vermədiyini görəndə başqa bir dərmanı test edirik. Çoxlu dərmanlar da təsadüfən tapılıb. Lakin kvant nəzəriyyəsi ilə molekulların necə işləyə biləcəyini təsəvvür edə və müvafiq olaraq dərmanlar hazırlaya bilərsiniz.

- Xərçəng olmayan və ölməz olacağımız bir dünya ola bilərmi?

- Xərçəngi kompüterlərin köməyi ilə müalicə edə bilərik. Məsələn, tualetə getdiyiniz zaman DNT-nizi araşda bilərsiniz. Bunun şiş əmələ gəlməzdən 10 il əvvəl olacağını bilə və ona uyğun müdaxilə edə bilərik. Hazırda ABŞ-da xərçəngə qan testi ilə diaqnoz qoymaq olar. Bu tip testlər daha çox yayılacaq. Şiş sözü itəcək. Eyni şey xərçəngə də aiddir. Gələcəyin interneti beyinlə birləşən kvant interneti olacaq. Onun adı Brainet (Brain-net) olacaq. Düşündüyünüz şeyləri dünyanın başqa bir hissəsinə göndərə və düşünərək başqaları və ya başqa şeylərlə qarşılıqlı əlaqə qura biləcəksiniz.

- Bir çox alimlər süni intellektin təhlükələri barədə xəbərdarlıq edir. Siz bu barədə nə düşünürsünüz?

- Bəziləri deyir ki, bir gün yaratdıqlarımız o qədər ağıllı olacaq ki, bizə qarşı çıxacaqlar. Bu gün bəşəriyyəti üç təhlükə gözləyir: nüvə müharibəsi, bioloji silah və qlobal istiləşmə. Bunlara dördüncü olaraq süni intellekt də əlavə edilə bilər. Ancaq süni intellektin iki fərqli təhlükəsi var və onlar bir-birindən tamamilə fərqlidir. Bunlardan biri daha qısamüddətlidir. İnsan üzlərini və bədənlərini tanıya bilən dronlar təsadüfən insanları hədəfə almağa başlaya bilər. Onlar avtomatik öldürmə maşınlarına çevrilə bilər. Uzunmüddətli perspektivdə bu qısamüddətli təhlükədən daha böyük təhlükə var. Bu, süni intellektin insan zəkasına yaxınlaşmağa başladığı nöqtədə baş verəcək. Oraya çatmaq üçün hələ çox yolumuz var. Bir gün robotlar siçan zəkasına sahib olacaqlar. Sonra dovşan kimi ağıllı, sonra it və ya pişik qədər ağıllı, nə vaxtsa meymun kimi ağıllı olacaqlar. O gün gələndə onların təhlükəli olma ehtimalı çoxdur. Çünki meymunlar özlərini insandan ayıra bilir. Bəlkə də 100 ildən sonra insanlardan fərqlənməyən robotlar olacaq. Amma tədbir görməliyik ki, o robotların öz ağılları olmasın. Olarsa bizə qarşı çıxacaqlar.

- Kvant kompüterləri gələcəyimizi necə formalaşdıracaq?

- Bəziləri deyirlər ki, kvant inqilabı xəstəliklərin kökünü kəsə bilər. Bəli, kvant kompüterləri bəzi arzularımızı həyata keçirə bilər. Bir gün biz qocalmanın qarşısını ala biləcəyik və xəstəliklərdən ölməyəcəyik. Qocalmanı həll edə bilərik, lakin insan münasibətləri heç vaxt kvant kompüterləri ilə həll edilməyəcək. İnsanların bir-biri ilə münasibətləri və sosial əlaqələri o qədər mürəkkəbdir ki, insanları daim mübarizə aparmaq əvəzinə bir araya gətirmək və onları sülh içində yaşatmaq üçün başqa bir yol tapmalıyıq.

- Beləliklə, kvant dövrünün həll edə bilməyəcəyi problemlər varmı?

- Hesab edirəm ki, kompüterlərin həll edə bilməyəcəyi heç bir problem yoxdur. Xərçəng, alzheimer və parkinson kimi xəstəliklərin müalicəsini tapa bilərlər. Xəstəliklərlə yanaşı qlobal istiləşməyə, müharibələrə son qoyacaqlar. Kompüterlər müxtəlif cəmiyyətlər üçün yeni gəlir mənbələri tapacaqlar.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm