• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Madər Musayev Biləcəri qəsəbəsində seçicilərlə görüş keçirdi - FOTOLAR

  • Nida.az
  • 17 Oktyabr 2015 15:10
  • 449 Baxış
Madər Musayev Biləcəri qəsəbəsində seçicilərlə görüş keçirdi - FOTOLAR

Biləcəri qəsəbəsində 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən Milli Məclisə bitərəf namizəd Madər Musayevin seçicilərlə görüşü keçirilib. Madər Musayevin Seçki Qərargahından verilən məlumata görə, görüşdə qəsəbə sakinləri, ağsaqqallar, qəsəbədə yaşayan ziyalılar iştirak ediblər.

300-dən çox seçicinin iştirakı ilə baş tutan görüşün əvvəlində namizədin səlahiyyətli nümayəndəsi Niyaz Niftiyev Madər Musayevin son beş ildə millət vəkili kimi gördüyü işlərlə bağlı seçicilərə hesabat xarakterli ətraflı məlumat verib:“Hacı Madər Musayevin 2010-cu ilin dekabr ayından 2015-ci ilin avqust ayına kimi Binəqədi, Biləcəri və 9 m/r-da yaşayan seçicilərlə 151 görüşü keçirilib. Həmçinin fərdi qaydada müraciət edən 223 seçicinin 195-in məktubunda, müraciət və şikayət xarakterli 132 ərizəçinin isə 87-in müraciətində qoyulan problemlər müsbət sonluqla həll olunub. Digər 45 nəfərdən daxil olan ərizələr isə aidiyyatı üzrə müvafiq icra strukturlarına göndərilib”.

Səlahiyyətli nümayəndənin sözlərinə görə M.Musayev ötən beş il ərzində ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib. Onun fəaliyyət dairəsi xüsusilə rayonda aparılan sosial-infrastruktur layihələrinə təşəbbüsləri və onların icrasına köməklikləri ilə yadda qalıb. Millət vəkilinin seçildiyi dairəni əhatə edən hər iki qəsəbə və 9 m/r ərazisində görülən işlər ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq Bakı kəndlərinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılmasına dair dövlət proqramı çərçivəsində həyata keçirilib. Onun təşəbbüsü ilə gerçəkləşən bəzi layihələrin hətta seçicisi olduğu dairənin ərazilərini də aşdığını bildirən N.Niftiyev buna misal olaraq Xocahəsən qəsəbəsində Mədəniyyət evinin təmiri istiqamətində görülən işləri, Rəsulzadə qəsəbəsində yerüstü keçidin inşasını göstərdi. Nümayəndə həmçinin Madər Musayevin növbəti beş il üçün də Milli Məclisə deputat seçiləcəyi təqdirdə dövlətin imkanlarına arxalanaraq yenə bu tipli bir sıra işlərin həllinə çalışacağını bildirdi.

Madər Musayevin səlahiyyətli nümayəndəsi namizədin qələbəsini reallığa çevirə biləcək amillərdən də danışıb: “O, artıq 20 ildən çoxdur seçicilərinin yanındadır. Bu seçicilərin Madər Musayevə inamının təzahürüdür ki, o, bu qədər müddətdə insanların etimadını doğruldub”.

Görüşdə çıxış edən 70 yaşlı seçici Nelya Usmanovna, 75 yaşlı Sara Aydəmirova, eləcə də Cahangir Qocayev, Həsən Qasımov və digərləri vurğulayıblar ki, Hacı Madər Musayevin təkcə son beş illik müsbət fəaliyyəti, onun yenidən növbəti beş il üçün də millət vəkili seçilməsinə zəmin yaradır. Onlar təkcə qəsəbədə deyil, ümumilikdə Binəqədi rayonunda mövcud olan bir çox problemlərin həllində Hacı Madər Musayevin yaxından iştirak etdiyinin şahidi olduqlarını xüsusi vurğulayaraq bildiriblər ki, növbəti seçkilərdə də Madər Musayevin deputat seçilməsi üçün ancaq ona səs verəcəklər.

Seçiciləri qarşısında çıxış edən Madər Musayev namizədliyinin təsdiq olunması üçün imza verən Biləcəri sakinlərinə təşəkkürünü bildirib. O qeyd edib ki, seçicilərini narahat edən məsələlərin həllinə əvvəllər olduğu kimi bundan sonra da yaxından köməklik göstərəcək: “Gördüyüm işləri mən də bilirəm, siz də. Bunları həmişə öz borcum bilmişəm. Ona görə də bundan sonra da dövlətim üçün, xalqım üçün nə bacarıramsa, onu da həyata keçirməkdə davam edəcəyəm. Mən sizlərin etimadını doğrultmasaydım indi sizin qarşınızda belə alnıaçıq otura bilməzdim. Ümumiyyətlə mənim bu xüsusda daim belə bir şüarım olub ki,“bir adam bir adamı və ya lap min adamı bir və ya iki dəfə aldada bilər. Lakin, bir adam kütləni heç vaxt hər dəfə aldada bilməz. Mənim də bir neçə dəfə eyni ərazidə ardıcıl deputat seçilməyimə səbəb vətəndaşlarla həqiqət üzərində qurulan münasibətim olub. Bəzən seçicilər elə problemlər qaldırırlar ki, onların bir çoxu çətinliklə həllini tapır. Bəzi problemlərsə asanlıqla həll olunur. Elə məsələlər də var ki, bunu həll etmək heç vəchlə mümkün deyil. Seçicilərimi narahat edən məsələləri müvafiq dövlət qurumlarının diqqətinə çatdırıram. Bu, mənim vəzifə və vətəndaşlıq borcumdur. Mən bu borcumu daim yerinə yetirirəm. Xalqımın, seçicilərimin qarşısında əvvəldən necə fəaliyyət göstərmişəmsə, bundan sonra da həmin fəaliyyətimi davam etdirəcək, seçicilərimi narahat edən məsələlərin həllində bacardığım qədər yaxından iştirak edəcəyəm. Problem hər yerdə var. Bunun həlli tədricən dövlət tərəfindən həyata keçirilir. Təəssüf ki, bəzən seçicilər millət vəkilindən möhür-ştamplı nazir səlahiyyətində probleminin həllinə yardım istəyir. Biz seçicinin belə iri miqyaslı problemini müvafiq dövlət strukturlarına yönəldirik, onun həyata keçməsinə təşəbbüs göstəririk. Ona görə də məndən də hamı razı qala bilməz. Çünki hamı istəyir ki, məhz onun problemi həll olunsun. Amma Allah şahiddir ki, imkanım çatan qədər hər kəsə köməklik göstərirəm. Bəzən Bakının başqa yerlərindən də mənə müraciətlər olunur. Çalışıram ki, o müraciətlər də öz müsbət həllini tapsın”.

Madər Musayev bildirib ki, bundan sonra da işsizliklə mübarizədə dövlət siyasətinə dəstək verəcək, orta məktəblərdə yüksək qiymətlərlə təhsil alan şagirdlərə təqaüdlərin verilməsi ənənəsini davam etdirəcək, gənclərimizin sağlamlığına və zərərli vərdişlərdən uzaqlaşdırılması yönündə keçirilən layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək.

Sonda Hacı Madər Musayev seçicilərindən seçkiyə gəlmələrini, bu böyük demokratik prosesdə iştirak etmələrini, ümumiyyətlə seçki mədəniyyətinin inkişafında iştirakçı olmalarını xahiş etdi: “Seçkidə iştirak etmək hər birimizin konstitusion hüququ, vətəndaşlıq borcumuzdur. Siz də hamılıqla seçkilərə qatılın ki, qoy dünya bizim ölkəmizdə necə sivil seçkilərin keçirildiyinin şahidi olsun”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR