“Qarabağ probleminin yaradılmasında Leyla Yunusun əli var” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Qarabağ probleminin yaradılmasında Leyla Yunusun əli var” - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayevanın Publika.az-a müsahibəsi:

- İsrail Knessetinin (parlament) yaxın vaxtlarda qondarma erməni soyqırımını tanıyacağı iddia olunur. Bu barədə Ermənistanla İsrail arasında gizli danışıqların getdiyi barədə məlumatlar yayılıb. Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq, bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan ilə İsrail arasında yaxşı münasibətlər mövcuddur. İki ölkə arasında çox sıx əməkdaşlıq var. Yəhudilərin soyqırımı Azərbaycanda da anılır. Yəhudilərə qarşı törədilən soyqırımlarla bağlı biz xeyli işlər görmüşük, xeyli sayda materialları toplayıb arxivləşdirmişik. Bütün bunlar Azərbaycanın İsrailə bir töhfəsidir. Bundan əlavə, Azərbaycan prezidentinin apardığı siyasət və İsrail tərəfi ilə qurulan dostluq münasibətləri gündən-günə inkişaf edir. Azərbaycanda tarixən yəhudi icması olub və bu gün də var. Azərbaycanın tarixən yəhudilərlə yaxşı münasibətləri olub. İsrailin rəhbər şəxsləri bir neçə dəfə Azərbaycanda rəsmi səfərlərdə olub. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələr inkişaf edir.

Bundan əlavə, son vaxtlar Türkiyə ilə İsrail arasında da münasibətlər normallaşır. İnanmıram ki, İsrail tərəfi Azərbaycan və Türkiyənin əleyhinə hər hansı bir addım atsın. Yayılan bu cür məlumatlar erməni təxribatından və yalanından başqa bir şey deyil. Ermənilər hər zaman nəyisə arzu edəndə, nəyəsə əlləri çatmayanda bu cür yalan informasiyalar yayırlar. Axı türklər ermənilərə qarşı necə soyqırım törədə bilərdilər? Vaxtilə Osmanlı imperiyası hakimiyyətində yüksək vəzifə tutanların yarısı ermənilər idi. Osmanlı imperiyası dövründə ən varlı təbəqələrdən biri də ermənilər idi. O halda belə çıxır ki, qondarma soyqırıma görə məhkəmə qurulacaqsa, günahkarların da əksəriyyəti ermənilər olacaq. Ona görə də mən İsrail Knessetinin qondarma erməni soyqırımına tanıyacağı barədə yayılan məlumatları cəfəngiyat hesab edirəm. İsrail heç vaxt bu cür səhvə yol verməz.

- Müxalifət Leyla Yunus və Arif Yunusun həbsi ilə razılaşmır. Sizin buna münasibətiniz necədir?

- Hesab edirəm ki, cinayətkar öz cəzasını almalıdır. Dövlətə xəyanət etmək isə ən böyük cinayətdir. Leyla Yunus 20 ildən çoxdur ki, Azərbaycanın əleyhinə açıq və sərbəst formada fəaliyyət göstərir. Hətta Dağlıq Qarabağ probleminin yaradılmasında belə Leyla Yunusun əli var. Leyla Yunus üçün ən böyük güzəşt odur ki, o, indiyədək azadlıqda olub. O, çoxdan həbs olunmalı idi. Leyla Yunusun fəaliyyəti hamıya yaxşı bəllidir. Bu adam hər zaman Azərbaycan xalqı və dövlətinin imicinə ləkə gətirib. Yadıma gəlir, ATƏT-in tədbirlərindən birində hansısa bir xarici nümayəndə ayağa qalxıb Leyla Yunusun şəxsi məsələsini gündəmə gətirmək istəyirdi. O, Leyla Yunusun şəxsi məsələsini bütövlükdə Azərbaycanda insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışırdı. Hər şeyə siyasi don geyindirmək olmaz. Hər bir insan hansı partiyanın üzvü olmasına baxmayaraq, törətdiyi cinayətə görə qanun qarşısında cavab verməlidir. Hər həbs olunan adamı siyasi məhbus adlandırmaq doğru deyil. Siyasi məhbus məsələsinin ümumi anlayışı olmalıdır. Hər təşkilat öz mövqeyinə uyğun bir siyahı tərtib edir. Bununla ümumi təhlil aparmaq və fikir yaratmaq olmaz. Leyla Yunus və Arif Yunus, eləcə də digər bu kimi insanlar hər zaman xaricdən maliyyələşib. Bütün Azərbaycan əhalisi bilir ki, bu adamlar xaricə işləyir. Mən təəccüblənirəm ki, onların günahkar olması nə üçün indi ortaya çıxır? Əslində, onların məsələsi 10 il əvvəl qaldırılmalı idi.

Leyla Yunus və digər bu kimi adamları müdafiə edənlər, demokratiyadan danışan dönüb ABŞ və Avropada baş verən hadisələrə də baxsınlar. Baxıb görsünlər ki, ABŞ və Avropada islamafobiya, dini-irqi ayrı-seçkilik baş verir, etirazlar edən insanlar mitinqlərdə döyülür və öldürülürlər. Azərbaycanda isə bunların heç biri mövcud deyil. Azərbaycanda etiraz aksiyalarının keçirilməsi üçün insanlara geniş yerlər ayrılıb, hər kəs gedib orada öz fikrini sərbəst şəkildə ifadə edə bilir. Bundan əlavə, Azərbaycanda internet və media azaddır, internet hər kəs üçün açıqdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm