• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Arif Hacılı Müsavatın başqanı olacaq” - Müsahibə

  • Nida.az
  • 13 May 2014 15:22
  • 1 054 Baxış
“Arif Hacılı Müsavatın başqanı olacaq” - Müsahibə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Publika.Az-a müsahibəsi


- Hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Bu gün ölkədə ictimai-siyasi vəziyyət stabil şəkildə müşahidə edilir. 2013-cü ilin prezident seçkilərindən sonra demək olar ki, bir o qədər də fəallıq yoxdur. Rusiyanın layihəsində yer alan siyasi qüvvələr də növbəti dəfə məğlubiyyətlərini qəbul etmiş oldular. Artıq qarşılıqlı ittihamlar da dayandırılıb və daha çox qonşu Rusiya ilə Ukraynada baş verən hadisələr müşahidə edilməkdədir. Bütün baş verən bu hadisələr Qərbin və Avropa Birliyinin Ukraynaya ciddi dəstək verməməsi ilə bağlıdır. Qərbin Ukraynaya gətirdiyi inqilab faktiki ölkəni ən axır vəziyyətlə üzləşdirib. Ukrayna parçalanıb. Demək olar ki, hər gün mülki vətəndaşlar qətlə yetirilir. Azərbaycan ictimaiyyəti Ukraynada baş verən hadisələrdən nəticə çıxarmağa başlayıb. Yəni, Qərb “demokratik ənənələrinə, insan hüquq və azadlıqlarına deyil”, özünün iqtisadi maraqlarına xidmət edir.


- BAXCP bu il keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq istiqamətində hansı işləri görür?


- BAXCP bu il keçiriləcək bələdiyyə seçkilərinə bir neçə ay bundan əvvəl start verib. Partiyanın 56 rayon şöbəsində bununla bağlı işlər görür, BAXCP-nin təşkilat üzrə katibliyi müvafiq işlər həyata keçirir. Yaxın zamanlarda BAXCP-nin Ali Məclisinin iclası nəzərdə tutulub. Bu iclas həm ənənəvi iclas olmaqla yanaşı, həm də bələdiyyə seçkilərində iştirakımızın imkanlarını səfərbər etməkdir. Çalışacağıq ki, əksər dairələrdən BAXCP-nin namizədi seçkidə iştirak etsin. Ali Məclisin iclasında namizədlərimizin müəyyən edilməsi və digər vacib işlər həyata keçirilməsi ilə bağlı rayon şöbə rəhbərləri ilə müzakirələr aparılacaq. Bizim bir partiya olaraq bələdiyyə seçkilərində iştirak etmək təcrübəmiz var. Son bələdiyyə seçkilərində BAXCP üçüncü yeri tutub. Bu səfər çalışacağıq ki, bundan da böyük nailiyyət əldə edək. Bizim potensialımız buna imkan verir.

- Uzun müddət bələdiyyə təcrübəsi olan biri kimi yenidən seçki mübarizəsinə qoşulmağı düşünürsünüzmü?


- Bəli, mən həm də uzun müddətdir ki, bələdiyyə kimi fəaliyyət göstərirəm. 1999-cu ildə 21 yaşımda bələdiyyə seçilmişəm. Azərbaycanda indiyə qədər 3 dəfə bələdiyyə seçkiləri keçirilib və hər dəfə də namizəd olub qalib gəlmişəm. Hətta bələdiyyə sədrinin müavini vəzifəsinə qədər irəliləmişəm. Sədr müavini də seçki yolu ilə həyata keçirilir. Əgər bu dəfə də partiyanın sədri Qüdrət Həsənquliyev növbəti, dördüncü dəfə bələdiyyə seçkilərində iştirakımı məqsədə uyğun hesab etsə, yenə də namizəd olacam. Hazırda 37 yaşın içindəyəm və 15 illik bələdiyyə təcrübəm var. Digər bir məqamı da qeyd edim ki, 4 ildir “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədriyəm. Vətəndaş cəmiyyəti sektorunda da fəal iştirak edirəm. Hər il Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihələr həyata keçirirəm. Hazırda Şuranın dəstəklədiyi layihə ilə bağlı işlər həyata keçiririk.


- Bu arada Milli Şurada yaşanan növbəti qalmaqal və istefaları necə dəyərləndirərdiniz?


- Milli Şura qalıb ki? 2013-cü ildə Rusiyanın layihəsi olan və birbaşa Rüstəm İbrahimbəyov üçün yaradılan “Milli Şura” çoxdan dağılıb. Rusiya prezidenti Vladimir Putin Bakı səfərindən qayıdandan sonra bu qurum dağıldı. İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət, Əli Kərimli və digərlərini Rüstəm İbrahimbəyovla Eldar Namazov aldadıb bu quruma gətirmişdilər ki, Rusiya tezliklə Azərbaycanda inqilab edəcək və bu adamlar da vəzifə sahibi olacaqlar. Məhz buna inanıb bir araya gəlmişdilər. Sonradan gördülər ki, yox, sadəcə, bu adamlardan Azərbaycan iqtidarına qarşı təzyiq edilməsi üçün növbəti dəfə səmərəli istifadə etdilər. Ondan sonra hamısı istefa verib, qurumu tərk etdi. İndi yalnız adını özündə yaşadan “Milli Şura” “Əli Kərimli Şurasıdır”. Baxın, görün orda Əli Kərimli ilə Cəmil Həsənlidən başqa kim var? Sonuncu istefa verən isə Mirmahmud ağa oldu.


- Bir müddət əvvəl qurultay keçirmək üçün ciddi cəhdlər göstərən Müsavat Partiyası yenidən bu məsələni sanki arxa plana atıb. Bunu nə ilə əlaqələndirərdiniz?

- Düşünmürəm ki, Müsavat Partiyası qurultayını arxa plana keçirib. Artıq mətbuatdan da hiss olunur ki, Arif Hacılı qurultay keçirmək niyyətini gizlətmir. Məncə, tezliklə Müsavat qurultayını keçirəcək və Arif Hacılı başqan olacaq. Bu yaxınlarda mer də bunlara qurultay üçün yer ayıracağını deyib. Hamı da bilir ki, indiyə qədər qurultayın keçirilməməsi İsa Qəmbərə görədir. İnanmıram ki, Arif Hacılı yenə İsa Qəmbərə güzəşt etsin. Artıq İsa Qəmbərin limiti bitib. İstəsə belə başqanlıqda qala bilməyəcək. İsa Qəmbər Müsavat Partiyasının tarixinə məğlub başqan kimi düşəcək.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR