Fazil Mustafa: “Qarabağ münaqişəsi ABŞ, Rusiya və İranın birgə layihəsidir”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “Qarabağ münaqişəsi ABŞ, Rusiya və İranın birgə layihəsidir”

Fazil Mustafa: “Qarabağ münaqişəsi ABŞ, Rusiya və İranın birgə layihəsidir”


Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Publika.Az -a müsahibəsində Qarabağ probleminin əslində kimlər tərəfindən yaradıldığı, Krımın Qarabağa təsirləri və Türkiyədəki son hadislərlə bağlı danışır.

- Siz Qarabağ probleminin əslində ABŞ və Rusiyanın birgə layihəsi olduğunu açıqladınız. Bu necə ola bilər?

- ABŞ, Rusiya və İran Qarabağ probleminin Ermənistanın xeyrinə həll edilməsinin tərəfdarıdırlar və çalışırlar ki, bunun hesabına o ölkənin ərazisi genişləndirilsin. Bütün uzatmalar, yubatmalar da ordan qaynaqlanır. Hətta Rusiya məsələnin həllinə razılıq versə belə, ABŞ-ın buna maraq göstərəcəyinə əmin deyiləm. Rusiya bir çox hallarda Ermənistana dəstəyini açıq formada göstərir. O biri ölkələrsə ikili mövqe sərgiləyirlər. Mahiyyətcə isə onların heç biri bu məsələdə Azərbaycanın xeyrinə hərəkət etmirlər.

İranın da bu məsələdə ABŞ-ın razılığı ilə yer alması düşündürücüdür. İrana başqa ölkələrdə açıq iqtisadi fəaliyyət göstərməyə imkan vermirlər, amma bircə Ermənistana İran açıq formada iş qurub, açıq formada yardım edir. Bu təsadüfi məsələlər deyil. Əminəm ki, Qarabağa Rusiya və ABŞ-ın birgə layihəsi olaraq baxmaq lazımdır.

- Bu son dövrlərin razılaşmasıdır, yoxsa lap əvvəldən belə olub?

- Əvvəlcədən belə idi. Qarabağ problemin yaranması ilk dəfə ABŞ Senatında müzakirə edilib və Rusiyanın əli ilə həyata keçirilib. Bu bilavasitə Rusiya ilə ABŞ-ın birgə layihəsi olaraq düşünülüb. İndiyə qədər erməni diasporunun bu işdə fəaliyyəti, Minsk qrupunun həmsədrlərinin də Azərbaycana düşmən olan məhz bu üç ölkədən olması səbəbsiz deyil.

- ABŞ-ın burda hansı marağı var?

- ABŞ-ın marağı orda olan ermənilərin mövqeyini ifadə etməkdir. Bütün hallarda onların istədiyi Qarabağın Azərbaycandan ayrılması proyektinin təmin edilməsinə çalışırlar. Çünki ermənilərin təsir gücünü nəzərə alaraq onlara verilən vədlər var. Hətta ABŞ-ın dövlət katibi birbaşa ermənilərin ən yaxın müdafiəçilərindəndir. Onun dövlət katibi postuna gəlməsi üçün ermənilər kifayət qədər səylər göstəriblər, nəticə də ortadadır.

- Krım böhranı yaranıb. Yarımadanın Ukraynadan qopardılması siyasətinin gələcəkdə Qarabağa, dolayısı ilə Azərbaycana hansı təsirləri ola bilər?

- Krım Rusiyanın birbaşa istədiyi və həllini mürəkkəbləşdiyi məsələdir. Ona görə də ABŞ burda çox israrçıdır və Rusiyanın üzərinə gedən mövqe sərgiləyir. Krıma Qarabağa aidiyyəti olan məsələ kimi baxmamalıyıq.
Krım böhranının yaranması 1994-cü ildə Budapeşt sammitində götürülən öhdəliklərin pozulması ilə bağlıdır və birbaşa ABŞ və İngiltərənin nüfuz məsələdir. Həmin sammitdə ABŞ, İngiltərə və Rusiya Ukraynaya vəd veriblər ki, nüvə başlıqlarını təhvil verdiyi halda onun ərazi bütövlüyünü, təhlükəsizliyini NATO təmin edəcək. ABŞ və Böyük Britaniya da birlikdə bu təminatçı rolunu öz üzərlərinə götürüblər. Rusiya bu anlaşmanı pozdu. Qarabağla bağlı isə belə bir anlaşma yoxdur. Məsələyə ümumi beynəlxalq hüquq çərçivəsində baxış var. Amma BMT qətnaməsi icra olunmur. Bir dəfə eşitmişiniz ki, ABŞ BMT qətnamələrinin icra olunmasını təkid etsin? Krım isə ABŞ-ın nüfuzuna toxunana məsələ olduğuna görə israrlı mövqe sərgiləyir.

- Türkiyədə “Ərgenekon əməliyyatı”nda həbs olunanlar azadlığa çıxdı. Onların bundan sonra Türkiyə siyasətinə təsirini necə görürsünüz?

- O insanların Türkiyə siyasətinə təsir göstərmək imkanları var. Amma Türkiyə siyasəti indi qarışıq vəziyyətdədir. Onların həbsinin əsas səbəbi kimi hakimiyyətdə olan paralel strukturunun və hədəf olaraq hüquq-mühafizə sisteminin göstərilməsi tamam fərqli istiqaməti ortaya qoyub. Həmin şəxslərin birbaşa kimə qarşı yönələcəyi sual doğurur. Çünki hakimiyyət iradə nümayiş etdirib onları azad etdi və “bizim niyyətimiz sizi həbsdə saxlamaq deyildi, bu, paralel strukturun niyyəti idi” mesajını verdi. Güman ki, həbsdən azad olunanlar ilk növbədə onları həbsə saldıran şəxslərin cəzalandırılması üçün addım atacaqlar. Təbii ki, hökumətə qarşı də müəyyən kinləri var. Çünki uzun müddət insanlara bu stressin yaşadılması anlaşılan deyildi. Tam hiss olunurdu ki, hərbi çevrilişlə bağlı qurulan ittihamnamələrin əsası yoxdur. Ola bilsin ki, kimsə hardasa çıxış edib, hansısa fikir söyləyib. Amma bunu çevrilişə təşəbbüs kimi qiymətləndirmək, sərt davranmaq yanlış idi. Xüsusilə keçmiş qərargah rəisinə ömürlük həbs vermək doğru deyildi. Bu baxımdan, onların davranışlarını dəqiq demək çətindir. Amma bütün hallarda gələcək siyasi proseslərə qatılmaları, müəyyən dərəcədə parlamentdə təmsil olunmaları və digər məsələlərin şahidi olacağıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm