Əli Həsənovun müavini 60 QHT rəhbərinin Prezidentə müraciətindən DANIŞDI
Bizi izləyin

Nida.az

Əli Həsənovun müavini 60 QHT rəhbərinin Prezidentə müraciətindən DANIŞDI

O ki qaldı QHT-lər haqqında qanunda edilən əlavə və dəyişikliyin prezident tərəfindən təsdiqinə, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. Bunun təsdiq edilib-edilməməsi cənab Prezidentin səlahiyyətinə aiddir. Ancaq bununla bağlı rəy hazırlanır

Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov yanvarın 16-da Azərbaycandakı 60-a yaxın QHT-nin nümayəndələrinin dövlət başçısına ünvanlandığı müraciətlə bağlı məsələni şərh edib.

T.Süleymanov Publika.Az-a açıqlamasında bildirib ki, 2014-cü ildən bəri ictimai-siyasi şöbəyə heç bir müraciət və ya şikayət daxil olmayıb: “Hələlik bizə bu il heç bir şikayət daxil olmayıb. Ötən il də elə bir ciddi şikayət daxil olmayıb. O ki qaldı QHT-lər haqqında qanunda edilən əlavə və dəyişikliyin prezident tərəfindən təsdiqinə, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. Bunun təsdiq edilib-edilməməsi cənab Prezidentin səlahiyyətinə aiddir. Ancaq bununla bağlı rəy hazırlanır”.

PA rəsmisi söyləyib ki, daxil olan bütün müraciətlərə lazımı səviyyədə baxılır: “Elə məsələlər də olur ki, onlar Prezident Administrasiyasının səlahiyyətlərinə aid olmur, digər orqanların səlahiyyətlərinə aiddir. Həmin məsələlərlə bağlı daxil olan müraciətlər də aidiyyatı üzrə göndərilir. Azərbaycanda QHT-lərin qanunla fəaliyyəti tam sərbəstdir. Cənab Prezidentin sərəncamı ilə 2008-ci ildə Prezident yanında QHT-lərin İnkişafına Dövlət Dəstəyi Şurası yaradılıb. Bu şura hər il bir neçə dəfə qrant müsabiqəsi keçirilərək QHT-lərin təqdim etdiyi layihələri maliyyələşdirir.

Burada müxalif, iqtidar və müstəqil yönümlü QHT-lərə fərq qoyulmur. Əgər onların təqdim etdiyi layihə ictimai əhəmiyyətə və aktual məsələlərə aiddirsə, həmin layihələr Şura tərəfindən dəstəklənir. 2008-ci ildən indiyədək olan müddətdə dəfələrlə müsabiqələr keçirilib və 10 milyonlarla manat maliyyə vəsaiti ayrılıb. Eyni zamanda əlavə olaraq cənab Prezident gənclər təşkilatını maliyyələşdirmək üçün 2011-ci ildə Gənclər Fondu yaradıb. Bu Gənclər Fondu da son 2 ildə mütəmadi olaraq gənclər təşkilatlarının layihələrini qəbul edib və maliyyələşdirib.

Gənclər Fondu indiyədək qrant müsabiqələri çərçivəsində 630 layihəni maliyyələşdirib ki, buna da 5 milyon 500 min manat vəsait sərf olunub. Bundan əlavə, Gənclər və İdman, Təhsil, Vergilər və digər nazirliklər də gənclər təşkilatlarına maliyyə dəstəyi göstərirlər. Ümumiyyətlə, il ərzində 30 milyondan çox vəsait müxtəlif QHT-lərin fəaliyyətinə sərf olunur. Əgər Azərbaycanda dövlət tərəfindən QHT-lərin fəaliyyətinə yad münasibət olsaydı, o zaman nə Prezident yanında QHT-lərə Dəstək Şurası, nə də Gənclər Fondu yaradılmazdı, bu qədər dövlət vəsaitləri də onlara sərf olunmazdı”.

2014-cü ildə QHT-lər üçün ayrılması nəzərdə tutulan vəsaitlə bağlı da danışan T.Süleymanov deyib: “Ötən ilin sonunda QHT Şurası tərəfindən müsabiqə elan olunub. Artıq QHT Şurasına sözügedən müsabiqə ilə bağlı 400-dən çox layihə daxil olub. Hazırda həmin layihələrin öyrənilməsi prosesi aparılır. Yəqin ki, yaxın aylarda həmin layihələrin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Ötən ilin son günlərində Gənclər Fondu da 2014-cü il üçün müsabiqə elan edib. Artıq layihə təklifləri daxil olmağa başlayıb. Yəqin ki, martda həmin qrant müsabiqəsinə yekun vurulacaq. Bu müsabiqədə yüzlərlə QHT layihəsi dövlət vəsaiti hesabına maliyyələşəcək”.

Xatırladaq ki, yanvarın 16-da 60-a yaxın QHT-nin nümayəndəsi prezidentə müraciət edib. Müraciətdə deyilir: “Dövlət quruculuğunda vətəndaş cəmiyyətinin, eləcə də onun tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarının rolunu başa düşdüyünüzü və dəyərləndirdiyinizi bilirik. Ötən il noyabrın 24-də KİV rəhbərləri ilə görüşünüz zamanı müxalifətlə dialoqun zəruri olduğunu dediniz və ictimai qrupların maraqlarının ifadəçiləri kimi bunu alqışlayırıq. Həm də eyni zamanda üçüncü sektorun təmsilçiləri olaraq nəzərə çatdırırıq ki, biz 2012-ci ilin iyulunda təşəbbüsçüsü olduğunuz dialoqun davam etdirilməsinə ehtiyac duyuruq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm