• USD 1,7001 0,00% EUR 2,1060 -0,23%
    • GBP 2,3763 -0,39% RUB 0,0301 0,00%

“Mark Toner hardan bilir ki, Natiq Cəfərli cinayət törətməyib?” - AÇIQLAMA

  • Nida.az
  • 17 Avqust 2016 18:44
  • 752 Baxış
“Mark Toner hardan bilir ki, Natiq Cəfərli cinayət törətməyib?” - AÇIQLAMA

"Kimsə hardasa oturub ağzına gələni, bizə məsləhət bildiyini öz ölkəsinə rəva görsə, daha yaxşı olar. Biz Mark Tonerin bu bəyanatını yersiz və mənasız bir addım kimi qəbul edirik. Heç nədən və kiminsə həbsi haqqında məlumatı olmayan, hər hansı hüquqi aktla tanış olmayan ABŞ Dövlət Departamenti rəsmisinin belə bir çağırış etməsi əsassız və yersizdir. Mark Toner haradan bilir ki, Natiq Cəfərli cinayət törətməyib? Mark Toner istintaqda iştirak etməyib. Proses hələ təzə başlayıb, məhkəmənin də hələ yekun hökmü yoxdur".

Publika.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

YAP funksioneri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin həbs olunmuş REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı Azərbaycana qarşı bəyanat verməsini qəti şəkildə pisləyib: "Azərbaycanda siyasi məhbus yoxdur, yalnız bu və ya digər şəkildə cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunublar. Onlar əsasən vergidən yayınmaq, xuliqanlıq və digər cinayət maddələri ilə məsuliyyətə cəlb ediliblər.

Onların bəziləri haqqında məhkəmə hökm çıxarıb, bəziləri haqqında isə məhkəmə qərarı hələ yoxdur, istintaq gedir. Ölkənin hüquq-mühafizə orqanları müvafiq əməliyyat istintaq tədbirləri həyata keçirir. ABŞ Dövlət Departamentinin, Mark Tonerin Azərbaycan hökumətinə, dövlətinə istintaq və hüquq-mühafizə orqanlarına göstəriş verməsi heç bir beynəlxalq hüquq normasında yoxdur".

Siyavuş Novruzov ABŞ-dakı bəzi dairələri hər zaman başqa dövlətlərə qarşı qərəzli mövqe nümayiş etdirməkdə ittiham edib: "Onsuz da Dövlət Departamenti üçün heç bir fərqi yoxdur. Yəni kimsə hansısa müxalif bir təşkilatın və ya partiyanın üzvüdürsə və konkret olaraq cinayət əməlinə görə həbs olunursa, ABŞ-dakı bəzi dairələr mütləq həmin şəxsi siyasi məhbus adlandırır. Ümumiyyətlə, dünyada siyasi məhbus anlayışı yoxdur. Siyasi məhbus o şəxsə deyilir ki, o hər hansı siyasi baxışlarına görə təqib olunsun, həbs edilsin. Bu gün Azərbaycanda xeyli sayda QHT, media və siyasi partiyalar mövcuddur. Onların bəziləri ən kəskin tənqid və hətta təhqirlər də səsləndirilər, başqa fikirlər də söyləyirlər. Bununla bağlı olaraq heç kim məsuliyyətə cəlb olunmur. Sadəcə olaraq müəyyən təşkilatlar və şəxslər müxtəlif təşkilatların əli ilə qrantlar alaraq bunun vergisindən yayınırlar, öz istədikləri kimi qanunu pozurlar. Əgər onlar hesab edirlərsə ki, arxalarında kimlərsə durub və heç kim onların qanunsuz əməllərinin qarşısını ala bilməz, həqiqətən də böyük yanlışlığa yol verirlər, yanılırlar. Çünki qanun hamı üçün eynidir. O şəxslər başa düşməlidirlər ki, hansısa partiyanın üzvü olmaqdan və siyasi mənsubiyyətindən asılı olmayaq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər".

YAP rəsmisi ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etmədiyi halda Azərbaycana qarşı bu cür bəyanat verməsini qeyri-qanuni adlandırıb:

"Ankarada 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edir. Amma Amerika Türkiyə hüquq-mühafizə orqanlarından Fətullah Gülənlə bağlı faktlar tələb edir. Türkiyə hüquq-mühafizə orqanları da Fətullah Gülənlə bağlı ABŞ-a yetərincə sənədlər və ciddi faktlar göndərib. Amma nədənsə Amerika bu sənədləri yetərli və əsaslı hesab etmir. Bəs necə olur ki, bu gün ABŞ-ın əlində Natiq Cəfərlinin törətdiyi cinayət əməli ilə bağlı bir kağız, sənəd olmadığı, bu işdən heç bir məlumatlı olmadığı halda Azərbaycana qarşı belə bir mənasız çağırış və bəyanat verir? Budur beynəlxalq hüquq? Budur demokratiya? Bu hansı məntiqə sığır? Əlbəttə ki, belə bir addım heç bir halda düzgün deyil. Ona görə də Mark Tonerin Azərbaycana qarşı səsləndirdiyi bu kimi çağırışlar mənasız və heç bir hüququ aspektə sığmayan bir addımdır. Onun bəyanatı havaya deyilmiş sözlərdir".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>