• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavinini qəbul edib

  • Nida.az
  • 1 Noyabr 2015 18:25
  • 243 Baxış
İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib.

İlyas Umaxanov Azərbaycanda parlament seçkilərinin mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə təşkil olunması münasibətilə dövlətimizin başçısını təbrik etdi. On beş seçki məntəqəsində apardıqları müşahidələr zamanı seçicilərin çox yaxşı əhval-ruhiyyəsinin şahidi olduqlarını vurğulayan İlyas Umaxanov seçkilərin gedişini izləməkdən ötrü müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanların yaradıldığını qeyd etdi. İlyas Umaxanov, eyni zamanda, xarici ölkələrdən gəlmiş həmkarları ilə seçki prosesinin təşkili sahəsində Azərbaycanın təcrübəsindən istifadə edilməsi barədə fikir mübadiləsi apardıqlarını da bildirdi.

Dövlətimizin başçısı Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun başçılıq etdiyi missiyanın Azərbaycanda seçkilərin gedişini izləmək üçün fəal şəkildə iştirak etməsindən məmnunluğunu ifadə etdi. Beynəlxalq müşahidəçilərin bütün seçki məntəqələrində müşahidələr aparmaları üçün ölkədə lazımi şəraitin yaradıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanda seçki prosesinin maksimum şəffaf, keyfiyyətli və ən yüksək standartlara cavab verməsi üçün mühüm islahatların aparıldığını dedi. Dövlətimizin başçısı beynəlxalq müşahidəçilərdən ibarət böyük nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların, minlərlə yerli müşahidəçinin seçki prosesini izlədiyini, “exit-pol”ların keçirildiyini, seçki məntəqələrində veb-kameraların quraşdırıldığını vurğulayaraq seçkinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün böyük işlər görüldüyünü bildirdi.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR