“Abbas Abbasovun “İstiqlal”ı əlindən alınsın” – Eldar Sabiroğludan ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Abbas Abbasovun “İstiqlal”ı əlindən alınsın” – Eldar Sabiroğludan ŞOK AÇIQLAMA

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, "AzerRos" Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun SSRİ-nin bərpa edilməsi barədə söylədiyi fikirlərə sərt etirazını bildirib.

E.Sabiroğlu Publika.az-a açıqlamasında deyib ki, Abbas Abbasovun bu fəaliyyəti tarixi qiymətini alacaq:

“İnsan təkcə bu gün üçün yaşamır, o, gələcəyini də düşünməlidir. Əslində, Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini olmuş bu şəxs təpədən dırnağa qədər Rusiyapərəst imperiya tərəfdarı olmuş adamdır. İndi də o, hər şeyi aşkar şəkildə ortaya qoyur. Desək ki, Abbas Abbasov düşünmədən bu cür çıxışları edir, bu, inandırıcı olmaz. Onu tanıyanlar çox gözəl bilir ki, Abbas Abbasov o dərəcədə də düşünməmiş addım atmaz. SSRİ kimi amansız imperiyanın mahiyyəti Abbas Abbasova yaxşı bəllidir. Mən bu barədə Abbas Abbasovla bağlı fikirlərimi izah edərkən ötən dəfə də demişdim. Yenə də həmin fikirlərimin üzərində dayanıram. Çox təəccüblüdür ki, milyonlarla insanın qanı üzərində qurulmuş SSRİ kimi imperiyanın Azərbaycana vurduğu bəlaları müstəqil dövlətin yüksək vəzifəli şəxsi olmuş Abbas Abbasov anlaya bilmir”.

E.Sabiroğlu həmçinin deyib ki, indi Abbas Abbasov sinəsində Azərbaycanın “İstiqlal” ordenini daşıyır:

“Çox istəyirəm və yaxşı olar ki, o, “İstiqlal” ordenindən imtina etsin. Əgər o, özündə bu cəsarəti tapmırsa, o zaman “İstiqlal” ordeni Abbas Abbasovun əlindən alınsın. Çünki onun bu ordeni daşımağa mənəvi haqqı qalmayıb. Keçmişin xiffətini çəkən belə bir şəxsin indi durub azərbaycanlıları Rusiyanın müdafiəsinə və SSRİ-nin yenidən bərpa edilməsinə səsləməsi, ümumiyyətlə, başa düşülən deyil. Axı onun doğulub boya-başa çatdığı Gəncə şəhərində yetişmiş neçə-neçə ziyalımız SSRİ imperiyasının qurbanı olub. Onları unutmaq olmaz. Ona görə də Abbas Abbasov kimi adamlara xalq öz qəti sözünü deməlidir. Mən təəssüf və təəccüb hissi keçirirəm ki, axı nə üçün bizim ziyalılarımız hələ də Abbas Abbasovun bu hərəkətlərinə susurlar. Hətta mən elə adamlar tanıyıram ki, bu gün də onunla dostluq edirlər, restoranlarda bir yerdə oturub kef çəkirlər. Azərbaycanda bəzi ziyalılar bu gün də Abbas Abbasovla dostluq edirlər. Lakin öz çıxışlarında və yazılarında Azərbaycanın müstəqilliyindən danışırlar. Bu heç cür bir araya sığa bilməz. Moskvada və Rusiyanın müxtəlif şəhərlərində Abbas Abbasovla birgə biznes və kef məclisləri quran adamları da tanıyıram. Sadəcə, onların adlarını hələ çəkmək istəmirəm. Onlar bu barədə yaxşı-yaxşı düşünsünlər. SSRİ kimi bir imperiyanın bərpası təşəbbüsü ilə çıxış etmək hesab edirəm ki, azərbaycanlı üçün ən anti-milli mövqedir. Həmin SSRİ imperiyası dövründə Leninizm və Stalinizmin xalqların başına gətirdiyi dəhşətləri bu gün də unutmaq olmur. Abbas Abbasov hansı mərkəzdən qidalar alırsa, bu, Azərbaycan xalqına yaxşı bəllidir. Öz şəxsi maraqlarını yerinə yetirmək və Rusiyada öz biznes fəaliyyətini genişləndirmək üçün xalqların müqəddəratını təhlükə altına alan bu adamın qol-qanad açmasına imkan vermək olmaz. Bizim ziyalılarımız Abbas Abbasovun bu hərəkətlərinə kəskin etiraz etməlidir. Bəlkə də, mənim bu çıxışım bəzilərinin xoşuna gəlməz. Ancaq fakt faktlığında qalır ki, hər bir Azərbaycan vətəndaşı Abbas Abbasovun imperiya siyasəti barədə irəli sürdüyü fikirlərə və Rusiyanın mərkəzindən aldığı təlimatlara öz kəskin etirazlarını bildirməlidir.

Mən tam məsuliyyətimlə deyirəm ki, əgər bu gün Abbas Abbasov “ya müstəqil Azərbaycan dövləti, ya da SSRİ-nin bərpası” seçimi qarşısında qalsa, o, imperiyanın bərpasının tərəfdarı olacaq. İndi bir şey dəqiqdir ki, Abbas Abbasov bütün bunları Kremlin təlimatları əsasında edir və SSRİ-nin bərpası üçün Rusiya rəhbərliyinin siyasətini və maraqlarını yerinə yetirir. Burada başqa möcüzə axtarmaq da lazım deyil”.

E.Sabiroğlu qeyd edib ki, indi Abbas Abbasov milli boykotun hədəfinə çevrilməlidir:

“SSRİ-nin bir daha bərpasına qətiyyən yol vermək olmaz. SSRİ kimi imperiyanın bərpası ilə bağlı çıxışlar edən şəxslərə isə kəskin cavab verilməlidir. Artıq SSRİ çoxdan süqut edib və onu diriltmək istəyən adamların arzuları heç zaman reallaşmayacaq. Bunu Abbas Abbasov da çox gözəl bilməlidir. Bağışlanmaz səhvə yol verən Abbas Abbasov müasir dövrümüzün Ruhulla Axundovu qismində çıxış edir. Elə çıxmasın ki, Abbas Abbasov Rusiya ilə dostluğa çalışır, biz isə düşmənçiliyi təbliğ edirik. Bu əsla belə deyil. Rusiya ilə münasibətlərin inkişafında hər birimiz maraqlıyıq və dövlətimizin bu istiqamətdə apardığı siyasəti tam dəstəkləyirik. Fərq ondan ibarətdir ki, “İstiqlal” ordenli Abbas Abbasov yeni mərkəzə doğru addımlar atmağa çağırışlar edir. Ancaq Azərbaycan xalqı isə öz mərkəzində qalmaq istəyir. Biz buxovdan birtəhər qurtulmuşuq. İndi yenidən özümüzü aparıb ora salaq? Abbas Abbasovun da təbliğatı buna xidmət edir”.

Xatırladaq ki, Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, "AzerRos" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bu həftə diqqətçəkən açıqlama ilə çıxış edib.

O, Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı Rusiya xalqlarını bu məclisin ətrafında birləşməyə çağırıb:

"Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək. Gəlin Rusiya Xalqları Məclisinin ətrafında birləşək və milli-mədəni muxtariyyətlərimiz üzrə hərəkət edək".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm