Arif Hacılı istefa verdi, Qubad İbadoğlu da getməyə hazırlaşır
Bizi izləyin

Nida.az

Arif Hacılı istefa verdi, Qubad İbadoğlu da getməyə hazırlaşır

Müsavat başqanlığına iddialı olan Arif Hacılı partiyada tutduğu Mərkəzi İcra Aparatı vəzifəsindən istefa verib.

Publika.az xəbər verir ki, A. Hacılı istefa ərizəsini bu gün Qurultay üzrə hazırlıq Komitəsinə təqdim edib.

A. Hacılı bildirib ki, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi ilə yanaşı, Müsavat başqanının təşkilat məsələləri üzrə müavini postundan, Divan və Məclis üzvlüyündən də istefa verib: “Hesab edirəm ki, partiyada tutduğum vəzifələr Müsavat qurultayı nümayəndələrinin öz iradələrini sərbəst və azad formada ifadə etmələrinə heç bir maneçilik törədə bilməzdi. Amma bununla bağlı müxtəlif fikirlər səslənirdi, kimlərsə iddia edirdilər ki, partiyada vəzifə tutmağım qurultay nümayəndələrinin iradələrini sərbəst formada ifadə etmələrinə mane ola bilər. Mən də hesab etdim ki, bu məsələdə də nümunə göstərməliyəm. Ona görə də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında vəzifələrimdən istefa verdiyimə dair bəyanat səsləndirdim”.


Qeyd edək ki, namizədlərin istefa təklifini Səxavət Əlisoy irəli sürmüşdü. O, başqanın müşavirliyindən istefa verərək digərlərini də eyni addımı atmağa çağırmışdı.

Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram. İnanıram ki, başqanlığa iddialı digər vəzifə sahibləri də bu seçkinin ədalətli sayılması üçün anoloji addım atacaq”, -deyə o istefa səbəbini belə əsaslandırmışdı.


Publika.az istefa verməyə digər iki namizədin də fikrini öyrənib.

Q. İbadoğlu bu təkliflə razılaşdığını deyib. Bildirib ki, namizədliyini rəsmən irəli sürəndən sonra müşavir vəzifəsindən istefa verəcək: “Hesab edirəm ki, seçkinin ədalətli, bərabərhüquqlu keçməsi üçün bütün namizədlərin statusu bərabərləşməlidir”.


Tural Abbaslı isə onun tutduğu vəzifənin seçki kampaniyasına təsir etməyəcəyini düşünür. Onun fikrincə, əlində icra mexanizmləri olan şəxslər istefa barədə düşünməlidir.


“Başqanlıq təlimatlarında, partiya nizamnaməsində namizədin tutduğu postdan istefa tələbi yoxdur. Mən istefa verənə də, verməyənə də hörmət edirəm. Lakin hesab edirəm ki, bu addım namizədin tutduğu postdan asılı ola bilər. Mən Divan üzvü kimi heç bir təsir mexanizminə malik deyiləm. Çünki Divan kollegial qərarla idarə olunur. Divan üzvü olmağım başqanlıq yarışında hansısa namizəddən üstün olacağıma heç bir əsas yaratmır. Düşünürəm ki, bunu namizəd olmaq istəyən və əlində icra mexanizmləri olan şəxs düşünməlidir”, - deyə o bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm