Nida.az
Vyana görüşü Qarabağa azadlıq gətirəcəkmi? – TƏHLİL
“Dördgünlük müharibə”dən sonra Azərbaycan və Ermənistan prezidentləri ilk dəfə dünən Vyanada görüşdü. Bunu son 5 ilin ən kritik görüşü adlandırmaq olar. Son 5 ildə münaqişə ilə bağlı danışıqlar faktiki olaraq aparılmırdı, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bütün görüşlər əslində imitasiya xarakteri daşıyırdı.
Aprel döyüşlərindən sonra mənzərə dəyişdi və beynəlxalq güclər
nəsə etməyin vacibliyini anladılar.
İki saatdan artıq çəkən qapalı Vyana görüşündə nələrin müzakirə
edildiyi bəlli deyil, lakin görüşdən öncəki gözləntilər, həmçinin,
görüşdən sonra rəsmilərin bəyanatları münaqişənin gələcəyinə dair
ehtimalları gündəmə gətirir.
Qlobal güclər Ukraynadan sonra ilk dəfə bir
arada
ABŞ Dövlət katibi Con Kerrinin, Fransa XİN rəhbəri Jan Mark Eyro
və Rusiya xarici işlər naziri Sergey Lavrovun, eləcə də Avropa
Birliyi diplomatiyasının rəhbəri Federiko Moqerinin iştirak etdiyi
Vyana görüşü “dördgünlük müharibə”nin qlobal gücləri hərəkətə
gətirdiyini göstərdi. Görüşdə xüsusi diqqət çəkən məqamlardan biri
dünyada “II soyuq müharibə” adlandırıla biləcək mövcud beynəlxalq
münasibətlər fonunda Dağlıq Qarabağın Ukraynadan sonra Qərb və
Rusiya rəsmilərini son illər bir araya gətirən ikinci məsələ olması
idi.
Qərb və Rusiya rəsmilərinin Vyanadakı görüşə qatılması hər şeydən
öncə məsələnin ciddiliyindən xəbər verir. Lakin prosesin görünməyən
tərəfində söhbət təkcə münaqişəni həll etmək yox, hər birinin öz
marağı çərçivəsində həllindən gedir.
Vaşinqton
Amerika indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə ikinci planda
yanaşıb və buna görə bir çox amerikalı ekspert Ağ Evi tənqid də
edib. İndi məsələyə Con Kerri səviyyəsində müdaxilə Vaşinqtonun
maraqlarını müəyyən mənada aydınlaşdırır.
a) Hər şeydən öncə ABŞ regionun sabitliyində maraqlıdır. Çünki
münaqişənin alovlanması Qərb şirkətlərinin Azərbaycana qoyduğu
investisiyaları təhlükəyə atır. Vaşinqton “dördgünlük müharibə”dən
sonra çıxılmaz vəziyyətə düşən ermənilərin “Azərbaycanın
enerji obyektlərini vuracağıq” kimi populist iddialarını
nəzərə almaya bilməzdi. Hər-halda söhbət ermənilərdən gedir və
tarix bu toplumun müxtəlif təxribatına şahidlik edib. Bu qeyri-real
iddianı gücləndirən səbəb isə həqiqətən də realdır. Belə ki,
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TANAP qaz kəməri (Cənubi Qaz
Dəhlizi layihəsinin əsas hissəsi) toqquşmaların baş verdiyi
ərazilərin yaxınlığından keçir. İstənilən təsadüfi mərmi, yaxud
təxribat enerji bazarının əsas payçılardan olan bu arteriyalara
zərər verə bilər.
Nəzərə alsaq ki, Cənubi Qaz Dəhlizi layihəsi Rusiyanın qaz
hegemonluğuna qarşı çıxarılan əsas alternatividir, o zaman, bu
layihəyə tam dəstək verən Qərb narahat olmaya bilməz. Xüsusilə
regiondakı qeyri-sabit vəziyyətdə məhz bu beynəlxalq layihələrin
reallaşması işinin axsaması Rusiyanın əlinə oynadığı ehtimalı
fonunda.
b) Birləşmiş Ştatlar münaqişəyə diqqəti ön plana çıxarmasının digər
səbəbi rusların Qarabağa sülhməramlı yerləşdirmək ssenarisidir.
“Kazan düsturu” və “Lavrov planı” yarlığı ilə gündəmə gələn rus
ssenarisində bu şərtin münaqişə tərəflərinə təqdim edilən
punktlardan birinin olmasına şübhə yoxdur. Bunun baş verməsi isə
ABŞ-ın Qarabağda Dnestryanı və Cənubi Osetiya presedenti ilə
üzləşməsinə, beləliklə, Cənubi Qafqazda güc itirməsinə gətirib
çıxara bilər.
Brüssel
Fransanın – Avropa Birliyinin prosesdə fəallığı ABŞ-la eyni
səfdə yer almasından irəli gəlsə də, çarpazlaşan maraqlar da
olmamış deyil.
a) Avropa Birliyi adına yer alan Fransa və Brüsselin baş diplomatı
bu variantda Vaşinqtonla eyni düşünür. Söhbət Avropa Birliyini rus
qazından xilas edəcək alternativə təhlükənin yaranmasından gedir.
Brüsselə də Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi üçün sabit
mühit lazımdır.
b) Amma burada Avropanın münaqişədə təşəbbüsü ələ almaq
istəkləri də görünür. Avropa Birliyinin aparıcı qüvvəsi Almaniya
ilə Fransa arasında Cənubi Qafqazdakı maraqlar baxımından müəyyən
çarpaz nöqtələr olsa da, güman ki, fransız diplomat Vyanada daha
çox Brüsselin maraqlarından çıxış etmək üçün gəlmişdi. Federiko
Moqerinin iştirakı isə AB-nin prosesdə daha çox paya sahib olmaq
istəyini aydın göstərir. Hesab etmək olar ki, Almaniyanın ATƏT-ə
sədrlik etdiyi bir vaxtda münaqişənin həll edilməsi, yaxud hansısa
ciddi irəliləyişlər perspektivdə Brüsselin regionda güclənməsi ilə
nəticələnə bilər.
Moskva
Ruslar münaqişədə ən aktiv oyunçu və söz sahibidir. Kremlin bu
prosesdən gözləntiləri və heç kimə qurban vermək istəmədiyi
strateji maraqları var.
a) Regionda qeyri-sabit vəziyyət Rusiyanın enerji strategiyasına
xal qazandırsa da, Ukrayna, Yaxın Şərq kimi müharibə cəbhələrində
döyüşən Moskva indiki məqamda cənub sərhədlərində müharibənin,
xüsusilə ondan xəbərsiz müharibənin olmasını həzm edə bilməz.
Bununla yanaşı, ruslar mümkün müharibədə Ermənistana dəstək vermək
məcburiyyətindədir. Bu, Azərbaycanla münasibətlərin pisləşməsi,
əksi isə İrəvanda güc itirməkdir. Belə bir məqamda ruslara
müharibədən qaçmaq və tərəflər üzərində təsir imkanlarını qoruyub
saxlamaq üçün davamlı münaqişə lazımlıdır.
b) Rusiya regionda güclü olduğu təqdirdə, nədən münaqişənin həlli
üçün Vyanada Qərblə “əməkdaşlığa” getdi? Bu, dünənki görüşün
düşündürücü suallarından biridir. Halbuki, Putin tərəfləri
yaxınlaşdıra, ya güzəştlər, ya da təzyiq yolu ilə münaqişə
üzərindən istədiyi ssenarini yaza bilərdi. İndiyə qədər biz Qərbin
istənilən “yaxınlaşdırma əməliyyatına” qarşı onun “təcili addım”
kimi təşkil etdiyi prezidentlərin görüşünün şahidi olmuşuq. Vyana
görüşü rusların nöqteyi-nəzərindən iki məna kəsb edirdi: 1.
Münaqişədə Qərbsiz hərəkət etmək beynəlxalq ictimaiyyəti özünə
qarşı qaldırmaq deməkdir. Ukrayna və Suriyadan sonra bu Moskvaya
ağır gələr. 2. Qarabağ münaqişəsi Qərblə gərgin münasibətdə olan
Rusiya üçün yeni “əməkdaşlıq pəncərəsi” ola bilər. Vyana görüşündə
qərbli siyasətçilərlə bir araya gələrək, ortaq məsələ üzərində
yaxınlaşma, həmçinin, post-sovet məkanında dondurulmuş
münaqişələrdən birinin birgə həlli Ukrayna və gürcü torpağında
etdiklərindən sonra ona qarşı aqressiyanın müəyyən qədər
yumşalmasına səbəb ola bilər.
c) Nəhayət, Qarabağda vəziyyətə kimin nəzarət etməsi amili.
Rusiyanı Vyanaya aparan səbəblər sırasında bu da var. Belə ki,
Moskva rus əsgərlərini sülhməramlı adı altında Qarabağa
yerləşdirmək və post-sovet məkanındakı digər presedentlərdən birini
yaratmaq istəyir. Bu, onun regiona uzunmüddətli nəzarətini də təmin
edə bilər. Lakin ABŞ “atəşkəsə nəzarət mexanizmi” adı altında
beynəlxalq müşahidəçiləri regiona yerləşdirməklə rusların “mavi
dəbilqəlilərini” əvəzləmək və nəzarəti ələ almaq niyyətindədir.
Üz-üzə duran iki beynəlxalq gücün hazırki mərhələdə Qarabağdakı
mübarizəsi bundan ibarətdir. Rusiya Vyanada iştirakla ABŞ-ın mümkün
planının həyata keçməsini qarşısını aldı.
***
Vyana görüşünün təşkilində qlobal güclərin hər şeydən öncə regionda
atəşkəsin möhkəmləndirilməsi məqsədinə xidmət etdiyi şübhəsiz idi.
Minsk qrupu həmsədrlərinin görüşdən öncə yaydıqları bəyanat,
həmçinin görüşdən sonra səsləndirilən fikirlər də bunu təsdiq
etdi.
Nəticə
1. Vyanada qapalı görüşün yaxın dövrdə münaqişənin həllini
gətirəcəyini demək çətindir. Yalnıza sabitlik əldə olunandan sonra
danışıqlar prosesi yenilənə bilər.
2. Burada Minsk qrupu həmsədrlərinin bəyanatında “Tərəflər
təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in
araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə,
həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa
gəliblər” deyə bildirməsi xüsusi diqqət çəkir. Söhbət
dolayısı ilə “atəşkəsə nəzarət mexanizmi”ndən gedir ki, bu
münaqişənin dondurulmuş vəziyyətdə qalması baxımından Ermənistana
sərf edir. Lakin Rusiya ABŞ-ın münaqişədə nəzarəti ələ alması
ehtimalı səbəbindən bu fikirlə əvvəldən razı olmayıb. Görüşün ən
ziddiyyətli məqamı da budur.
3. Rəsmi Bakı da bu mexanizmlə razılaşmaq niyyətində olmayıb.
Görünür, qapalı görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanı
qane edən məsələlər gündəmə gətirildiyi üçün Bakı buna razılıq
verib. Prezidentlərin gələn ay görüşməklə bağlı razılığa gəlməsi də
prosesin Azərbaycanın istəyinə uyğun getdiyini göstərir. Çünki
növbəti görüşdə müzakirə olunacaq məsələ təkcə nəzarət mexanizmi
olmayacaq və çox güman ki, danışıqlar prosesinin yenilənməsi ilə
bağlı ciddi gözləntilər var.
4. Ermənistanın nəzarət mexanizmi üzərində israr etməsinin
arxasında ehtimal olunan bir məsələ ola bilər. Belə ki, erməni
tərəfi nəzarət mexanizmi ilə sabitliyə nail olmaq, daha sonra
danışıqlar prosesini uzatmaq niyyətindədir. Lakin buna nə dərəcədə
nail olacağını demək çətindir. Çünki prosesdə münaqişənin həllinə
məsul olan bütün tərəflər yer alıb. Digər tərəfdən Rusiya faktoru
fonunda nəzarət mexanizminin necə yaradılacağı, ümumiyyətlə
yaradılacağına dair şübhələr var.
5. Görüşün Azərbaycan üçün müsbət tərəfi də aydın görünür. Güman
ki, erməni tərəfi bundan sonra danışıqlar prosesindən yayınmağa
çəkinəcək. Digər tərəfdən, Minsk qrupunun bəyanatında
“tərəflər 1994-95-ci il atəşkəs razılaşmasına əməl etməklə
bağlı razılığa gəliblər” deyə bildirməsi də rəsmi Bakının
mövqeyinə uyğundur. Çünki atəşkəs razılaşmasının beşinci bəndində
“işğal olunmuş ərazilər” sözləri açıq şəkildə bildirilib. Bunun özü
dünyanın Ermənistanı işğalçı kimi tanıma prosesinin yenilənməsi
deməkdir.
Asif Nərimanlı
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO