NATO Bakıya hansı borcunu ödəməyib? - ARAŞDIRMA
Bizi izləyin

Nida.az

NATO Bakıya hansı borcunu ödəməyib? - ARAŞDIRMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərində prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı maraqlı bir məqama toxunuldu.

Ərdoğan çıxışında bildirdi ki, NATO Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirməlidir.

“NATO sammitində bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlərin yerinə yetirilməsinin vacibliyi vurğulanacaq. Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha ifadə edəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd etdi.


Terrorizm, sülhməramlı qüvvələr, tərəfdaşlıq...


Azərbaycan NATO ilə 90-cı illərin əvvəllərindən müxtəlif proqramlar üzrə əməkdaşlıq edir. Bura terrorizmlə mübarizə, Əfqanıstanda sülhməramlı kontingentin formalaşdırılması, Fərdi Tərəfdaşlıq Proqramı və digər istiqamətlər daxildir. Lakin bu istiqamətlərə nəzər yetirdikdə daha çox Azərbaycanın öhdəliyini yerinə yetirdiyi görünür. Belə ki, terrorizmlə mübarizədə Azərbaycan aktiv iştirak edir, həmçinin Əfqanıstanda sülhməramlı kontingentin yaradılmasında əsas iştirakçılardan oldu. Bununla yanaşı, Kosovaya sülhməramlı çıxartdı.

Bu gün Əfqanıstandan NATO qoşunlarının çıxarılması prosesində də ən unikal dəhliz rolunu oynayır.

NATO-nun Azərbaycan qarşısında yerinə yetirmədiyi öhdəliklər hansılardır?


“NATO, sadəcə, regionda öz oyununu oynayır”


NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında bildirib ki, 1999-cu il qəbul edilən Vaşinqton konsepsiyasında Alyansın üzv ölkələri ilə yanaşı, tərəfdaş və maraq zonasına daxil olan ölkələrin də təhlükəsizliyi öhdəliyi götürülmüşdü: “Burda Azərbaycanın da adı var idi. Bundan başqa, İstanbul sammitində də Rusiya qoşunlarının Gürcüstandan çıxarılması, o cümlədən Azərbaycan və Moldovanın da ərazi bütövlüyünü təmin edilməsi ilə bağlı qərar qəbul olundu. Lakin nə baş verdi? Sadəcə, kağız üzərində qalmaqla bitdi. NATO regionda öz oyununu oynayır. Düzdür, bu gün Azərbaycan Alyansla əməkdaşlığını öz maraqları çərçivəsində davam etdirir, lakin bu da həqiqətdir ki, NATO öz çıxarlarından çıxış edir”.


“Gürcüstandan fərqli olaraq, Azərbaycan NATO ilə məsafə saxlamağa çalışır”


NATO-nun Bakı İnstitutunun prezidenti Fərrux Məmmədov isə məsələyə başqa cür yanaşır.


Publika.az-a açıqlamasında F. Məmmədov qeyd edib ki, Gürcüstandan fərqli olaraq, Azərbaycan NATO ilə məsafə saxlamağa çalışır: “NATO ilə Azərbaycan 20 ildir ki, tərəfdaşdır. Təbii ki, NATO ilə imzalanan müxtəlif sənədlər var. Bunlardan ən başlıcası terrorizmlə mübarizə, Əfqanıstanda sülhməramlı kontingenti, Fərdi Tərəfdaşlıq proqramı və s. NATO üçün təkcə Azərbaycan deyil, ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi önəmlidir. Bu gün NATO ilə əməkdaşlıq edən Cənubi Qafqaz ölkələrindən təkcə Gürcüstandır. Azərbaycanın son siyasi proseslərdə aktiv iştirak etməməsi və prosesləri düzgün qiymətləndirməməsi, təbii olaraq, bəzi problemlər yaradır. Siyasətdə səmimilik nə qədər olarsa, tərəfdaşlıq da bir o qədər güclü olar. Unutmayaq ki, bütün münasibətlər hər zaman qarşılıqlı səmimiyyət üzərində qurulur. Hər hansı tərəf etibarsız olarsa, o zaman münasibətlər soyuqlaşır. Biz güman edirik ki, Azərbaycan bu tarixi prosesləri düzgün qiymətləndirəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm