• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dövlət Komitəsində Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilib

  • Nida.az
  • 27 Mart 2014 18:46
  • 1 163 Baxış
Dövlət Komitəsində Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin perspektivləri, Almaniyada Azərbaycan həqiqətlərinin yayılması, Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətinin inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub. Dövlət Komitəsinin sədri N.İbrahimov Avropa ailəsinin bir üzvü kimi Azərbaycanla qitənin aparıcı dövləti olan Almaniya arasında münasibətlərin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və Hans-Ebert Şleyerin rəhbərliyi ilə Almaniya-Azərbaycan Forumu nümayəndə heyətinin Bakıya səfərinin bu istiqamətdə önəmli rol oynayacağını bildirib. N.İbrahimov həmçinin deyib ki, bu səfər Almaniya mediasında Azərbaycanla bağlı obyektiv məlumatların yayılmasına, Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasına da öz müsbət təsirini göstərəcək.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin sədri H.E.Şlayer də öz növbəsində iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Daha sonra Almaniyada Azərbaycanla bağlı məlumat boşluğunun olmasından danışan H.E.Şlayer bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən biri də məhz həmin boşluğu doldurmaqdır. Bu istiqamətdə mütəmadi olaraq bir sıra layihələr həyata keçirilir ki, onlardan biri də bu günlərdə almaniyalı jurnalistlərin Bakıya təşkil olunmuş səfəri idi. H.E.Şlayer Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bu sahədə qazanılmış uğurların təbliğinin vacib əhəmiyyət daşıdığını deyib.

Forumun İdarə Heyətinin üzvü, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samira İsmayılova-Patzer Almaniyadakı Azərbaycan diasporunun alman cəmiyyətinə inteqrasiyası sahəsində əldə edilmiş uğurlardan danışıb.

Görüşdə iştirak edən Almaniyanın tanınmış jurnalisti, piblisist Riçard Kessler Almaniya mətbuatında Azərbaycan həqiqətlərinin yayılması istiqamətində ciddi iş aparıldığını, buna misal olaraq Azərbaycan haqqında 45 dəqiqəlik sənədli filmin çəkilməsini və bir həftə öncə bir qrup alman jurnalistin Bakıya səfərini göstərib.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin digər üzvü, keçmiş diplomat Hans-Frederik von Ploetz isə öz çıxışında ölkələr arasındakı əlaqələrin inkişafında gənclərin rolunu xüsusi qeyd edib. O, Almaniyanın digər ölkələrlə mövcud olan tələbə-gənclər mübadiləsinin Azərbaycana da tətbiqinin səmərəli olacağını bildirib. “Çünki ən yaxşı səfirlər gənclərdir və onlar praktik həyatda gördüklərini öz ölkəsində bölüşür”.

H.F.Ploetzin fikrini dəstəkləyən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri N.İbrahimov Berlində Almaniya və Azərbaycan gənclərinin forumunun təşkil edilməsini təklif edib və gənclərlə yanaşı, diaspor təşkilatlarının da iştirak edəcəyi forumun bu istiqamətdə böyük bir başlanğıc ola biləcəyini deyib.

Bundan başqa, Dövlət Komitəsinin sədri Almaniya-Azərbaycan Forumunun İdarə heyətində azərbaycanlıların sayını artırmağı, təkcə Almaniyada deyil, həmçinin, Azərbaycanda yaşayan nüfuzlu ictimai-siyasi xadimlərin də təşkilatın sıralarına alınmasını təklif edib.

Tərəflər bu təklifləri müzakirə edərək reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, martın 29-dək Bakıda olan Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti bir sıra dövlət qurumlarında görüşlər keçirəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR