Siyavuş Novruzov: “Sual oluna bilər ki, bütün bunlar hansı vəsaitlər hesabınadır”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Sual oluna bilər ki, bütün bunlar hansı vəsaitlər hesabınadır”

Xəbər verildiyi kimi, Müsavat Partiyası sentyabr ayının 28-də 8-ci qurultayını keçirməyi planlaşdırır.

Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qurultayla bağlı məsələlərə münasibət bildirib.

YAP-çı deputat hazırda müxalifət cəbhəsində çox böyük susqunluğun müşahidə olunduğunu deyib. S.Novruzovun sözlərinə görə, bunun da əsas səbəbi ondan ibarətdir ki, artıq müxalifətin sosial bazası olmadığı üçün daxili ziddiyyətlər və çəkişmələr özünü daha çox göstərir: “Nəzərə alaq ki, bu il ölkədə siyasi partiyalar üçün çox vacib əhəmiyyət daşımalı olan bələdiyyə seçkiləri keçiriləcək. Ancaq görünən odur ki, müxalifət partiyaları sosial bazalarını və elektoratını gizlətmək üçün müxtəlif bəhanələr gətirir, mətbuata ziddiyyətli bəyanatlar verirlər. Eyni zamanda müxalifət Bakı və ətraf bir neçə rayondan başqa heç bir yerdə namizəd irəli sürə bilməyəcəyini əvvəlcədən gözəl bilir. Ona görə də başqa bəhanələr gətirərək diqqəti yayındırmağa çalışır. Belə partiyalardan biri olan Müsavat Partiyası da zaman-zaman qurultay keçirmək üçün yerlə bağlı müəyyən bəhanələr gətirib. Bir vaxtlar şou düzəltdilər ki, guya toplantı Tiflisdə keçiriləcək və buna görə də bir dəstə adamı Gürcüstana göndərdilər. Ancaq bütün bunların heç bir faydası olmadı və onlar öz tərəfdarlarını yenə aldatdılar”.

S.Novruzov qeyd edib ki, AXCP-nin yubileyi keçiriləndən sonra artıq Müsavat Partiyası yerlə bağlı irəli sürdüyü bəhanələrə son qoyub: “Müsavatın adamları artıq bildilər ki, bundan sonra yer manipulyasiyası ilə bağlı səsləndirməyə iradları olmayacaq. İndi də Müsavat Partiyasının düşərgəsində yer alan bəzi adamlar deyirlər ki, qurultayı 2015-ci il parlament seçkilərindən sonraya qalsın. Onlar elə düşünür ki, qurultay indi keçirilsə Müsavat zəifləyəcək. Partiya varmı ki, zəifləsin? O partiya zəifliyə bilər ki, mövcud olsun. Olmayan bir şey haqqında fikir yürütmək doğru deyil. Müsavat Partiyası qəzet üzərində fəaliyyət göstərən bir təşkilatdır. Əgər Müsavatda doğru-dürüst seçki keçirilərsə, təbii ki, İsa Qəmbər seçilməyəcək. Bu baxımdan da indi İsa Qəmbərin tərəfdarları ilə Müsavatda yeni dəyişiklik və islahatların aparılmasını istəyən müstəqil namizədlər arasında çox ciddi şəkildə qarşıdurma gedir. Hətta, bu mübarizə bəzən söz və yumruq davasına da çevrilir”.

YAP-çı deputat bəyan edib ki, faktiki olaraq Müsavat Partiyası daxilində çox ciddi problemlər mövcuddur: “Çünki bu partiyada təmsil olunan bir qrup şəxs Müsavat Partiyasına gəlir mənbəyi kimi baxır. Digər qrup isə seçki prosesində iştirak etmək, islahatlar və digər bu kimi məsələlərlə məşğul olur. Ona görə də bu qruplar arasında çox ciddi qarşıdurma və mübarizə gedir. Hətta, artıq Müsavatda ciddi parçalanma gedir. Bir-birinə qarşı olan qruplar öz maraqları uğrunda açıq mübarizəyə başlayıb. Müsavat rəhbərliyində təmsil olunan şəxslərdən bəziləri xaricdən gizli şəkildə qrant vəsaitləri alır və özünə xərcləyir. Biz də bu məsələni dəfələrlə qaldırmışıq ki, bu adamlar 20 ildən çoxdur heç bir yerdə işləmirlər. Hətta, bu adamların hər biri seçkilər zamanı öz maliyyə hesabatlarını təqdim edərkən gəlir mənbələrində “sıfır” göstərirlər. Bu isə o deməkdir ki, bunların heç biri gəliri yoxdur. İndi hər bir vətəndaş bu adamlara sual verə bilər ki, əgər heç bir gəlirin yoxdursa, geyimin, avtomobilin, evin, gündən-günə yaxşılaşan sosial vəziyyətin hansı vəsaitlər hesabınadır? İndi müxalifətdə kökəlmə prosesi gedir. Bu gün onların maliyyə mənbələrinin hamısı da ortaya çıxır. Əminəm ki, hələ çox şeylər ortaya çıxacaq”.

Xatırladaq ki, Müsavat Partiyasının sonuncu qurultayı 2006-cı ildə keçirilib. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. İsa Qəmbər 1992-ci ildən Müsavat Partiyasının başqanıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm