• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiyanın rəsmi qəzeti: Mehriban Əliyeva qəlbinin siyasəti

  • Nida.az
  • 23 Sentyabr 2015 15:00
  • 318 Baxış
Rusiyanın rəsmi qəzeti: Mehriban Əliyeva qəlbinin siyasəti

Rusiya Federasiyası Federal Məclisinin rəsmi mətbu orqanı olan “Parlamentskaya qazeta”nın 22 sentyabr tarixli nömrəsində (https://www.pnp.ru/news/detail/98609) və nüfuzlu “Rossiyskaya Federatsiya seqodnya” jurnalının 18-ci nömrəsində (http://www.russia-today.ru/article.php?i=1609) tanınmış politoloq, “Ekonomiks” Beynəlxalq Araşdırmalar Birliyinin (Azərbaycan) Rusiya nümayəndəliyinin rəhbəri Aleksandr Karavayevin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında geniş məqaləsi dərc edilib.

AZƏRTAC “Mehriban Əliyevanın qəlbinin siyasəti” sərlövhəli həmin məqaləni təqdim edir.

X X X

Son əlli ildə qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosiohumanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır.

Heç şübhəsiz, sonrakı dövrlərin tarixçiləri Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər. Bizim üçün isə bir sıra aspektlərin harmonik vəhdətindən yaranan bu fenomenin genezisini başa düşmək əhəmiyyətlidir.

Bir tərəfdən Azərbaycanda Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosiohumanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.

Digər tərəfdən, bu fenomenin milli siyasi məkanda formalaşması faktının dünya trendinə tam uyğundur. Axı, Avrasiyanın şərqinin siyasi tarixi baxımından “Əliyeva amili” qadınların inqilabi şəkildə siyasətə qoşulmasının və onların dünya ölkələrinin çoxunun idarəçilik strukturlarına yol tapması imkanlarının genişlənməsinin qanunauyğun nümunəsidir. Bu mənada Azərbaycan Avrasiyanın tarixən təşəkkül tapmış “qadın siyasəti” dairəsində özünün mövcudluğunu bir daha diqqətə çatdırır.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır.

Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri və Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi misilsiz fəallığı və nüfuzu dünya səviyyəli, genişmiqyaslı bu idman hadisəsinin təşkilində böyük rol oynayıb, bu Avropa ideyasına güclü təkan və yeni Avrasiya meyarı verdi.

Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.

Beləliklə o, öz işində iki istiqaməti – Azərbaycanın kompleks humanitar “brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosiomədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.

Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik ilə xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır...

Xalqı ilə birgə döyünən ürək

Məşhurluq pop-ulduzların, aktyorların və siyasətçilərin çoxuna xas olan yetərincə geniş yayılmış fenomendir. Şərti reytinqlərdə mövqe uğrunda mübarizə heç kəsi təəccübləndirmir. Bu oyunun süni şəkildə şişirdildiyini hamı başa düşür. Xalq arasında populyar olmaq isə başqa məsələdir. Bu, ani konyunkturaların təsirinə uymayan tamamilə başqa materiyadır.

Nə üçün sadə azərbaycanlılar ölkənin birinci xanımını sevirlər? Onlar Mehriban Əliyevanın timsalında “yaxasını kənara çəkən” funksioner deyil, onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insan görürlər. Maraqlı fakt: nisbətən kiçik ölkədə o, hər gün “yerlərdən” təqribən 300 məktub alır. Ona yazırlar, çünki bilirlər ki, müraciət edib yardım, dəstək, yaxud məsləhət ala bilərlər. Azərbaycan Prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Yəni o, necə deyərlər, göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin qarşılıqlı əlaqələrinə öz töhfəsini verir. Həm də bu, necə deyərlər, canlı töhfədir və buna görə də xalqın gözündə inzibati kommunikasiyaların standart “mexaniki” strukturlarından daha qiymətlidir, çünki xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. İnsanlar hiss edirlər ki, birinci xanım onların qayğıları ilə yaşayır.

Özü də bu, elə bir haldır ki, xarizmatik və cazibədar şəxsiyyət yüksək dərəcədə ziyalılıq ilə vəhdət təşkil edir. Mehriban Əliyeva istər aldığı tərbiyəyə, istər əsil-nəcabətinə, istərsə də təhsilinə görə (o, İ.M.Seçenov adına Moskva Tibb İnstitutunu bitirib) Azərbaycanın sovet dövrü ziyalıları mühitindən çıxıb. İndi dünyada bu səviyyəli başqa birinci xanım çətin tapılar. Bu məziyyətlərə malik olan elita nümayəndələri adətən soyuqqanlı olur, xalqın problem və qayğılarını ürəklərinə yaxın buraxmamağa çalışırlar. Həqiqətən, çətindir, amma Mehriban Əliyeva başqasının dərdinə ürəkdən şərik olmağı bacarır. Bunu rola girməklə imitasiya etmək mümkün deyil. Onun təbiəti belədir.

Mehriban xanımın formalaşdığı mühit Azərbaycanın tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva fenomeni başqa amillərlə yanaşı, həm də iki konkret ailənin – Paşayevlər ilə Əliyevlərin qohum olmasının nəticəsidir. Mehriban xanımın babası, görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayev əslən İrandan idi. Anası Aida İmanquliyeva tanınmış ərəbşünas olub, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq edib. Mehriban Əliyevanın həyat yoldaşının, indiki Prezident İlham Əliyevin atasının təqdimata ehtiyacı yoxdur: Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Bu fakt çox şeyə dəlalət edir...

Bu ailələr milli elitadır. Azərbaycanda onlarla səmimi qəlbdən fəxr edirlər. Özü də çox sadə bir səbəbdən - ölkəyə və xalqa görə məsuliyyət yükü real şəkildə onların çiynindədir. Onlar sınaqların və itkilərin ağrı-acısının nə demək olduğunu bilirlər. Çox vaxt görürsən ki, naz-nemətin çoxluğu elitanı zəiflədir. Bu ailələr isə, əksinə, şəxsi enerjiləri ilə islahatları sürətləndirir və stimullaşdırırlar. Heç şübhəsiz, söhbət müasir Azərbaycan tarixinin passionar şəxsiyyətlərindən gedir.

Dünya siyasəti kontekstində

Mehriban Əliyeva Azərbaycanın və postsovet məkanının ayrılıqda götürülən tarixi baxımından müstəsna, amma qlobal proseslər baxımından obyektiv qanunauyğun fenomendir. Söhbət son 50 ildə qadınların siyasətdə rolunun artmasından gedir. Bu prosesin başlanğıcını Sirimavo Bandaranaike qoyub. O, 1960-cı il iyulun 21-də Şri-Lankada dünyada ilk qadın Baş nazir olub. Onun rəhbərliyi ilə ada müstəmləkə asılılığından və müharibədən xilas olub. Sonra o, daha iki dəfə Baş nazir seçilib.

Qadınların siyasətə gəlişi nəticəsində Asiyada və bütövlükdə dünyada çoxsaylı maraqlı və mütərəqqi dəyişikliklər baş verib: Hindistanın Baş naziri İndira Qandi; ən yeni tarixdə müsəlman əhalinin üstünlük təşkil etdiyi bir ölkədə - Pakistanda ilk qadın hökumət başçısı Benazir Bhutto; Filippində Asiyada ilk qadın prezident Kori Akino. Yəni, Asiya qitəsində siyasətin feminizasiyası məlum prosesdir.

Mehriban Əliyevanın adı, şübhəsiz ki, bundan sonra da müasir dünyanın görkəmli lider qadınları sırasında olacaq. Özü də taleyin ona nə kimi gələcək hazırlamasından asılı olmayaraq. Kim bilir, bəlkə o, ölkəsində “şaquli” siyasi xətt boyunca yüksələcək, bəlkə də “üfüqi” sosial-humanitar layihələrin sayı artdıqca onun rolu da güclənəcək. İstənilən halda o, Azərbaycanın yetkin qeyri-rəsmi lideridir.

Şəksiz ki, onun izi diplomatiya dünyasında da qalacaq. Azərbaycanın birinci xanımı sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Avropada islam-xristian dialoqunda böyük rol oynamağa başlayıb. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Fondun təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq təmir edilir.

Azərbaycanın öz üzərinə götürdüyü sivilizasiyalararası körpü rolu o qədər də sadə məsələ deyil. Baxın, tarixən mədəniyyətlərin və sivilizasiyaların “qovuşduğu yer” kimi inkişaf edən bir regionda – Yaxın Şərqdə indi nələr baş verir. Praktiki olaraq Yaxın Şərqin heç bir yerində uzunmüddətli sülh yaratmaq mümkün olmur. Azərbaycan tamamilə başqa nümunədir. O göstərir ki, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin platformaları arasındakı sərhəddə əmin-amanlıq hökm sürə bilər.

Prezidentlə yanaşı

Ənənələrin əhəmiyyətli rol oynadığı hər hansı digər ölkə kimi Azərbaycan da liderin, prezidentin siyasi zirvədə nə kimi rol oynamasından asılıdır. Prezident İlham Əliyevin sərt və prinsipial siyasi xətti Azərbaycanın modernləşməsinin şəksiz xeyrindədir. Onun siyasəti elitanı stimullaşdırır, onu daim sərvaxt saxlayır. Belə olan halda birinci xanımın rolu nədən ibarətdir?

Onun rolu Prezidentin xanımı rolu barədə adi təsəvvürlərdən xeyli yüksəkdir. Demokratiyanın Azərbaycan modelinin indiki mərhələdə inkişafı Prezidentin yanında kimin olmasından, onun komandasının şəxsən kimlərdən ibarət olmasından və ömür-gün yoldaşı Mehriban xanım kimi ən yaxın adamlarından asılıdır. O, İlham Əliyevin sərtliyini müəyyən mənada yumşaldır və eyni zamanda, sosial sahədə ölkə üçün “riskli” görünən maraqlı layihələrin həyata keçirilməsi baxımından onun hakimiyyətini gücləndirir, eləcə də iqtidarla cəmiyyətin birbaşa əlaqəsini emosional cəhətdən dolğunlaşdırır.

Nəzərə almaq lazımdır ki, o, ölkəsinin siyasi meydanında formal statusuna görə də yetərincə nüfuzlu simadır, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Tezliklə - noyabrın 1-də ölkə parlamentinə seçkilər keçiriləcək. Hakim partiya bu seçkilərdə cəmiyyətin arzu və istəklərinə cavab vermək bacarığını sübut etməlidir. Aydın məsələdir ki, “iqtidar partiyası” Azərbaycan cəmiyyətinin ölkənin birinci xanımına bəslədiyi məhəbbət və etimaddan da güc alır.

Fikrimizi bu sözlərlə yekunlaşdıraraq: əgər Azərbaycanı başa düşmək, bu ölkəni duymaq istəyirsinizsə, onda Mehriban xanım kimi bir şəxsiyyətdən yan keçmək olmaz. Onun yeri icra hakimiyyətinin formal strukturundan kənardadır, amma İlham Əliyev hakimiyyətinin amili kimi adı böyük hərflərlə yazılan siyasətdədir. Azərbaycanın sistemli sosial-iqtisadi inkişafında onun rolunu danmaq və ya diqqətdən kənarda qoymaq olmaz. Cəsarətlə deyə bilərik ki, o, Azərbaycanın tarixində daim yaşayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR