• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ kəşfiyyatçıları dövriyyəyə soxdu: Bakıya gələn “ikinci Bzejinski”

  • Nida.az
  • 23 İyul 2014 14:10
  • 1 486 Baxış
ABŞ kəşfiyyatçıları dövriyyəyə soxdu: Bakıya gələn “ikinci Bzejinski”

Ukraynadan sonra Putinin ittifaq yaratması II Dünya müharibəsindən sonra başlayan “soyuq müharibə”nin yeni mərhələsinə damğa vurdu. Qərbin birliyinə qarşı “Putin İttifaqı”. Nə qədər cılız görünsə də, Qərbdə Kreml dalanlarında planlaşdırılan “SSRİ qardaşlığını qaytarmaq” planlarından xəbərdar idilər və Kiyev küçələrində qurulan barrikadalara ilişib qalmış Moskvaya doğru “axın” Rusiyanın Ukraynada zəif düşürülməsi ilə yavaş-yavaş hərəkətə keçdi.


Bu axında əsas marşrut Ukrayna, Moldova, Gürcüstan və... Azərbaycan olmalı idi. Bu ölkələr SSRİ süqutundan sonra qazanılan müstəqillik tarixində eyni təcrübəyə malikdir. Ən başda Azərbaycan Qarabağ münaqişəsi, ardınca Moldova Dnestryanı, Gürcüstan Cənubi Osetiya və Abxaziya, nəhayət, Ukrayna Krım və hələ də davam edən separatizm problemi. Nədənsə Qərb Rusiyadan köklü zərbə almış ölkələri seçdi. Təbii ki, burda strateji önəm də əsasdır.

Ukrayna, Moldova və Gürcüstan hələ ki, ABŞ-ın planlarına uyğun hərəkət edir. Onlar Avropa Birliyi ilə məlum sazişi imzaladı. Azərbaycansa hələ də müstəqil siyasətində dirənməyə davam edir. Bu prosesin dərin detallarının olduğu bəllidir, lakin burda diqqətçəkən kiçik və xüsusi bir məqam var.
Publika.az-ın analitik qrupu tərəfindən bu xüsusi məqam araşdırılıb.


Söhbət ABŞ kəşfiyyatını CİA-nın leqal qurumu kimi tanınan “Stratfor” əməkdaşlarının bu ölkələrə səfərlərindən gedir.

Ukrayna, Moldova və Gürcüstan Assosiativ Sazişi imzalamamışdan öncə “Stratfor”un əməkdaşı Robert D. Kaplan Moldovaya səfər edib. Kaplan özü bu barədə yazır ki, o, səfər çərçivəsində bir sıra rəsmi və ictimai şəxslərlə görüşüb, regionda güclənən Rusiya təhdidini müzakirə edib. Daha sonra o, Rusiya təhlükəsinin Rumıniya və Moldova üçün nəticələrini, hər iki cəmiyyətin bu təhlükəyə qarşı reaksiyasını şərh edir.


Burada “Stratfor” rəhbəri Corc Firdmanın Azərbaycan və Gürcüstana səfəri yada düşür. Ötən ayın əvvəllərində Polşadan Bakıya qədər səfər marşrutuna çıxmışdı. O, səfər təəssüratları barədə yazırdı: “Səfər etdiyim ölkələrin çoxu mövqelərini yenidən qiymətləndirirlər. Ümumi olaraq narahatlıq hissi hökm sürür. Polşada icmalçılar daha çox bunu gizlətməyə çalışır. Türkiyə kimi böyük ölkədə isə daha açıq şəkildə dilə gətirilir və Ukrayna nümunə kimi göstərilir. Lakin Polşa və Azərbaycanda mən iki sual eşitdim: “Ruslar hərəkətə keçib?” və “Qorunmaq üçün biz nə edə bilərik?”


Bu səfərlər və ardınca baş verənlər ABŞ-ın leqal kəşfiyyatçılarının Rusiya ilə sərhədə göndərdiyini deməyə əsas verir. “Stratfor”un CİA-ya bağlı olduğu haqda deyilənlər də bu ehtimalı gücləndirir.
Əslində bu, beynəlxalq diplomatiyanın “yumşaq üz"lərindən biridir. Belə ki, rəsmi olmayan şəxslərin dövriyyəyə buraxılması daha az şübhə oyadır və onlar vasitəsilə mesajlar daha rahat və aydın çatdırılır. 1990-cı ilin əvvəllərində məşhur amerikalı politoloq Zbiqnev Bjezinskinin Bakı səfəri bu baxımdan çox şey deməkdir. Belə ki, 1994-cü ilin payızında Bakıda bağlanan “Əsrin müqaviləsi” heç də asanlıqla ərsəyə gəlməmişdi. Bakı üzərində şiddətli mübarizə aparan Qərb və Rusiya savaşında, belə demək mümkünsə, qazanan Qərb oldu. Bu prosesin pərdəarxası məqamları Bjezinskinin “İkinci şans” kitabında əksini tapır.

“Bill Klinton rus imperializminin dirilməsinə mane olan, ABŞ tərəfindən dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir. Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi məndən Klintonun şəxsi məktubunu Azərbaycan prezidenti Heydər Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi. Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən Azərbaycan prezidenti Heydər Əliyev ilə gecənin gec saatlarında görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə bağlı öhdəlik götürdüyümü xəbər verdim. Bu gün Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz enerji mənbələrini çeşidləndirmək cəhdlərinə mühüm töhfədir”, - deyə Bjezinski kitabında yazır.


Bu nümunə Corc Firdmanın Bakı gəliş səbəbinə müəyyən mənada işıq tutur. Hər halda “ikinci Bjezinski” adlanan bu analitik Vaşinqton üçün əhəmiyyətli fiqurdur. Görünür, Amerika 20 il sonra vaxtilə uğurlu alınmış eyni siyasi xətti davam etdirmək istəyir. Bu dəfə məqsəd tərəfin bəlli edilməsidir, təbii ki, bunun fonunda enerji amili da özünü göstərir.

Lakin bu dəfə nə qədər uğurlu alındığını demək çətindir. Bakı Qərb və Rusiya arasında tərəfsizliyini qorumaqda israrlıdır. Bu gediş Kiyev, Kişinyov və Tiflisdə nə qədər uğurlu alınsa da, bu ölkələrin itirdikləri fonunda Bakının daha ağıllı və ehtiyatlı davrandığı görünür.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR