Prezidentin tapşırığı reallaşdırıldı - Zaqatala Beynəlxalq hava limanı İSTİFADƏYƏ VERİLDİ
Bizi izləyin

Nəqliyyat

Prezidentin tapşırığı reallaşdırıldı - Zaqatala Beynəlxalq hava limanı İSTİFADƏYƏ VERİLDİ

Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istifadəyə verilib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib.

Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilib, perron xeyli genişləndirilmiş, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb, həmçinin aerovağzal kompleksinin binası təmir edilib.

Hava limanının yenidənqurmadan sonra açılışı ilə bağlı keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev və digərləri iştirak edib. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi enib.

Azərbaycanın “AzVirt” şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Zaqatala Beynəlxalq hava limanı geniş füzelyajlı hava gəmilərini qəbul edəcək.

Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılıb. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 000 ton asfalt-beton istifadə olunub. Ümumilikdə tikinti işləri 166 000 kv. metr ərazidə aparılıb.

Zaqatala Beynəlxalq hava limanının sahəsi 31 000 kv. metr olan yeni böyük və rahat perronu müasir geniş füzelyajlı təyyarələrə xidmət göstərməyə, həmçinin orada eyni vaxtda bir neçə orta magistrallı hava gəmilərini yerləşdirməyə imkan verir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq olunmuşdur ki, bu da təyyarələrə xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Zaqatalada 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində aerovağzal binasında sıradan çıxmış havalandırma-istilik sistemlərin, kanalizasiya xətlərinin bərpası, aerovağzal binasının təmir işləri aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm