Səməd Seyidov AŞ PA-dakı kələyə görə Maknamaradan şikayət yazdı
Bizi izləyin

Nida.az

Səməd Seyidov AŞ PA-dakı kələyə görə Maknamaradan şikayət yazdı

İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında irlandiyalı deputat Maykl Maknamaranın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edilməsi təşəbbüsü baş tutmasa da gözlənilmədən Azərbaycan üzrə məruzəçi Pedro Arqamunta bu məsələ üzrə məruzə hazırlamaq mandatı verilib.

Bununla da yanvar ayında AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin missiyasının iflasa uğramasına baxmayaraq assambleyada bu məsələni yenidən gündəmə gətirmək üçün çalışan qüvvələr qismən də olsa öz məqsədlərinə nail olublar.

Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun bildirdiyinə görə, Maknamara və onu dəstəkləyənlər fırıldaq yoluyla buna nail ola biliblər. Belə ki, AŞ PA-nın gündüz sessiyası saat 13:00-da başa çatmalı idi. Azərbaycan nümayəndə heyəti həmin vaxtda xarici işlər naziri Elmar Məmmədyarovun şərəfinə verilən qonaqlığa qatılmaq üçün zalı tərk edib.

Səsvermələrdə Azərbaycanı dəstəkləyən Türkiyə nümayəndə heyəti də zaldan çıxıb və Azərbaycanın lobbiçilərinin azaldığını görən Maknamara AŞ PA prezidenti Ann Brassörə yaxınlaşaraq məsələni səsverməyə çıxarmağı xahiş edib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Azərbaycanda insan haqları narahtlıqlarını qaldıran Maykl Maknamara ilə bağlı Büroya şikayət məktubu göndərdiyini bildirib.

İrlandiyalı deputat Maknamara bazar ertəsi keçirilən sessiyada Azərbaycanda iddia olunan insan haqları pozuntularına görə yeni məruzəçinin təyin edilməsi ilə bağlı hərəkətə çağırış sənədi təqdim etmişdi.

“Cənab Maknamaranın sənədi gizli təqdim etməsi, Avropa Şurası ilə Azərbaycan arasında münasibətləri gərginləşdirmək məqsədini daşıyır. Əminəm ki, Avropa Şurası öz obyektiv münasibətini bildirəcək” - deyə Seyidov BBC-yə deyib.

Virtualaz.org saytının xəbərinə görə, ötən sessiyada Maykl Maknamara Azərbaycanda insan haqları üzrə məruzəçinin təyin edilməsi təklifi ilə bağlı AŞ PA-ya sənəd ünvanlamışdı.

“Adətən insan haqları barədə sənədlər hüquqi məsələlər komitəsinə göndərilir. Amma nəyə görəsə Büro onu monitorinq komitəsinə yönəltdi və məruzəçi təyin etməmək qərarına gəldi. Mən bununla razılaşmadım və məsələni səsverməyə qoydum. Səsvermədə müvəffəq oldum və məruzəçinin seçilməsi məsələsi hüquqi məsələlər üzrə komitəyə yönəldildi” - deyə irlandiyalı deputat bildirib.

Səməd Seyidovun verdiyi məlumata görə isə Azərbaycan nümayəndə heyətinin şikayəti, təşəbbüsün prosedur qaydalarına riayət etməməsi ilə bağlı olub: “İclasda saat 13:04-də o deyib ki, yox, razı deyiləm - iclas isə 13:00-da qurtarır. Maknamaranı dəstəkləyən, rəhbərlikdə olan bəzi insanlar bunu səsverməyə veririlər. Bu, prosedur qaydaları ilə oyundur”.

Azərbaycan Avropa Şurasına mayın 14-dən sədrlik edir. Bu həftə Azərbaycanın sədrliyi altında ilk parlament sessiyası keçirilir.

Virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm