Nida.az
Prezident müsahibə verdi (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev Romanın
“Mercati di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio
Marino ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə
verib.
ANS PRESS-in məlumatına görə, iyulun 14-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romanın “Mercati
di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino
ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə
verib.
Prezident İlham Əliyevi Roma şəhərinin meri
İqnatsio Marino qarşıladı.
Dövlətimizin başçısına Romanın “Mercati di
Traiano” muzeyi barədə ətraflı məlumat verildi. Bildirildi ki,
nadir eksponatların qorunduğu bu muzey qədim Roma tarixinin
öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi
ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar bir çox
nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu
qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə
geniş imkanlar açıb. Ona görə də “Mercati di Traiano” muzeyinin
əhəmiyyəti heç vaxt azalmır, onun ümumbəşəri dəyəri getdikcə daha
da artır.
Daha sonra keçirilən görüşdə Roma şəhərinin meri
İqnatsio Marino Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi,
enerji sahələrində əlaqələrin genişləndiyini bildirdi, ölkəmizdə
gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırdı.
O, Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişafında
maraqlı olduqlarını bildirdi. Bunun ölkələrimizin və xalqlarımızın
bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını
dedi. Roma şəhərinin meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq
əlaqələrinə toxunaraq Fondun dünyada ümumbəşəri dəyəri olan bir çox
mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar
olduğunu bildirdi. İqnatsio Marino Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırladı, Heydər
Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə
toxundu. “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji
qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini
yüksək qiymətləndirən mer buna görə təşəkkürünü
çatdırdı.
Prezident İlham Əliyev bu memarlıq və mədəniyyət
mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu dedi,
arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən
fərəh hissi keçirdiyini bildirdi. “Düşünürəm ki, bu, bizim
ikitərəfli əlaqələrimizin vacib elementidir”, - deyən dövlətimizin
başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi
əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev
İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını,
ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə
malik olduğunu qeyd etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında
əlaqələrin çox yüksək səviyyəyə çatdığını deyərək İtaliyanın
Avropada və dünyada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu
bildirdi. Hazırda tərəfdaşlığımızın enerji sektorunda uğurla həyata
keçirildiyini, Avropanın enerji xəritəsini dəyişəcək TAP
layihəsinin Azərbaycan üçün də böyük önəm təşkil etdiyini deyən
dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, əməkdaşlıq
əlaqələri gələcəkdə infrastruktur, tikinti, yüksək texnologiyalar
və iqtisadiyyatın digər sahələrini də əhatə
edəcəkdir.
Görüşdən sonra Prezident İlham Əliyev muzeyin
fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Daha sonra dövlətimizin başçısı İlham Əliyev
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Roma
şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak
etdi.
Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi
ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin
ayrılmasını nəzərdə tutur.
Sonra İqnatsio Marino Roma şəhərinin rəmzi olan
xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim
etdi.
Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı
və Roma şəhərinin meri arxeoloji qazıntı işlərinin aparılacağı
ərazini, həmçinin Roma şəhərinin mənzərəsini seyr
etdilər.
Sonda Prezident İlham Əliyev İtaliya
jurnalistlərinə müsahibə verdi.
Prezident İlham ƏLİYEV dedi:
- Yenidən gözəl Roma şəhərində olmaqdan çox şadam.
Bu gün əlaqələrimizdə çox vacib bir gündür. İtaliya-Azərbaycan
əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir.
Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan
sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin
tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə
məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin
iştirakçısıdır.
Bu gün biz merlə müzakirələr apardıq və
əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün imzalanan Saziş o
deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi,
iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi
birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox,
həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında
mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar,
bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu
tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz
arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o
həyatın bir çox sahələrini əhatə edir.
Bu yerdən sizin şəhərinizə açılan füsunkar
mənzərəyə baxmaq çox gözəldir. Çünki mənim əvvəllər Romaya
dəfələrlə səfərlərim olub, lakin bu yerdən Romaya baxmamışdım. Ümid
edirəm ki, biz birlikdə tezliklə bu ərazilərdə əhəmiyyətli
tapıntılar aşkarlayacağıq.
Mer İqnatsio MARİNO dedi:
- Bizə göstərdiyi bu yardıma görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarıq. Bu yardım sayəsində biz
Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq. Söz
veririk ki, cənab Prezidentin İtaliyaya növbəti səfəri zamanı biz
gördüyümüz işlərin nəticələrini nümayiş
etdirəcəyik.
Onu da deyim ki, ölkələrimiz arasında
münasibətlərin inkişafından məmnunuq. Təbii ki, bu gün Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında
imzalanmış bu mühüm Saziş ölkələrimizin mədəniyyət sahəsində
əlaqələrinin inkişafından xəbər verir. Biz buna böyük əhəmiyyət
veririk. Əminəm ki, bu sənəd əməkdaşlığımızın gələcəkdə daha da
genişlənməsinə töhfəsini verəcəkdir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR