• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Millət vəkilləri Novruz bayramını cəbhə xəttində qeyd ediblər (FOTO)

  • Nida.az
  • 17 Mart 2014 13:23
  • 377 Baxış
Millət vəkilləri Novruz bayramını cəbhə xəttində qeyd ediblər (FOTO)

Nizami rayon İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və YAP Nəsimi rayon təşkilatının fəalları birgə Novruz bayramını cəbhə xəttində əsgərlərlə qeyd ediblər.

Trend-in məlumatına görə, N saylı hərbi hissədə əsgərlərlə görüşən fəallar əvvəlcə onların bayramını təbrik ediblər.

YAP Nəsimi Rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında qeyd edib ki, bu gün Azərbaycan Ordusu nəinki bölgəmizin, hətta Şərqi Avropanın ən güclü ordularından biridir: "Əsgərlərimizdəki çox yüksək vətənpərvərliklə yanaşı ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi bir daha sübut edir ki, Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri qısa zamanda və yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir".

Çıxış edən YAP Nizami Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Azərbaycan əsgərləri hər zaman ali baş komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazırdır: "Çətin şəraitdə yüksək səviyyədə öz döyüş tapşırığını yerinə yetirən əsgərlərimizin arzusu Azərbaycanın ərazisini bütöv görmək və onun təmin olunmasında şəxsən iştirak etməkdir. Sevindirici hal da budur ki, ən çətin şəraitdə, ən çətin tapşırığa siz əsgərlərimiz hazırsınız".

Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova isə bildirib ki, xalq öz ordusuna inanır: "Azərbaycan əsgəri bu gün döyüşə hazırdır və bizim inamımız ancaq əsgərimizədir. Düşünürəm ki, biz ancaq əsgərlərimizin sayəsində torpaqlarımızı azad edə biləcəyik".

Təbriklərə görə şəxsi heyət adından minnətdarlığını bildirən N saylı hərbi hissənin komandiri İsgəndər Qiyasov deyib ki, əzmli, qüdrətli Azərbaycan ordusu hər zaman Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad etməyə hazırdır.

Sonra əsgərlərə Novruz bayramı münasibətilə bayram sovqatı verilib və konsert proqramı təşkil edilib.

Daha sonra millət vəkilləri Milli Qəhrəmanımız Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan "Mübariz" postuna baş çəkiblər.

Düşmən ordusu ilə üz-üzə olan postda əsgərlərlə görüşən millət vəkilləri onların da bayramını təbrik ediblər, şərəfli xidmətdə uğurlar arzulayıblar. Həmçinin, millət vəkilləri ön xətdəki müşahidə mövqelərindən müasir müşahidə aparatları vasitəsilə ermənilərin işğalı altında olan Azərbaycan ərazilərini və düşmən mövqelərini müşahidə ediblər, eyni zamanda, əsgər yeməkxanası və yataqxanası ilə də tanış olub, onların xidmətləri barədə maraqlanıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR