Əbdürrəhman Vəzirovdan Leyla Yunusa: “Çox yaxşı bilirəm ki, oranın agentisən”
Bizi izləyin

Nida.az

Əbdürrəhman Vəzirovdan Leyla Yunusa: “Çox yaxşı bilirəm ki, oranın agentisən”

Azərbaycan SSR KP MK-nın 13-cü katibi (1988-1990) Əbdürrəhman Vəzirov Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusla görüşdə ona “mən çox yaxşı bilirəm ki, siz MKİ-yə (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) işləyirsiniz və oranın çoxdankı agentisən” söyləmişdi.

Bunu L.Yunusun özü deyib. Lakin o, həmin vaxt Sülh və Demokratiya İnstitutunun direktoru deyildi. 1988-ci ildən 1991-ci ilədək Moskvada çap edilən “Ekspress-Xronika” qəzetinin müxbiri olan hüquq müdafiəçisi pulsuz çalışdığını bildirir. Onun qəzetdə “pulsuz” çalışması isə müəyyən suallar doğurmaya bilməzdi. Bu gün isə həmin suallara cavablar, demək olar ki, tapılıb.

Xəbər verildiyi kimi, dünən Sülh və Demokratiya İnstitutunun direktoru barəsində həbs qətimkan tədbiri seçilib. L.Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub. Leyla Yunusun həyat yoldaşı Arif Yunusdan isə Bakını tərk etməmək barədə iltizam alınıb.

Bu gün isə Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb.

Bütün bunlar isə Yunusovların Azərbaycan dövlətinə xəyanəti barədə ilk rəsmi məlumatlardır. Sabiq deputat, YAP Siyasi Şurasının üzvü, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov hələ 20 il əvvəl Milli Məclisin tribunasından L.Yunusu erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda açıq ittiham etmişdi. YAP Siyasi Şurasının üzvü hətta MTN-ə deputat sorğusu da göndərmişdi.

“Leyla Yunusun şəxsi keyfiyyətləri barədə bir neçə söz deyim. Özündən az qala nəhəng demokrat obrazı yaradan Leyla Yunus AXC hakimiyyəti dövründə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri kimi xırda bir vəzifə almışdı. Onun əlində elə də böyük hakimiyyət, səlahiyyət olmasa da özbaşınalıq, dərəbəylik mühiti yaradırdı. O, silahlı şəxslərin müşayiəti ilə gəzirdi. Dəvəyə qanad versən, yıxmadığı dam-daş qalmaz. Təsəvvür edin ki, Leyla Yunusa daha böyük vəzifə verilsəydi, nə edərdi”,– sabiq deputat bir müddət əvvəl mətbuata müsahibəsində belə deyib.

Amma məsələnin başqa bir tərəfi var. “Azərbaycan” nəşriyyatının direktoru L.Yunusa verilən vəzifəni “xırda” hesab edir. Amma nəzərə alaq ki, müharibə aparan bir ölkənin Müdafiə Nazirliyindən daha önəmli strukturu ola bilməzdi. Belə vacib bir strukturda mətbuat xidmətinə rəhbərlik etmək onun özündən daha çox ermənilərin işinə yaraya bilərdi.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov da L.Yunusun ermənilərlə işbirliyindən 20 ildən də sonra danışdı. Deyəsən, o da gecikmişdi.

“Mən uzaq 1991-ci ildə Xalq Cəbhəsinin təmsilçilərinin Pribaltikada ermənilərlə görüşləri barədə yaxşı bilirdim. Bu barədə mənə təkcə kəşfiyyat yox, həm də bu görüşlərin iştirakçılarının özlərini məruzə edirdilər. Onlar hətta məndən xahiş edirdilər ki, danışıqların getdiyi bir vaxtda Qarabağdan erməni terrorçularının təmizlənməsinə yönələn “Üzük” əməliyyatını dayandırdım”,– Eks-prezident may ayında mətbuata verdiyi müsahibəsində deyirdi.


A.Mütəllibov təsdiq edib ki, bu görüşlərdə təkcə L.Yunus yox, AXC-nin nümayəndələri də iştirak edirdilər.

“Onların məqsədi bizim əməliyyatlara mane olmaq, sonra da bütün bunlarda şəxsən məni ittiham etmək idi. Yəni, onlar öz maraqları naminə məni pis qələmə verirdilər və birbaşa “dinc ermənilərin öldürülməsində” ittiham edirdilər. Həmin dövrlər AXC təmsilçiləri həm mənə, həm dövlətimizə qarşı təxribatçı fəaliyyətlə məşğul idilər. Məhz həmin uğurlu “Üzük” əməliyyatından sonra Dağlıq Qarabağan Bakıya beş nəfər gəldi və mənimlə görüş xahiş etdi. Mən onları qəbul etdim, onlar xahiş edirdilər ki, bu əməliyyatı dayandırım, əvəzində ermənilər mənim təkliflərimi qəbul edərlər. Qayıdanda onlardan Qriqoryan adlı birini Xankəndində öldürdülər”– deyə Mütəllibov danışıb.

Xatırladaq ki, Leyla Yunus da daxil olmaqla AXC təmsilçilərinin Pribaltikada mətbuat konfransı keçirərək, “Üzük” əməliyyatını pislədiyinə dair fakta jurnalist Eynulla Fətullayev öz araşdırmasında yer verib.

Azərbaycanın ilk prezidentinə qarşı ermənilərlə işbirliyində olan L.Yunusun ulduzu mərhum Əbülfəz Elçibəylə də heç vaxt barışmamışdı. Onun özü etiraf edir ki, Elçibəyin siyasəti ilə, demək olar ki, ilk əvvəldən razı qalmayıb. Ə.Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri seçiləndə də, prezidentliyə namizəd olanda da orada olmadığını bildirir. Görüşlərin birində isə Elçibəy L.Yunusa “Mən sizi qəbul etmirəm. Siz həmişə mənə qarşı çıxmısınız. Ancaq sizi Xalq Cəbhəsinin digər rəhbərləri qəbul etdiyinə görə hesablaşıram” söyləmişdi. Sual oluna bilər ki, Əbülfəz Elçibəy L.Yunusu niyə qəbul etmirdi? Tam olaraq cavab vermək çətindir. Amma inandırıcı deyil ki, mərhum prezident L.Yunusun ermənilərlə işbirliyindən xəbərsiz idi.

Hüquq müdafiəçisinin erməni sevgisindən danışarkən “İctimai müzakirələr” adlanan internet resursunu yada salmamaq mümkün deyil. İnternet resursu iki QHT-nin – Sülh və Demokratiya İnstitutu və Ermənistanın “Region” Araşdırmalar Mərkəzinin uzun illərlə davam edən əməkdaşlığının nəticəsi olaraq ortaya çıxmışdı.

Sayt ilk müsahibələrdən birini isə “İrs” partiyasının sədri Raffi Ovannisyandan almışdı. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etmiş, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyasından, mehriban qonşuluq münasibətlərindən danışmışdı. Belə bir müsahibənin isə L.Yunusun həmtəsisçisi olan bir saytda dərc olunması artıq təəccüblü görünmür.

L.Yunusun özü də hər zaman etiraf edib ki, onun təşkilatı, həmçinin, özü və əri illərdir ermənilərlə işbirliyindədir, müttəfiqdirlər. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olanlar Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq, beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. O, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində ermənilər və antiazərbaycan dairələri üçün kifayət qədər material ötürürdü. Məhz o zaman qərəzli qrupların dəstəyi ilə L.Yunusun rəhbərliyi altında yarışmanın reallaşmaması üçün fəaliyyət başlamışdı.

Azərbaycan əleyhinə yönələn bütün bu fəaliyyətə son qoymağın vaxtı deyildimi?

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm